Azərbaycan və Rusiya fotoqraflarının birgə sərgisi

 

   “İpək yolu dostluğu” və “Uzun sürən müharibənin əks-sədası”

  

   Noyabrın 13-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “İpək yolu dostluğu” və “Uzun sürən müharibənin əks-sədası” adlı fotosərgilərin açılışı keçirildi.

  

   Tədbir "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Çelyabinsk vilayəti hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında" sazişlə təsdiq olunmuş 2012-2017-ci illər üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib. Sərgidə Çelyabinskdən olan fotoqraf-rəssam Vladimir Boqdanovskinin Azərbaycana səfəri zamanı lentə aldığı fotolar ("İpək yolu dostluğu") və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin Qarabağa həsr olunmuş foto əsərləri ("Uzun sürən müharibənin əks-sədası") yer alıb.

   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan və Rusiya arasında dostluq münasibətlərini, mədəni əməkdaşlığı yüksək qiymətləndirdi. Nazir müavininin sözlərinə görə, fotoqraflar arasında təcrübə mübadiləsi də bu əməkdaşlığa xidmət edir. Rusiyalı fotoqrafın fotolarında Azərbaycanın mədəniyyəti, adət-ənənələri, müasir həyatı əksini tapıb. Azərbaycanlı fotoqrafların Qarabağa həsr olunmuş fotoları isə tariximizə bir daha nəzər salır.

   Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk vilayəti regional bölməsinin və “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafael Quliyev sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi: “Xalqımızın mədəniyyət və mənəviyyatını qorumaq hər zaman borcumuzdur və xüsusən incəsənət vasitəsilə bunu həyata keçirməliyik”.

   Rusiya Fotoqraflar Birliyinin üzvü, rəssam-fotoqraf Vladimir Boqdanovski sərgidə nümayiş olunan fotolarda Azərbaycanın gündəlik həyatını, təbiətini əks etdirməyə çalışdığını dedi. Müharibə fotolarında isə insan taleyi önə çəkilib. O, iki ölkə fotoqraflarının daim mübadilə aparması arzusunu dilə gətirdi.

   Çıxışlardan sonra sərgiyə baxış keçirildi.

   Qeyd edək ki, Azərbaycan fotoqraflarının “Uzun sürən müharibənin əks-sədası” sərgisi Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrinə, Dağlıq Qarabağ müharibəsinin fəsadlarına həsr olunub. Qaçqın və məcburi köçkünlər, viran qalmış şəhər və kəndlər, məhv edilmiş talelər... Bütün bunlar haqqında azərbaycanlı fotoqraflar öz reportajlarında danışırlar. Ekspozisiyada 9 azərbaycanlı fotoqrafın ağ-qara fonda fotoları sərgilənir.

   “İpək yolu dostluğu. Yeddi gün Azərbaycanda” fotosərgisi Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyinin direktoru Vladimir Boqdanovskinin ölkəmizə yaradıcılıq ezamiyyətinin yekunu kimi təqdim olunur. Ekspozisiyada müxtəlif janrlarda fotoşəkillər yer alıb. Burada Qafqazın mənzərələrini, yerli sakinlərin portretlərini, qədim və müasir arxitekturanı, müxtəlif regionların nadir təbiətini görmək mümkündür.

   Sərgi noyabrın 16-dək davam edəcək.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 14 noyabr.- S. 2.