“Sirr və açar” - iki abidənin sirrini açan kitab
Gənc
və istedadlı tədqiqatçı İlqar Əliyevin
“Sirr və açar” kitabı iki abidə barədə orijinal
tədqiqat əsəri kimi qiymətlidir. Kitab dünya
memarlıq şedevrlərindən olan Qız qalası ilə
Nizami Gəncəvinin “Leyli və Məcnun” poetik abidəsi
arasındakı bağlılığı
inandırıcı əlaqələr, dəlillər və
faktlarla sübut edir.
Yeddi il ərzində araya-ərsəyə gətirilən bu maraqlı kitabın mahiyyətini açmaq üçün müəlliflə görüşüb “Sirr və açar”ın sirrini açmağa çalışdıq.
Kitabın mahiyyəti
- Bu kitabda sirr Qız qalası, açar Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasıdır. Əsrlərdir ki, Qız qalasının sirri “Leyli və Məcnun”da gizlənir. Sual olunur, söz dünyasının sultanı Nizami Gəncəvi bir əfsanə əsasında əsər yazardımı? Hər bir əfsanənin, mifin, rəvayətin arxasında tarixi bir hadisə dayanır. Dünya ədəbiyyatında Şekspirin “Romeo və Cületta”sını bir qədər tarixə əsaslandığı üçün Nizaminin “Leyli və Məcnun”undan daha üstün sayanlar da var. Ancaq bu kitabın mahiyyəti ondan ibarətdir ki, “Leyli və Məcnun” əfsanə əsasında yazılmayıb. Nizami Gəncəvi həmin ərəb əfsanəsinin güzgüsündə Azərbaycanda baş vermiş hadisəni gizlədib.
Ədəbiyyatşünaslarımız da zaman-zaman bu əfsanənin arxasında sirr gizləndiyini qeyd ediblər. AMEA-nin müxbir üzvü, professor Teymur Kərimli kitab haqqında yazır: “İlk baxışdan belə görünə bilər ki, Qız qalası memarlıq abidəsi ilə “Leyli və Məcnun” poetik abidəsi arasında heç bir bağlılıq ola bilməz. Ancaq “Sirr və açar” kitabını oxuduqca bu əlaqənin varlığına şübhə yeri qalmır”.
Bu hadisə XII əsrdə baş verdiyindən dövrün reallığını nəzərə alan Nizami, əlbəttə ki, bunu birbaşa açıqlaya bilməzdi. Şirvanşah Axsitan da kitabın mahiyyətinin sirr olmasını istəmişdi. Nizami “Leyli və Məcnun” əsərinin sonunda belə yazır:
Nizami! Allaha şükür edək
biz,
Mükəmməl
qurtardı bu hekayəmiz.
Bağlılar açarı olsun
bu dastan,
Oxuyub ağ
günə çatsın hər insan.
Göründüyü
kimi, bu dastan gizli bir sirrin açarıdır. Bundan əlavə,
kitabın sonunda Nizami Axsitana müraciətində bildirir ki,
şair bu dastanı bir “gərdəyə” salaraq, onun həqiqi
mahiyyətini “pərdə arxasına” salmışdı ki,
sifarişçi Axsitandan başqa digərləri onun mahiyyətini
bilməsin. Çünki həm Qız
qalasını tikdirən, həm də “Leyli və Məcnun”u
sifariş verən Şirvanşah Axsitan olmuşdur.
O taxtda bir qoca baş söykəyərək,
Durmuşdu onların
qulluğunda tək.
Qoca, aşiqlərin başına hər
an
Şabaş
dağıdırdı asimanlardan.
Bu qoca həyatının
ahıl çağında tənha qalmış
Şirvanşah Axsitanın özüdür. Qocanın aşiqlərin başına
dağıtdığı “şabaş”, Qız
qalasının tikilməsinə, “Leyli və Məcnun” əsərinin
yazılmasına sərf etdiyi pullara işarədir.
Sirrin
sirri
Tarixdən məlumdur
ki, Şirvanşah Axsitanın Məhəmməd adlı
oğlunun tərbiyəçisi Azərbaycan şairi Xaqani
Şirvani olmuşdur. Eşq və məhəbbətə
böyük dəyər verən Xaqaninin təlimi Axsitanın
övladının tərbiyəsində həlledici rol
oynayır. Axsitanın oğlu - Məhəmməd
öz qohumu, dərs yoldaşı, Bakı valisinin qızı
Leyliyə aşiq olur. Ancaq qızı ona
vermirlər. Leyli uzun çəkən
ayrılığa dözməyib zəhər
qatılmış süd içərək özünə qəsd
edir. Nizami bu müsibəti belə ifadə edir:
Ana! Mən ahuya əlacın
varmı?
