Bəstini
ölüncə izləyən fələk, Öldür
qurtar, ayağına gəlmişəm.
Haqq aşığı
Zərif şeirləri,
incə duyğuları ilə Azərbaycan aşıq ədəbiyyatına
naxış salan, gənc yaşlarında igid bir çobana
aşiq olsa da, butasına əli yetməyən Aşıq Bəstinin
şeirləri bu gün də dağ çiçəkləri
kimi təravətini və ətrini qoruyub saxlamaqdadır.
Bəstinin ah-naləsindən
Oyan dağlar, oyan
dağlar.
Qan damır dağ laləsindən,
Sən də qana
boyan, dağlar.
Tarixdə
Aşıq Bəsti kimi əbədiləşən Bəsti
Bayramalı qızı XIX əsrin 30-cu illərində Kəlbəcər
rayonunun Löh kəndində yoxsul bir ailədə anadan olub.
Yeniyetməlik çağlarından fitri
istedadı, gözəl təbi və ağlı ilə
dövrünün işıqlı simalarından birinə
çevrilir. Aşıq Ələsgər
və Ağdabanlı Qurban kimi ustadların məclisində
iştirak edir, onlardan el ədəbiyyatını dərindən
öyrənir, bədahətən şeirlər deyir.
Alagözlü, gülərüzlü, azad sözlü Bəstinin
sorağı hər yana yayılır.
Bəsti 17-18
yaşlarında bir çobana aşiq olur. Lakin bu sevgi fəlakətlə nəticələnir.
Zəmanəsinin ağızlı, hazırcavab gənclərindən
olan çobanı zalım bir bəy Bəstinin gözləri
qarşısında vəhşicəsinə doğrayaraq qətlə
yetirir:
Müxənnətə can deyənin
Dili
düşsün, dili düşsün.
Vədəsiz göy zəmisinə,
Dolu
düşsün, dolu düşsün.
Düşmənlə kim peyman bağlar?
Sinəmdən
getməyib dağlar,
Bu Bəstini qoyub ağlar
Zalım bəyin qolu
düşsün.
Bu hadisə Bəstinin
sinəsinə sağalmaz yara vuraraq həyatını və
dünyaya baxışını tamamilə dəyişir.
Bəsti el-el, oba-oba gəzərək dərdini sazla, sözlə
deyir:
Yarın qanlı köynəyi tək,
Qızarır yol
üstə lalə.
Xan Çobanı gətir dilə,
Bir şirin can
istə, lalə.
Aşıq Bəstinin
əlinə saz götürüb aşıqlıq etməsi o
dövr üçün əslində ədəbi bir inqilab
idi. Dini qadağaların hökm
sürdüyü cəmiyyətdə qadının
aşıqlıq etməsi o zaman cəsarət tələb
edirdi. Bütün bunlar Bəstinin azad cəmiyyət
arzularının, mübarizliyinin ifadəsi idi. Aşıq Bəsti nəinki qorxu və
qadağalardan çəkindi, əksinə, sazı, cəsarətli,
üsyankar şeirləri ilə dövrün
amansızlıqlarını, xurafatı sarsıdır, tərki-diyar
olub el-obada mübarizlik toxumu səpir, adını qadın
aşıqların sırasına yazır.
A bəy, nə gəzirsən
hallı-havalı,
Süleyman
mülkünün yiyəsi kimi.
Nədəndi yaxşının
başın kəsməyə
Hazırsan xəncərin
tiyəsi kimi?
Fikrini kamil sənətkar, saz-söz
xiridarı kimi ifadə edən, o dövrdə çox məşhur
olan "Qurban bulağı" ədəbi məclisinin
üzvlərindən biri kimi xatırlanan Aşıq Bəsti
Ağdabanlı Qurbanın diqqətindən yayınmır.
Ağdabanlı Qurban Aşıq Bəstinin el-obada məşhurlaşmasını,
qoşmalarının birində belə ifadə edir:
Bağça bülbülüsən
güllər eşqinə,
Nəğməlisən - şirin
dillər eşqinə.
