“Cırtdan
və Təpəgöz” 3D animasiya filminin təqdimatı keçirildi
Noyabrın 15-də Nizami
Kino Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə ərsəyə gəlmiş “Cırtdan
və Təpəgöz” 3D animasiya filminin təqdimatı keçirildi.
Təqdimatda çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov cizgi filmlərinin çəkilməsinə dövlət tərəfindən diqqət göstərildiyini qeyd etdi. O, Azərbaycanda animasiya filmlərinin inkişafına tələbatın olduğunu bildirdi. Yeni animasiya filminin Nizami Kino Mərkəzində nümayişinin təşkili də bu tələbatdan irəli gəlir. M.Hətəmovun sözlərinə görə, istər kino, istər cizgi filmi sahəsində sağlam rəqabət inkişafa xidmət edir. “Cırtdan və Təpəgöz” 3D animasiya filmi də bu istiqamətdə uğurlu addımdır. Sonra filmin animatorları - “3Dost production”un əməkdaşları Rəşad Əfəndiyev və Yusif Qabilov səhnəyə dəvət olundular. Film üzərində bir ildən artıq işlədiklərini deyən animatorlar göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq etdilər, gələcəkdə daha maraqlı animasiyaların çəkilməsi üçün çalışacaqlarını vurğuladılar. Müəlliflər “Cırtdan və Təpəgöz” filminin 2-ci hissəsinin də çəkiləcəyini, tələbat olarsa serial şəklində davam etmək niyyətində olduqlarını bildirdilər.
Daha sonra film nümayiş olundu. Filmin qəhrəmanı Cırtdan sosial şəbəkədə qızla
yazışır. Lakin onun
şəklini görmək
istədikdə o, çarəsiz
qalır. Boyu balaca
olduğundan bəyənilməyəcəyindən
ehtiyatlanır. Dostunu bu
vəziyyətdə görən
Qaquli (tutuquşu) ona kömək etmək qərarına gəlir. İnternet vasitəsilə min bir dərdin dərmanı olan “sehrli alma”nın yerini öyrənir. Lakin alma Təpəgöz tərəfindən qorunur.
Dostlar xəritəni götürüb
həmin yerin axtarışına çıxırlar
və oranı tapırlar. Təpəgözün mühafizəçisi Eybəcər adlı qarğa Qaquli ilə mübarizəyə
qalxır. Lakin tezliklə
bu iki quş
dostlaşırlar. Cırtdan isə
Təpəgözlə vuruşmalı
olur. Nağıllardakı
kimi xeyir şərə qalib gəlir və “sehrli alma” Cırtdanın
əlinə keçir.
Lakin dostu Qaquli və
Eybəcərin yaralandığını
görən Cırtdan
almanı onlara yedizdirir.
“3Dost production” şirkətində
hazırlanan 10 dəqiqəlik
filmin ideya müəllifi Müşfiq
Hətəmov, ssenari müəllifi Yusif Şeyxov, rejissoru Arif Məhərrəmov, animatorları Rəşad
Əfəndiyev və
Yusif Qabilov, rəssamı Ramil Əliyev, musiqi tərtibatçısı Çingiz
Mustafayevdir. Filmi Qorxmaz Əlili
(Təpəgöz, Qaquli),
Almaz Mustafayeva (Cırtdan) və Fərqanə Quliyeva (Eybəcər) səsləndirirlər.
Reyhan
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 8.