Mədəniyyət
və İncəsənət Universitetinin
beynəlxalq əlaqələri genişlənir
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, professor
Timuçin Əfəndiyev bu günlərdə Kampus Suffolk
Universitetinin rektoru, professor Mayk Saksın dəvəti ilə Böyük
Britaniyada səfərdə olmuşdur
Dövlətimiz tərəfindən mədəniyyət,
incəsənət və təhsilə göstərilən
böyük qayğı nəticəsində 90 illik səmərəli
bir yol keçmiş Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti hazırda həm
respublikamızda, həm də beynəlxalq təhsil məkanında
böyük maraq doğuran bir ali məktəbə
çevrilmişdir.
Universitetdə təhsilin keyfiyyətinin
yüksəldilməsi, onun milli zəmində beynəlxalq təhsil
məkanına inteqrasiya etməsi, mədəniyyət və
incəsənətin bütün sahələrində respublika
və beynəlxalq əhəmiyyətli elmi və bədii tədbirlərdə
fəal iştirak bu ali məktəbin nüfuzunun xeyli
artmasını reallaşdıran göstəriciləridir. Bu
nailiyyətlərin qazanılmasında universitetdə
çalışan görkəmli sənət xadimlərinin,
eləcə də istedadlı tələbələrimizin xidmətləri
böyükdür.
Universitetin rektorunun inkişaf
etmiş Avropa ali məktəbləri ilə sıx əlaqələr
yaratması dünyanın 30-a yaxın universiteti ilə əməkdaşlıq
müqavilələrinin imzalanmasına gətirib
çıxarmışdır. Bunun nəticəsi olaraq
universitetimiz Yaponiyanın «Ot kökləri» layihəsində,
«Mitsubisi Korporeyşn» şirkəti tərəfindən irəli
sürülmüş mədəniyyət üzrə
xüsusi layihədə, Almaniyanın təhsil üzrə
nümayəndəliyinin «DAAD» proqramında, Bakıdakı
Yunanıstan səfirliyinin təklif etdiyi Aleksandr Onasis Fondunun
proqramında, ABŞ səfirliyinin vasitəçiliyi ilə
Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət
proqramında, UNESCO-Aschberg, TEMPUS - TACİS və bir çox
digər beynəlxalq layihələrdə iştirak edir. Təhsil
ocağının Nyu-York Siti, Çikaqo, Viskonsin Medison universitetləri
(ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf İncəsənət
Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası
(Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev
Milli Mədəniyyət və İncəsənət
Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya),
Misir İncəsənət Akademiyası, Ş.Rustaveli
adına Teatr və Kino Universiteti (Gürcüstan) və digər
nüfuzlu ali məktəblərlə münasibətləri
var. Bu sırada qardaş Türkiyə universitetləri ilə
əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar
Sinan, Marmara, Sakarya, Trakya, Beykənd universitetləri və
başqa ali məktəblərlə münasibətlərimiz
inkişaf etdirilir. Universitetimiz 2002-ci il oktyabrın 26-dan Avropa
İncəsənət Universitetləri Liqasının
(ELİA) tamhüquqlu üzvüdür.
Bu müqavilələr nəticəsində
xarici ölkələrin ali məktəbləri ilə
görüşlərdə istər rektor, istərsə də
görkəmli sənət adamları respublikamızın
regionda aparıcı dövlətə çevrilməsi, beynəlxalq
aləmdə geniş nüfuz qazanması, əməkdaşlıqda
etibarlı tərəfdaş olması, həmçinin
xalqın mədəni inkişafı üçün dövlətin
mədəniyyətə, incəsənətə, təhsilə
göstərdiyi qayğıdan və bu qayğının Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin timsalında həyata keçirilməsindən ətraflı
məlumatlar vermişlər. Bu görüşlər öz səmərəli
nəticəsini verərək Avropada inkişaf etmiş ali məktəblərin
universitetimizlə daha yaxından maraqlanması, əməkdaşlığın
genişlənməsi, tədris təcrübəsi mübadiləsinin
aparılması ilə nəticələnmişdir.
2008-ci ildə Böyük
Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən
olan London Beynəlxalq İncəsənət Məktəbinin
rektoru Tomas Prattki və Vulverhempton Universitetinin rektoru Con
Pumminin dəvəti ilə professor Timuçin Əfəndiyev
bu ali məktəblərdə olmuş, Azərbaycan mədəniyyətinin
inkişaf tendensiyaları mövzusunda mühazirələr
oxumuşdur. Bu iki ali məktəbdə keçirilən
görüşlərin nəticəsi olaraq dövlətimizə
və milli mədəniyyətimizə olan maraq xeyli
artmış, əlaqələrin intensivləşdirilməsi
arzusu bildirilmişdir. Bu görüşlərin əks-sədası
Böyük Britaniyanın digər ali məktəblərinin də
universitetimizə olan marağının artmasına səbəb
olmuşdur. Bu günlərdə Böyük Britaniyanın
nüfuzlu Kampus Suffolk Universitetinin rektoru Mayk Saksın dəvəti
ilə həmin universitetə səfər həyata
keçirilmişdir.
