Hər
birimizin qəlbində öz
teatrımız var”
İvet Hardi: “Azərbaycan bizim üçün əməkdaşlıq
baxımdan vacib ölkədir”
Bu günlərdə keçirilən II Bakı Beynəlxalq
Teatr Konfransının qonaqları
arasında Uşaq və Gənclər
Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi də vardı. Xatırladaq ki, artıq ikinci ildir ki, bu
qurumun sıralarında ölkəmiz də
təmsil olunur. 2011-ci ildə Dövlət
Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv qəbul edilib.
Xanım İvet Hardi
ilə söhbətimizdə qurumun fəaliyyəti,
ölkəmizlə əlaqələrin perspektivlərindən
danışdıq. Həmsöhbətim öncə ASSİTEJ
haqqında qısa məlumat verdi:
- Bizim qurumun məqsədi bütün dünyada uşaq və gənclərə həsr edilmiş teatrları, təşkilatları və fərdləri birləşdirməkdir. Qurum eyni zamanda öz fəaliyyətini incəsənət, mədəniyyət siyasəti və təhsilin gücləndirilməsinə də həsr edib. ASSİTEJ beynəlxalq biliklərin və teatr praktikasının mübadiləsinə yardım edir. Bununla da gənc auditoriyanın cəlb olunduğu bütün şəxslər arasında yaradıcı əməkdaşlığı inkişaf etdirir və qarşılıqlı anlaşmanı dərinləşdirir.
- Sizcə, ASSİTEJ-ə üzvlük Azərbaycanın uşaq və gənclər teatrının inkişafında özünü necə göstərəcək?
- Biz ilk növbədə Azərbaycan teatrlarını öyrənməklə məşğuluq. Eyni zamanda Azərbaycanda uşaq teatrı ilə bağlı proqramlar tərtib edirik. Tamaşalar və başqa layihələr hazırlamaq niyyətindəyik. Məsələn, ASSİTEJ-in vitse-prezidenti İvitsa Simiç Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Buratino» tamaşasını hazırlayacaq. Tamaşanın premyerası gələn ilin mayında olacaq. Bunun özü əməkdaşlığa gözəl nümunədir.
Eyni zamanda, Azərbaycanı digər layihələrimizdə, proqramlarımızda da görmək istərdik. Məsələn, «Gənc aktyorların mübadiləsi» proqramında azərbaycanlı sənətçilər də başqa ölkələrdə çalışmaq imkanı qazanacaqlar. Bundan başqa, ASSİTEJ-in akademiyası da fəaliyyət göstərir. Akademiya dünyanın çox ölkələrindən ekspertləri bir araya gətirir. Əgər Azərbaycan ekspertləri istəsələr, burada təcrübələri bölüşə bilərlər.
- Qurumun proqramları sırasında «Gələcək nəsil» layihəsi də var. Onun əsas məqsədi nədir?
- Gələcək nəsil proqramı ASSİTEJ-in pioner təşəbbüsüdür desəm, yanılmaram. Proqramın tərtibatında məqsəd xüsusilə «yeni sifətlər»in quruma cəlb olunması, gənc incəsənət nümayəndələrinin təcrübə mübadiləsidir. Bu proqramla ASSİTEJ gənc sənətçilərə beynəlxalq mübadilənin və əməkdaşlığın imkanlarından faydalanmağa şərait yaradır. Əlbəttə, Azərbaycan da bu proqramda iştirak edə bilər. Düşünürəm ki, əlaqələr hər iki tərəfdə pozitiv formada inkişaf etdirilir və bizim çoxlu sayda planlarımız var.
- Azərbaycan teatrı haqqında hansı məlumatınız var?
- Bu mənim Bakıya üçüncü səfərimdir. Bu əsnada bir neçə yerli teatrla tanış olmaq imkanı əldə etmişəm. Azərbaycan bizim üçün vacib ölkədir. Çünki bu ölkənin teatrları çox qədim ənənəyə malikdir. Digər tərəfdən Azərbaycan coğrafi baxımdan da Şərqlə Qərbin kəsişməsində yerləşdiyinə görə müxtəlif mədəniyyətlər də burada qaynayıb-qarışıb. Əlbəttə, bunun özü də ölkə mədəniyyətinə, xüsusilə teatrlara öz təsirini göstərib. Bir sözlə, Azərbaycan regionun mərkəzində yerləşdiyindən teatrlarda müasir Qərb elementlərini də görmək olur. Bütün bu qeyd etdiklərimdən başqa, sizin teatrların özünəməxsus xüsusiyyətləri də var. Zənnimcə, teatrın müasirləşdirilməsi ölkənizin qarşısında dayanan vacib məsələlərdən biridir.
- Xanım Hardi, ümumilikdə XXI əsr teatrını necə görürsünüz?
- Bu suala müxtəlif cür cavab
vermək olar. Bir vacib məqamı da demək istərdim ki,
teatr bütün yaş çərçivəsini əhatə
edən insanlar üçün məktəbdir. Onun bugünkü
roluna gəlincə, hər zamankı kimi, bu gün də səhnədə
baş verənlər vacibdir. Əgər aktyor oyunu gözəldirsə,
hər yaş dövründə olan insanlar üçün
maraqlı və cəlbedicidir. Bizim hər birimizin qəlbimizdə
öz teatrımız var. Onu qəbul etmək üslubundan
asılı olaraq, öz teatrımızı
yaşadırıq. Ona görə də tamaşanı
müşahidə edərək həmin tamaşaya öz
hissiyyatlarımızı çatdırmalıyıq.
Mehparə
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 7.