Südlə zəhər
içdim, dərman olarmı?
Bu xəbəri
eşidən Məhəmməd də başını
daşa çırparaq özünü öldürür.
Nizami dastanda yazır:
Boyadı qumları o göz
yaşına,
Çırpdı
öz başını çölün daşına.
Məhəmmədin
17 yaşında dünyasını dəyişdiyini Xaqani
Şirvani də öz məktubunda qeyd etmişdir. Məhəmmədi
Bakıda, Leylinin məzarında basdırırlar:
Daxmanın yanını
açıb, müxtəsər,
Leylinin yanında dəfn
eylədilər.
Tikdilər ordaca bir
daş məqbərə.
Haşiyə: İndi Qız
qalasının yerləşdiyi yer XII əsrdə qəbiristanlıq
olmuşdur. Leylini həmin qəbiristanlıqda
basdırırlar. Maraqlısı budur ki, həmin qəbir
bu gün Qız qalasının içində yox,
Şirvanşahlar sarayı ərazisindəki “Şah məscidi”nin girişində ayaqaltı pillə kimi durur.
Çünki adət və ənənələri pozmuş
sevgililərin qəbrinin səcdəgaha çevrilməsi o
dövrün “başbilənləri”ni
narahat etmiş, bu hadisənin gənclərin təlim-tərbiyəsinə
pis təsir edəcəyindən ehtiyat edərək belə
bir qərar vermişlər. Nizami yazırdı:
O müqəddəs qəbri öpərdi
yellər,
Onu ziyarətə gələrdi
ellər.
Şirvanşah
Axsitan oğlunun məhəbbətini, yenilməz iradəsini və
oğlunun bu məhəbbətinə sadiq qalan sevgilisinin xatirəsini
əbədiləşdirmək məqsədilə
uyuduqları qəbrin üzərində məqbərə
ucaltmağı qərara alır. Bu iki
aşiqin qəbrinə tikilən “daş məqbərə” -
Qız qalası kimi əbədiləşir.
Zaman dolaşdıqca hər iki qəbrə,
Tikdilər ordaca bir
daş məqbərə.
1314-cü ildə Arif Ərdəbili
yazırdı: “Bakı qəbiristanlığında bir məqbərə
vardı ki, onu görən valeh və heyran olur. Uzaqdan, dağın arxasından baş
qaldırmış parlaq bir günəş kimi
görünür. Divandezdən xara
daşları daşıyıb, təpənin başında o
binanı tikmişlər. Elə bir məqbərə
düzəltmişlər ki, hələ fələk mislini
görməmişdir”.
Memarlıq peyğəmbəri
Şirvanşah
Axsitan Qız qalasını ucaltmağı memar Davud oğlu Məsuda
həvalə edir. O dövrdə İslam dini
canlıların heykəlini ucaltmağı qadağan etdiyindən,
memar Məsud iki sevgilini - kişi və
onun qabırğasından yaranan qadının möcüzəvi
şəkildə memarlıq həllini verir, Şirvanşah
Axsitanın sifarişini “memarlıq peyğəmbəri” səviyyəsində
yerinə yetirir.
Qız
qalasının quruluşu ilə insan onurğasının
quruluşunun müqayisəli təhlilində bütün
detalların üst-üstə düşməsi artıq bir
faktdır.
Dahi memar Qurani-Kərimin
8. əl-Ənfal surəsinin 28-ci ayəsinə
uyğun olaraq, Qız qalasını 28 metr
hündürlüyündə, 8 mərtəbəli
ucaldır.
Qız qalası iki
hissədən, silindrik və ona bitişik əyri
çıxıntılı tikilidən ibarətdir. Qalanın bir hissəsinə “insan onurğası”
görkəmi verilməsi məqsədilə o, konusvari
silindrik formada ucaldılıb. Silindr üzərindəki
31 ədəd çıxıntılı zolaqlar insan
onurğasındakı fəqərələrin sayıdır.
Məqbərə iki sevgiliyə həsr
olunduğundan kişi beli və ona
bitişik sol əyri qabırğa şəklində (kişi
və qadın) ucaldılıb.
