Həştərxan
teatrının Bakı səfəri
“Fyodor dayı, Toplan
və Məstan” tamaşası balacalara sevinc bəxş etdi
Uşaqlıq illəri sovet
dövrünə düşmüş
tamaşaçılar “Fyodor dayı, Toplan və Məstan” cizgi filmini yaxşı
xatırlayırlar. Uşaqlıqda küsəndə çoxumuzu
zarafatla bu qəhrəmanların yaşadığı
Prostokvaşinoya “göndərirdilər”.
Bunu niyə xatırladırıq?
Çünki Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı
Bakıya qastrol səfərinə gəlib
və noyabrın 15-də
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında balacalara
“Fyodor dayı, Toplan və Məstan” tamaşasını hədiyyə
etdilər.
Qəhrəmanlar həmin idi,
Poçtalyon Peçkin
də, “Fyodor dayı”
da, Məstan da, Toplan da.
Hərçənd cizgi filmi ilə müqayisədə
azca süjetdə dəyişiklik etmişdilər.
Bu, Eduard Uspenskinin “Fyodor dayı, Məstan və Toplan” pyesinin səhnə həlli idi. Nağıl janrında olan tamaşanın rejissoru A.Radoçonski, rəssamı
V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Rolları
Kirill Sobolyov, Yekaterina Sneqiryeva, Yelena Romaşkina, Yevgeni Pşeniçnıy, İqor
Petruxin, Anna Maksakova, Stanislav Juravlyov, Yuri Aşayev və başqaları ifa etdilər.
Əlvan rəngli dekorlar
tamaşaya müsbət
bir aura gətirmişdi.
Bu dekorlarda şəhər
və kənd təsvir olunmuşdu.
Ortada isə uşaq rəsmlərinin ayrılmaz
obrazı Günəş
balaca tamaşaçılara
gülümsəyirdi. Əhvalat iki dəlisov qız və bir oğlan olmaqla üç personajın iştirakı
ilə göstərilirdi.
Süjet
çoxumuza tanışdır.
Tamaşanın qəhrəmanı “Fyodor dayı” ləqəbli balaca oğlana evdə pişik saxlamağa icazə vermirlər. O da Matroskin adlandırdığı
pişiyi götürüb
daim mübahisə edən ata-anasını tərk edərək Prostokvaşino kəndinə
yollanır. Burada Toplan
(Şarik) da onlara qoşulur. Onlar xəzinə axtarıb tapır və arzularını həyata keçirirlər. Pişik süd
sevdiyindən özünə
inək alır, Toplan ov silahı
istəyir, «Fyodor dayı»
isə traktor alır. Əhvalatda Peçkin familiyalı
poçtalyon da iştirak edir. Balaca Fyodorun sərgüzəştləri
ata-ananın Peçkinin
məktubuna əsasən
gəlib oğlanlarını
Prostokvaşinoda tapması
ilə bitir. Tamaşa xeyli vaxt alsa
belə, yüksək
temporitmi, yüngüllüyü,
rahat və axıcılığı ilə
keçən zamanı
hiss etdirmədi. Musiqi tərtibatı,
geyimlər, rəqslər
bu ritmi, dinamikanı qorumaq üçün mükəmməl
seçilmişdi. Aktyorların plastikasını isə xüsusi qeyd etmək lazımdır.
Tamaşa sanki uşaq
dünyasından qopmuş
bir səhifədir.
Hər şey bu uşaq
dünyasına hesablanıb,
rəngarənglik, məzəlilik,
əhvalatın oynaq mütəəssirliyi uşaqlara
təqdim olunan bu gözəl dünyanın keyfiyyətləridir.
Səhnə əsəri zalın
canlı reaksiyaları,
gur alqışları
ilə qarşılandı.
Tamaşadan sonra jurnalistlər
üçün mətbuat
konfransı keçirildi.
Konfransı Gənc Tamaşaçılar
Teatrının direktoru,
Əməkdar artist Mübariz
Həmidov açaraq teatr əlaqələrinin
əhəmiyyətindən danışdı, Həştərxan
teatrının səfərindən
məmnun olduqlarını
dilə gətirdi.
Həştərxan teatrının bədii
rəhbəri, Rusiyanın
Xalq artisti Yuri Koçetkov onlara göstərilən qonaqpərvərlikdən
razılığını ifadə edərək yaradıcı kollektivlər
arasında əməkdaşlığın
önəmini vurğuladı.
O, Həştərxan Dövlət
Gənc Tamaşaçılar
Teatrı haqqında ətraflı məlumat verərək kollektivin repertuarında dünya və rus klassikasından
nümunələr olduğunu
dedi: «Molyer, Şekspir, Kalderon kimi klassik dramaturqların
əsərlərini də
tamaşaya hazırlayırıq.
Pyes seçimində azadıq
və “xaltura” pyesləri teatra yaxın qoymuruq”.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının
aktyoru, Xalq artisti Ağaxan Salmanov isə ötən əsrin əvvəllərində mövcud
olmuş Bakı-Həştərxan
teatr əlaqələrini
xatırlatdı. Teatrın baş
rejissoru, Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov tamaşa haqda xoş sözlər söylədi.
Qeyd edək ki, Həştərxan Dövlət
Gənc Tamaşaçılar
Teatrının “Fyodor dayı,
Toplan və Məstan” tamaşası bu gün (16 noyabr) də nümayiş olunacaq.
Aliyə
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 5.