Kukla teatrında bir tamaşa

 

   Kukla teatrı kənardan nə qədər sadə görünsə də, onun mürəkkəbliyi, çətinliyi yalnız kuklalarla işləmək, onları canlandırmaq kimi sənətkarlıqda deyil. Bu, üzərinə ən məsuliyyətli yük götürmüş bir mədəniyyət ocağıdır.

  

   Biz uşaqlara dünyanı necə təqdim edirik? Axı çox şey bu ilklərdən asılıdır? Uşaqlara dünyanı təqdim etmək birinci məsələdir. Onu tərbiyələndirmək, zövqünü inkişaf etdirmək, təxəyyülünü oyatmaq, sosiallaşdırmaq, əyləndirmək... Bunlar vacib məqamlardır. Belə çətin və məsuliyyətli işin peşəkarları ilə tanış olmaq üçün üz tutduq A.Şaiq adına Dövlət Kukla Teatrına. Seans 14.00. «Ələddin» tamaşası. Quruluşçu rejissor Elşad Rəhimzadə, quruluşçu rəssam Lətifə Quluzadə, bəstəkar Cahangir Zülfüqarov.

  

   Sehr

  

   Dünyanın sehrini duyurmaq, uşaqlara dünyanın yaxşı olduğunu, yaxşılığın qalib gəldiyini göstərib inandırmaq bu tamaşanın ali məqsədidir. Ələddin kasıb, azadlığa, sevgiyə dəyər verən sadə bir oğlandır. Qara cadugərin qara əməllərisə onun yalnız yanından keçir. Aktyor Elnur Abbasquliyevin Qara cadugəri dünyanın pis üzüdür, məkri, bədəməlliyi, hiyləsi və məğlubiyyəti ilə hər şeyi tamamlayır. Aktyorun oynadığı obraz səsindən hərəkətlərindən tutmuş görüntüsünədək dolğundur, tamamdır. Səsli, hərəkətli, mükəmməl rəsm kimidir.

   Cin (Aslan Fətullayev) mülayim, sevimlidir. Qorxu yaratmır. Balaca tamaşaçılar ona xüsusi rəğbətlə, maraqla yanaşırlar. Ələddinə gəlincə isə, uşaqların reaksiyalarından məlum olur ki, onu yalnız tamaşa müəllifləri yox, balaca uşaqlar da özlərinə qəhrəman seçiblər.

   Mərkəzə qoyulmuş küp yalnız içindən cin çıxmaq üçün yox, həm uşaqları sehrləmək üçündür. İnsafən, uşaqlar maraqla baxırlar. Foyedəki iri kuklalardan onsuz da təsirləniblər, küpəmi şübhə edəcəklər?

   Ələddin cini azadlığa buraxır, cin ona kömək edir. Azadlıq sevgi qalib gəlir. Uşaqlar əl çalır. Səhnəarxası əhval-ruhiyyəni qaçırmamaq üçün təzimə çıxan aktyorların ardınca gedirik.

  

   Pərdə arxası

  

   Qara cadugəri oynayan Elnur Abbasquliyev tamaşadan razıdır:

   - Həmişəki kimi oynamışıq. Zala necə enerji ilə çıxırsansa, o enerjini geri alırsan. Yəni tamaşa bizdən çox asılıdır. Mən mənfi qəhrəmanı oynayıram. Uşaqlar mənə nifrət edirlər. Mən səhnəyə çıxanda ucadan deyirlər: «Bu yenə gəldi». Bu o deməkdir ki, rolu düzgün oynayıram.

   Cin rolunun ifaçısı Aslan Fətullayev:

   - Mənim cinim xeyirxahdır. Qoy bir dəfə cin yaxşı cin olsun. Balaca tamaşaçılar məni obrazla xatırlayırlar, küçədə, yolda görəndə məni obrazımın adı ilə çağırırlar.

   - İndi kompyuter zəmanəsidir. Virtual oyunlar, əyləncə imkanları, informasiya bolluğu... İndiki uşaqların qarşısına hansı güclə çıxırsınız?

   Elnur Abbasquliyev:

   - Nağıl həmişə aktualdır. Bu, uşaqlığın sehridir. Neçənci əsr olursa-olsun, nağılı uşaqlar sevəcək...