Azərbaycan Tibb Universitetinin
fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov yazır:
“Müəllif İlqar Əliyevin “Sirr və açar”
adlı kitabında təqdim etdiyi Qız qalasının
formasının, xarici və daxili quruluşunun memarlıq
göstəricilərinin insan onurğası və döş
qəfəsinin forma, quruluş və sayları ilə tamamilə
uyğunluq təşkil etdiyini təsdiqləyirəm”.
İslam
qanunlarına əsasən Qız qalasının üzü
qibləyə doğru tikilib.
Qız
qalasının birinci yarusu ilə ikinci yarusu arasında pillələr
quraşdırılmayıb. Onun cənub-qərb
tərəfindən təqribən 14 metr hündürlükdə,
qala üzərində yeganə yazı olan daş kitabə həkk
olunub. XII əsrə aid edilən kufi xətti ilə
yazılmış bu kitabə cəmi dörd sözdən
ibarətdir: “Qübbə. Məsud ibn Davud”. Üzərindən
yüz illər keçəndən sonra rus tarixçisi,
professor Xanikov və görkəmli Azərbaycan tarixçisi,
akademik Sara Aşurbəyli “qübbə” sözünün mənasını
birləşmə, qovuşma, göylərdə ruhların
qovuşması kimi açıblar.
Moskva Beynəlxalq Memarlıq
Akademiyasının akademiki, Dövlət mükafatı
laureatı, Əməkdar memar Əlibəy Novruzi “Sirr və
açar” kitabı barədə yazır: “Əfsuslar olsun ki,
bu vaxta qədər Qız qalasına qoşulan əfsanələrdən
başqa, bu qədər dəqiq tədqiqat işləri
aparılmamışdır. İlqar Əliyevin
bu istiqamətdə apardığı tədqiqatlar təqdirəlayiqdir.
Maraqlıdır ki, müəllif “Məhəbbət abidəsi”nin konstruktiv quruluşunun insanın onurğa
sütunu və qabırğa sümüklərinin
formasından götürüldüyünü bildirir. Burada həqiqətə uyğunluq var”.
Gizli
kod və açar
Bu dövrdə
olduğu kimi, o dövrdə də Qız qalasının
müəmmalı görünüşü, onun ucaldılma
səbəbləri hamı kimi Nizamini də
maraqlandırır. Nizami bu tikilinin mahiyyətində
Axsitanın bir sirr gizlətdiyini başa düşür.
O, Şirvanşaha müraciət edərək sirr
yaratmağın yalnız Allaha məxsus olduğunu bildirir. Qız qalasının nə qədər möhkəm,
nə qədər əzəmətli ucaldılmasına
baxmayaraq, əvvəl-axır ya zəlzələ, ya selin
dağıdacağını deyir. Axsitana
müraciət edərək oğlunun yüksək məhəbbətini
gizli saxlamayıb gələcək nəsillərə
çatdırmaq üçün dastan yaradılmasını
məsləhət bilir.
O dövrün şəriət
qanunlarını və türk dövrü ilə
ayaqlaşmayan ərəb adətlərini pozmuş oğluna
verdiyi yüksək qiymətə görə nəslinin
şan-şöhrətinə xələl gələcəyindən
ehtiyat edən geniş dünyagörüşlü
Şirvanşah dastanın mahiyyətinin vaxtından əvvəl
açılacağından ehtiyat edərək Nizamidən
xahiş edir ki, əsəri ərəb və fars inciləri
ilə bəzəyərək hadisənin türk diyarında
deyil, Ərəbistanda baş vermiş rəvayət kimi qələmə
alsın. Nizami bu sifarişin öhdəsindən
dahiliklə gəlir. “Leyli və Məcnun”
dastanını kodlaşdırır.
Və üstündən
əsrlər keçəndən sonra bu sirri açmaq
üçün Yaradan mədəniyyət sahəsində tədqiqatlar
aparıb uğurlu layihələrə imza atan azərbaycanlı
gənci - İlqar Əliyevi seçdi. İlqar
Əliyev iki möhtəşəm sənət abidəsi
arasındakı bağlılığı “Sirr və
açar” kitabında açdı. Bu kitab
Azərbaycan nizamişünaslığında, mədəniyyət
və ədəbiyyat tariximizdə orijinal araşdırma kimi
dəyərləndirildi.
Əlbəttə ki,
bir yazıda tarixi faktlarla, müqayisəli təhlillərlə,
məntiqi dəlillərlə zəngin olan kitabı əhatə
etmək mümkünsüzdür.
“Sirr və
açar”ın sirrini öyrənmək üçün bu
kitabı oxumağa dəyər.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 12.