Sənətkar olubsan ellər
eşqinə,
Şöhrətin yayılıb hər
yana, Bəsti.
Bəsti öz faciəsini
sazla, sözlə ifadə edə-edə oba-oba gəzsə də,
əsasən Daşkəsən rayonunun Qabaqtəpə kəndində
yaşayır.
Ağlamaqdan gözləri kor olan
aşıq qəlbinin, ruhunun işığı ilə
yaşayır, “Kor Bəsti” kimi tanınır:
Vaxtsız daşım qürbət
elə atıldı,
Nə dərd desən mənim
üçün tapıldı,
Ağlamaqdan gözlərim də
tutuldu,
Getdi gözün nur
işığı bilginən.
Aşıq sonralar
Göyçənin Sarıyaqub, Gədəbəyin Miskinli kəndlərində
və Samuxda yaşayır. Harada
yaşamasından asılı olmayaraq, yazdığı
bütün şeirlərində çəkdiyi
üzücü məhrumiyyətləri, zəmanənin
dözülməzliyini, ölkədəki dərəbəyliyi,
haqqın, ədalətin yoxluğunu yanıqlı bir dillə
bəyan edir. El-el dolaşıb sənətinin
sirlərini şəyirdlərinə öyrədir, bir
çox sanballı aşıqlar yetişdirir.
Bir qəmli bülbüləm,
Güllər
inanmır.
Məcnunsuz Leyliyəm,
Çöllər
inanmır.
Ömrünün
axır illərində o yenidən doğma kəndinə
qayıdır. 1936-cı ildə təxminən
100 yaşında vəfat edir.
Şirinin beynində eşqin əsəri,
Fərhad qayalara vurur düsəri,
Kiprik qatlamıram o gündən bəri,
Yata bilməm, qəm
dağına düşmüşəm.
Aşıq Bəstinin
yaradıcılığı hələ ötən əsrin
50-60-cı illərində ədəbi tədqiqatın obyektinə
çevrilir. Həmid Araslının 1964-cü ildə
toplayıb nəşr etdirdiyi "Azərbaycan aşıq
yaradıcılığı", Əzizə Cəfərzadənin
"Azərbaycanın aşıq və şair
qadınları" kitablarında, 2005-ci ildə
"Adiloğlu" nəşriyyatı tərəfindən
buraxılmış "Kəlbəcər dünyası:
yüz şairin bir kitabı"nda onun haqqında geniş məlumatlar verilmişdir.
Hər dürlü çiçək
sinəndə,
Tapılmaz qeyri çəməndə,
Bahar fəsli Bəsti səndə
Qonaq qaldı
Çoban Dağı.
Onu da qeyd etmək
yerinə düşər ki, filologiya üzrə fəlsəfə
doktoru İlham Məmmədlinin "XX əsr Kəlbəcər
ədəbi mühiti" monoqrafiyası bu baxımdan olduqca dəyərli
ədəbi mənbədir. Aşıq Bəstinin
ilk araşdırıcılarından biri də filologiya elmləri
doktoru, professor, folklorşünas alim Sədnik Paşa
Pirsultanlıdır. O, 1969-cu ildə Aşıq Bəstinin
"Lalə", 2001-ci ildə isə "Bənövşələr"ini
kitab şəklində oxucuların ixtiyarına vermişdir. Aşığın tədqiqatçısı kimi
o, "Bəsti və Xançoban" dastanını bərpa
etmişdir.
Dağ üstündən, çəkdin
dağı,
De, nəydi
günahım, dağlar.
Sən mənə kəsildin
yağı.
Tutsun səni
ahım, dağlar.
Aşıq Bəsti
qəmli bir tale yaşasa da, söz baxçasından dərdiyi
incilər aşıq ədəbiyyatının qiymətli
nümunələri kimi bu gün də nakam taleli şairi
yaşatmaqdadır.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 12.