   Aslan Fətullayev:

   - İstər «Ələddin» olsun, istər «Zınqırovlu pişik», tamaşa uşaqları təsirləndirə bilir. qədər virtual imkanlar olsa da, uşaqlar tamaşanı sevirlər. Canlı ünsiyyətin yerini heç vermir. Bu ünsiyyət tamam başqadır.

  

   Uşağı aldatmaq olmur

  

   Teatrın qayğıları, görülən görüləcək işlər barədə direktor Rəşad Əhmədzadə ilə söhbət edirik:

   - Bu il Mirzə Fətəli Axundzadənin yubileyi çərçivəsində «Müsyö Jordan dərviş Məstəli şah»ı, Karlo Kollodinin «Pinnokionun sərgüzəştləri», Ekzüperinin «Balaca şahzadə» tamaşaları Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb tamaşaçılara təqdim olunub. «Pinnokionun sərgüzəştləri»nin quruluşçu rejissoru, rəssamı bəstəkarı Gürcüstandan, «Müsyö Jordan dərviş Məstəli şah»ın rejissoru, rəssamı bəstəkarı Sankt-Peterburqdan dəvət olunmuşdu. «Balaca şahzadə»yə isə Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdan quruluş verib. Bundan əlavə, teatr öz hesabınaSindbadın xoşbəxtlik adasına səyahəti» tamaşasını hazırlayıb. Artıq dörd tamaşanı təhvil vermişik. İlin sonunadək daha dörd tamaşa təhvil vermək fikrimiz var. Bunlardan biri Şarl Perronun «Sehrbaz qadın» əsəridir, tamaşaya Anar Məmmədov quruluş verir. Daha sonra Rəhman Əlizadənin «Dəli Domrul» tamaşasıdır ki, böyüklər üçün hazırlanan bu tamaşaya elə müəllif özü quruluş verir. Bir tamaşa isə Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq. Bu «Karlson» tamaşası olacaq, quruluşçu rəssamı bəstəkarı başqa ölkədən dəvət olunacaq. Həmçinin dekabrın sonunadək «Cırtdanın qış nağılı» adlı tamaşanı təhvil verməyi düşünürük. Bunu balaca tamaşaçıların qış tətili günlərinədək hazırlamalıyıq.

   - Tamaşalarda yaş qrupları nəzərə alınırmı?

   - Əlbəttə, nəzərə alınır. Amma uşaqdan uşağa fərq var. Eləsi var daha qəliz tamaşaya daha erkən yaşlarda baxıb anlaya bilir, elələri var ki, əksinə. Ümumiyyətlə, tamaşalarımız 3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub. Amma təsnifat var - azyaşlılar üçün, bir qədər böyük uşaqlar üçün, ibtidai sinif şagirdləri üçün daha yuxarı yaş qrupunda olan tamaşaçılar üçün.

   - Tətil günləri üçün məxsusi tamaşalar seçilirmi?

   - Repertuarımızda 24 tamaşa var. Çalışırıq ki, klassikaya çevrilmiş tamaşaları daha çox göstərək. Tamaşaçı sarıdan da şikayətimiz yoxdur.

   - Kukla teatrı çoxcəhətlidir. Tərbiyəvilik, maarifləndirmə, estetik zövq aşılama s. Uşaqların tamaşaları necə qavraması sizin üçün maraqlı olmalıdır. Psixoloji treninqlər, monitorinqlər kimi layihələr həyata keçirirsinizmi?

   - Biz həmişə çalışırıq ki, belə layihələrdə iştirak edək. Bundan əlavə, uşaq evləri ilə sıx əlaqəmiz var. Uşaq evlərinin sakinlərini hər həftə tamaşalarımıza dəvət edirik. O ki qaldı uşaqların qavramasına, nəinki kukla teatrının, ümumiyyətlə, teatrın mühüm tərbiyəvi rolu var. Bizim teatrın vəzifəsi isə ikiqat çətindir. O, böyüklərin , uşaqların da xoşuna gəlməlidir. Çünki böyüklərin xoşuna gəlməyəndə uşaqları da tamaşaya gətirmirlər əksinə. Uşağı aldatmaq olmur.

  

 

   Aliyə

 

   Mədəniyyət.- 2012.- 14 noyabr.- S. 7.