Professor Timuçin Əfəndiyevin
keçirdiyi görüşlərdə Suffolk Universitetinin
rektoru ilə yanaşı, beynəlxalq əlaqələr və
marketinq şöbəsinin müdiri Pollş Bridgman, incəsənət
və humanitar şöbənin müdiri Krissi Harrinqton, Azərbaycanın
Böyük Britaniyadakı səfirliyinin katibi Ayaz Mustafayev də
iştirak etmişdir. Timuçin Əfəndiyevin Azərbaycan
mədəniyyəti və incəsənətinin böyük
uğurları, dövlətimizin mədəniyyətə və
incəsənətə göstərdiyi geniş qayğı
haqqında söhbətləri böyük maraq
doğurmuşdur. Bu, Böyük Britaniyada yaşayan
insanların ölkəmizə olan marağının daha da
artması və respublikamızın dünya birliyində
yaxşı tanınması üçün göstərilən
ziyalı səyləridir.
Görüşdə iştirak
etmiş xanım Krissi Harrinqton Avropada məşhur baletmeysterlərdən
sayılır. Dünyanın bir çox şəhərlərində
- Londonda, Parisdə nüfuzlu teatr səhnələrində
çıxış etmiş və balet sənətinin mahir
ifaçısı və istedadlı pedaqoq olduğunu
sübut etmişdir. O, hələ ötən il
paytaxtımıza səfəri zamanı universitetimizdə
maraqlı ustad dərsləri keçmiş, bu il isə 4-5
oktyabr tarixində keçirilmiş II Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçısı olmuşdur. Xanım
Harrinqton ustad dərsləri zamanı universitetimizin xoreoqrafiya
sənəti ixtisasında müəllim və tələbələrimizin
sənətkarlıq səviyyəsindən razı
qalmışdır. Bu səbəbdəndir ki, builki səfər
zamanı professor Timuçin Əfəndiyevin xanım Krissi
Harrinqtonu yenidən ustad dərsləri keçmək
üçün universitetimizə dəvət etməsi onun tərəfindən
böyük məmnuniyyətlə
qarşılanmışdır.
Görüş zamanı qərara
alınmışdır ki, universitetlər arası əməkdaşlıq
proqramı çərçivəsində əlaqələr
yaradılsın, işgüzar münasibətlər qurulsun,
mütərəqqi iş təcrübəsi yayılsın.
Bu zaman tədris təcrübəsi mübadiləsi
proqramı çərçivəsində ustad dərslərinin
keçirilməsi, tələbə filmlərinin və
tamaşalarının göstərilməsi, rəssam tələbələrin
sərgilərinin qarşılıqlı nümayişi, milli
rəqs və folklor musiqi kollektivlərinin
çıxışlarının təşkil edilməsi,
elmi-nəzəri və praktiki konfranslarda iştirak və s. təkliflər
razılıq hissi ilə qarşılanmışdır.
Professor Timuçin Əfəndiyevin hər iki universitet
arasında anlaşma memorandumunun Bakıda imzalanması təklifini
universitetin rektoru Mayk Saks böyük minnətdarlıqla qəbul
etmişdir. O, son dəfə Bakıda bu il 4-5 oktyabr tarixində
Beynəlxalq Humanitar Forumda iştirak etmiş, Azərbaycan
haqqında zəngin və xoş təəssürata malik
olduğu üçün bir daha respublikamıza gəlməsini
və anlaşma memorandumunun burada imzalanmasını bəyənmişdir.
Belə görüşlər hər iki ali məktəbin tədris
və yaradıcılıq mübadilələri
üçün gələcəkdə öz müsbət nəticələrini
verəcəkdir. Kollektivimizlə səfər təəssüratlarını
bölüşərkən Timuçin müəllim Suffolk
Universitetində tədris prosesi üçün maddi-texniki
bazasının geniş imkanlara malik olmasını, müasir
texniki təchizatla təmin olunmuş auditoriyaların, səsyazma
və film studiyalarının zənginliyini, rəqs və təsviri
sənət auditoriyalarının təchizatının
yüksək olmasını, nəşriyyat və poliqrafiya
bölmələrində müasir dəzgahların
qurulmasını və s. məsələlərin
universitetimiz üçün də zəruri ola biləcəyini
arzu etmişdir. Bu həm də kollektivin hər bir
üzvünün arzusudur. Bu universitetdə Azərbaycan təhsil
sistemi üçün maraqlı olan digər bir məsələ
kimi minlərlə tələbəsi olan bu təhsil
ocağının məzunlarının 90 faizinin işlə
təmin olunmasını nümunə çəkmək olar.
Suffolk Universitetinin yerləşdiyi
İpsviç şəhəri haqqında professor Timuçin
Əfəndiyevin təəssüratları böyük maraq
doğurmuşdur. Burada şəhərin bir növ rəmzi
hesab olunan məşhur rəsm qalereyası vardır. Təqdiredici
və ibrətamiz cəhət ondan ibarətdir ki, ümumi dəyəri
3 milyard funt sterlinqdən yuxarı olan sənət
eksponatlarını qalareyaya şəhər sakinləri hədiyyə
etmişlər. Bu isə şəhər sakinlərinin vətənpərvərlik
hisslərinin, sənətə məhəbbətinin, mədəni
səviyyəsinin yüksək olmasının və öz
şəhərləri ilə qürurlanmasının gözəl
nümunəsidir.
Rafiq Sadıqov,
Azərbaycan
Dövlət Mədəniyyət
və
İncəsənət Universitetinin
prorektoru
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 6.