“Konfrans Azərbaycan
teatrşünaslığı üçün
özünü tanımaq imkanı idi”
Aydın Talıbzadə: “Dünya teatr prosesinə
qoşulmaq dünya teatr düşüncəsinə
qoşulmaq deməkdir”
Son
illər ölkəmizdə keçirilən beynəlxalq teatr
tədbirləri sənət ocaqlarımız, incəsənət
ustalarımızla yanaşı, teatrşünaslıq, bu sahədə
çalışan mütəxəssislər
üçün də əlamətdar hadisədir. Bu günlərdə
(5-6 noyabr) gerçəkləşmiş II Bakı Beynəlxalq
Teatr Konfransının nəticələri barədə
teatrşünas Aydın Talıbzadə ilə söhbət
etdik.
- Aydın müəllim, II Bakı
Beynəlxalq Teatr Konfransı hansı hədəfləri
götürmüşdü və buna nə qədər nail
oldu?
- Dünya teatr şəbəkəsilə
əlaqələri intensivləşdirmək, müasir
teatrın problemlərini bəşəri miqyasda konkretləşdirmək,
çözümünə səy göstərmək,
özümüzün və onların teatr sənətinə
münasibətini aydınlaşdırmaq, nələrisə
anlamaq, öyrənmək, mənimsəmək,
çağdaş toplumda teatrın yerini və
missiyasını, onun insanlara lazımlılıq həddini
müəyyənləşdirməyə çalışmaq.
Amma bir konfransdan bütün bunların gerçəkləşməsini
ummaq nə qədər caizdir? Biz bu konfransda yana doğru bir
addım atdıq, dünya çapında özünə yer
bula biləcək bir konfrans keçirmək ənənəsini
təsbit etdik. Başlıca uğur bilirsiniz nədir? Bəzi
çox mühüm düşüncələr, fikirlər hər
halda Azərbaycan teatr məkanına yayıldı: müxtəlif
natiqlərin çıxışlarında yetərincə
maraqlı məqamlar vardı. Bunu görmək
üçün konfransa göndərilmiş məruzələrin
dərc edildiyi topluya baxmaq kifayətdir.
- Səslənən
çıxışlardan, etdiyiniz söhbətlərdən
hansı qənaətə gəldiniz? Dünyada teatrın prioritet
məsələ və problemləri nələrdir?
- Mən anladım ki, bu dəqiqə
dünyanın hər yerində teatr sənətilə
bağlı problemlər yaşanır. Anladım ki, bir
çox ölkələrdə teatr və
tamaşaçı arasında uçurum var. Bu məsələni
həll etməkdən ötrü hərə özünə
görə, öz mədəniyyətinə görə,
öz ölkəsinin ənənələrinə görə
müəyyən eksperimentlərdə bulunur. Lakin mən
anlamadım ki, müasir teatr sənəti üçün
önəmli olan tendensiyalar, bədii-estetik
üstünlüklər hansılardır və bunlardan
konfransda söhbət açılmadı. Görünür,
teatrın toplumda fiziki mövcudluğunun özü son dərəcə
problemli məsələdir və hamının fikri, əsasən,
məhz bu istiqamətdə işləyir, hamı maddi
yardım sorağında xahişlə əllərini dövlətə
sarı uzadır. Odur ki, Azərbaycan bir çoxlarına,
vallah, cənnət kimi görünür.
- Bugünkü dünyada -
informasiyanın insanı nevrotik zavallıya çevirdiyi bir
vaxtda teatr hansı yerdədir, nə kimi yükü var?
- “Biz danışmalıyıq.
Mütləq danışmalıyıq. Danışmasaq,
ürəyimiz partlayar”...
- Hə, bu tamaşalardan birində
səslənən fikir idi...
- Elədir. Bilirsiniz, şou-biznes
kütləyə səslənir, tamaşa isə konkret insana.
Teatr öz müasirinin dilində danışmalıdır,
köhnə, bəlli həqiqətləri təkrarlamamalıdır,
yeni olmalıdır və dünyanı öz seyrçisi
üçün yenidən kəşf etməlidir. Bu kəşf
yoxdursa, seyrçi darıxmaq əvəzinə şouya
“uymağa” üstünlük verir.
- Beynəlxalq teatr tədbirlərində,
festivallarda iştirak edirsiniz. Sizcə, Azərbaycan teatrı nə
dərəcədə dünya teatr prosesinə qoşulur?
- Dünya içində olmaq,
dünya ilə bir olmaq çox mühüm və vacib məqamdır.
Dünya teatr prosesinə qoşulmaq dünya teatr
düşüncəsinə qoşulmaq deməkdir. Hətta
bizim Bakı Beynəlxalq Teatr Konfransı dünya
teatrının yalnız müəyyən fraqmentlərindən
yığılmış bir mozaikadır. Biz artıq
dünya teatr prosesinə qatılmışıq: haradan,
hansı institutdan, hansı assosiasiyadan desən, xəbərimiz
var, müxtəlif ölkələrin teatrları ilə
işbirliyimiz var. Ancaq bütün bunları özümsəmək
üçün vaxt, həvəs, peşəkarlıq,
çeviklik lazımdır.
- Teatrşünaslıq
üçün konfransın əhəmiyyəti nə oldu?
- Bu konfrans Azərbaycan
teatrşünaslığı üçün, ilk növbədə,
özünü tanımaq imkanı idi.
- Nə yazırsınız, nə
kimi yaradıcılıq planlarınız var? Sizi
maraqlandıran mövzular hansılardır?
- Köşə yazıları
yazıram, hələlik çox böyük ləzzətlə.
Mən planlarımdan danışıb Allahı güldürmək
istəmirəm. Nə olacaqsa, o da olacaq. Nə
yazılırsa, onu da yazacağam. Fikirlər çoxdur: amma
“fələk” deyilən bir nəsnə də
böyrümüzdədir. Əvvəlcə poeziya, sonra
poetika. Əvvəlcə teatr, sonra teatrşünaslıq. Bizdə
indi teatrşünaslıq teatrdan öndə gedir: bax, bu barədə
də düşünməyinə dəyər.
Aliyə
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 7.