Hacıbəyovların
musiqi dünyası
Dünya
şöhrətli dirijor, bəstəkar, ictimai xadim, beynəlxalq və
dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illik
yubileyi münasibətilə silsilə tədbirlər
davam edir. Noyabrın
7-də Niyazinin mənzil-muzeyində Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun
keçirdiyi “Hacıbəyovların musiqi dünyası” adlı tədbir də bu qəbildən idi.
Tədbiri Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açaraq unudulmaz sənətkarın mənalı ömür yolu, zəngin yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, Prezident İlham Əliyevin sərəncamı ilə qüdrətli sənətkar Niyazinin 100 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu nəzərə çatdırdı.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova Hacıbəyovlar nəslinin dünya musiqi sənəti tarixində dahi bəstəkar İohan Sebastian Baxın nəslindən sonra ikinci böyük musiqi şəcərəsi olduğunu vurğuladı: “Dahi Maestronun yubileyi bu il təntənə ilə qeyd edildi. Biz də çox böyük məmnuniyyətlə bu tədbirlərdə iştirak edirik. Avqust ayından start götürən tədbirlər çərçivəsində üç konsertdə iştirak etdim. Oktyabrda maestroya həsr edilmiş solo konsertim oldu. Bugünkü konserti isə həmkarım, Əməkdar artist, BMA-nın professoru Gülnaz İsmayılova ilə birlikdə hazırladıq”.
Sonra konsert proqramı tamaşaçılara təqdim
edildi. Hacıbəyovlar
nəslinə mənsub
bəstəkarlardan Niyazinin
“Skertso”, “Prelüd”, “Etüd”, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz”
əsərlərindən, Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” musiqili komediyasından Gülçöhrənin
ariyası, Müslüm
Maqomayevin “Nərgiz” operasından Nərgizin mahnısı, Fərhad Bədəlbəylinin “Şuşa”,
Soltan Hacıbəyovun
“Adajio”, İsmayıl
Hacıbəyovun “Menuet”,
Zülfüqar Hacıbəyovun
“Uvertüra” əsərləri
səsləndi.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının tələbələri
Arzu Hüseynova və Nəzrin Cəlilovanın, Əməkdar
incəsənət xadimi
Ülviyyə Hacıbəyovanın
fortepianoda müşayiəti
ilə Əməkdar
artist Gülnaz İsmayılovanın
ifası alqışlarla
qarşılandı. Tədbirdə
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının, Bakı
Musiqi Kollecinin müəllim və tələbələri, klassik
musiqi həvəskarları
klubunun üzvləri iştirak edirdilər.
L.Azəri
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 4.