Ölkəmizin turizm imkanları Londonda nümayiş olunub
“WTM
2012” sərgisində Azərbaycanın
stendi maraqla qarşılanıb
Xəbər verdiyimiz kimi, noyabrın 5-dən
8-dək Böyük Britaniyanın
paytaxtı Londonda keçirilən “WTM 2012” Beynəlxalq Turizm
Sərgisində ölkəmiz
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında
nümayəndə heyəti
ilə təmsil olunub.
Nümayəndə
heyətinə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla
Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 üzvü,
AzTV-nin 2 əməkdaşı,
habelə 10-dək yerli
turizm şirkətinin,
«Four Seasons Baku», «Jumeirah Bilgah
Beach» hotelləri və
Azərbaycan Qolf Federasiyasının təmsilçiləri
daxil idi.
Leyla Verdiyevanın qəzetimizə
verdiyi məlumata görə, 2002-ci ildən
başlayaraq Azərbaycan
artıq onuncu dəfədir ki, London sərgisində təmsil olunur. Sərgiyə gələn ziyarətçi
və iştirakçılara
ingilis dilində müxtəlif növ reklam-çap məhsulları,
eləcə də digər təbliğat materialları paylanıb:
“Sərgidə 180-dən çox
ölkə təmsil olunurdu. Ümumiyyətlə, «WTM» dünyanın ən böyük turizm sərgilərindən
biridir. Bu il 4 gün ərzində
sərgini 40 minə yaxın insan ziyarət edib».
Nazirlik rəsmisi onu da qeyd etdi
ki, Böyük Britaniya mətbuatı sərgi ilə bağlı məlumatlara geniş yer verib: “Bizim stendlə də yaxından maraqlanırdılar.
Bir neçə televiziya və qəzet nazir Əbülfəs Qarayevdən müsahibə
aldılar. Azərbaycanın turizm şirkətlərinin
nümayəndələri sərgi
günlərində fəallıq
göstərdilər. Onlar müxtəlif ölkələrin
şirkətləri ilə
əməkdaşlıqla bağlı
müzakirələr apardılar,
gələcək fəaliyyət
üçün müqavilə
sənədləri imzaladılar”.
Həmsöhbətimiz beynəlxalq sərgilərdə
iştirakın əhəmiyyətindən
də danışdı.
Onun sözlərinə görə,
belə tədbirlərdə
Azərbaycanın regionlarına,
tarixi abidələrinə,
istirahət mərkəzlərinə
marağın ildən-ilə
artdığı hiss olunur.
Qeyd edək ki, «WTM 2012» sərgisində respublikamızın
turizm imkanlarını
əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılıb,
lövhədə «Azərbaycan
Hava Yolları» aviaşirkəti üçün
xüsusi yer ayrılıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 8.