“Sarı
gəlin. Azərbaycanda muğam-caz”
Azərbaycan
və alman kinematoqrafçıların müştərək
işi olan sənədli film təqdim edildi
Noyabrın
14-də Nizami Kino Mərkəzində almaniyalı rejissor Klaus
Bernhardtın “Sarı gəlin. Azərbaycanda muğam-caz”
filminin təqdimatı keçirildi. Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın
\"Das-Apartment\" prodüser şirkətinin və
\"Salnamə\" kinostudiyasının birgə istehsal
etdiyi filmin rejissoru Klaus Bernhardt, rejissor assistenti Naibə
Şirinova, operatorları Feliks Peşko və Vilhelm Neyman,
montajçısı Cennifer Kunçerdir.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev Almaniyanın Azərbaycandakı
səfirini və qonaqları salamlayaraq layihənin tarixi
haqqında danışdı. Qeyd olundu ki, almaniyalı rejissor
Klaus Bernhardt bir neçə il əvvəl Mədəniyyət
və Turizm Nazirliyinə müraciət edərək muğam
və caz sənətimizlə maraqlandığını,
muğam-caz sintezi haqqında film çəkmək istədiyini
bildirib: “Təklif müsbət qarşılandı. Bu layihə
bizim üçün də maraqlı idi. Əvvəla, milli
musiqimiz muğama, caz sənətinə kənardan
baxış, bu sənət haqqında mülahizələr,
daha vacibi isə filmin Azərbaycan hüdudlarından kənarda
yayılması bu layihənin üstünlüklərindəndir.
Muğam Azərbaycanın milli musiqisinin zirvəsidir. Son illər
dövlətimiz tərəfindən bu sənətə diqqət
daha da artıb, Beynəlxalq Muğam Mərkəzi tikilib
istifadəyə verilib, müxtəlif muğam festivalları,
beynəlxalq müsabiqələr keçirilir. Mənşəcə
Qərb musiqisi olan caza da Azərbaycanda böyük maraq olub və
bu gün də var. Son illər caz musiqisinin inkişafı
üçün layihələr həyata keçirilir,
Bakıda ənənəvi caz festivalı təşkil olunur.
Bu gün fəxrlə deyirik ki, bizim caz ustalarımız Qərbin
konsert zallarında uğurla çıxışlar edir,
müxtəlif müsabiqələrdə qalib olurlar. Muğam-caz
Şərq-Qərb mədəniyyətinin
inteqrasiyasını ifadə edir. Ərsəyə gələn
film də caz-muğam sintezi haqqında maraqlı ekran əsəridir”.
Almaniyanın Azərbaycandakı səfiri
Herbert Kvelle ekran əsərinin iki ölkənin mədəni əməkdaşlığına
növbəti nümunə olduğunu dedi. Filmin ənənəvi
musiqini müasir üslubda təqdim etdiyini vurğuladı:
“Muğam ustadı Alim Qasımov və cazmen Rain Sultanovla
aparılan söhbətlərdə iştirak edərkən mən
tanınmış sənət adamlarının həyatını
yaxından görə bildim. Ənənəvi musiqini
müasir bir formada təqdim etməklə Azərbaycan
dünyaya yeni qapılar açacaqdır”.
Səfir layihənin gerçəkləşməsində
Klaus Bernhardtın əməyini xüsusi qeyd etdi, onun bu filmlə
«Azərbaycan musiqisinin səfiri» adını
daşımağa haqqı olduğunu dedi. Diplomat filmin çəkilişində
göstərilən dəstəyə görə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
təşəkkürünü bildirdi.
Tədbirin aparıcısı Rahib
Azəri «Sarı gəlin» xalq mahnısı və Azərbaycanda
cazın tarixi haqqında qısa məlumat verdikdən sonra
filmin yaradıcı heyəti səhnəyə dəvət
olundu. Rejissor Klaus Bernhardt muğam və caz sənəti
sintezinin gözəl sənət nümunəsi olduğunu
dedi: “Biz əvvəllər muğam haqda eşitməmişdik.
İndi isə görürəm ki, belə gözəl musiqidən
xəbərsiz olmaq düzgün deyil. Ona görə də qərara
gəldik ki, muğam, muğam-caz haqqında belə bir film ərsəyə
gətirək”. O, filmin adı ilə bağlı fikrini də
bildirdi: “Sarı gəlin” çox gözəl bir romantik nəğmədir.
Çünki burada sevgidən söhbət gedir”.
Rejissor Mədəniyyət və
Turizm Nazirliyinə, Almaniyanın Azərbaycandakı səfirinə,
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqına, layihənin sponsorlarına minnətdarlığını
ifadə etdi.
Sonra “Sarı gəlin. Azərbaycanda
muğam-caz» sənədli filmi nümayiş olundu. Müəlliflər
ənənə və müasirlik qovşağında qərar
tutmuş Bakının heyrətamiz təsvirləri, xalq
musiqiləri, muğam və caz sintezindən yaranmış
mükəmməl melodiyaları ilə
tamaşaçını mövzunun ruhuna kökləməyə
çalışıblar. Ustad ifaçı Alim Qasımov və
Fərqanə Qasımovanın ifa etdiyi muğam
parçaları, Sevda Ələkbərzadənin ifasında səslənən
müasir muğam-caz filmə xüsusi dinamika gətirir. Fərhad
Bədəlbəyli, Rain Sultanov Azərbaycanda caz musiqisi ənənələri
haqqında danışırlar. Caz musiqisinin ustadlarından
olan Vaqif Mustafazadə də xatırlanır, onun caz-muğam
parçaları səslənir. Həmçinin istedadlı
pianoçu İsfar Sarabskinin bəstəsi təqdim olunur.
Film boyu təqdim olunan təsvirlər Azərbaycanın
muğam-caz kimi unikal bir musiqisini vizual olaraq tamamlayır.
Qeyd edək ki, Azərbaycan dilində
çəkilmiş 45 dəqiqəlik film alman və ingilis
dillərinə də tərcümə olunub.
Aliyə
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 4.