Xalq oyunları və meydan
tamaşaları: klassik irs
və müasirlik
Noyabrın 14-15-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyində “Xalq
oyunları və meydan tamaşaları mədəniyyəti:
klassik irs və müasirlik” mövzusunda
elmi-nəzəri konfrans keçirildi.
Tədbirdə muzey işçiləri, alim və tədqiqatçılar iştirak edirdilər.
Konfransı muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov açaraq xalq oyunları və meydan tamaşalarını Azərbaycan mədəniyyətinin ayrılmaz və vacib hissələri kimi qiymətləndirdi, onların bütün Şərqdə çoxəsrlik ənənələri olduğunu vurğuladı. Qeyd olundu ki, insanlar oyunları, meydan tamaşalarını təkcə vaxt keçirmək, əylənmək üçün yaratmayıb. Onların hər birinin fəlsəfəsi var. Milli oyunlarımızın yaranma tarixi qədim dövrlərə gedib çıxır. Tarixən ən qədim oyunlarımızın izləri qaya rəsmlərində əbədiləşib.
Natiq bildirdi ki, Azərbaycanda peşəkar kukla teatrı 1931-ci ildə fəaliyyətə başlayıb. Lakin Azərbaycan xalq bəbək-kukla tamaşaları ənənəsinin min ilə çatan yaşı var: “Biz qədim əlyazmalarda, miniatürlərdə də xalq oyunlarının və meydan tamaşalarının təsvirini görə bilirik. Bu sahənin araşdırılmasında ədəbiyyatşünaslığın da üzərinə mühüm vəzifələr düşür. Düşünürəm ki, konfransın nəticələri bu yöndə elmi axtarışlar üçün əhəmiyyətli olacaq”.
Tədbirdə qeyd olundu ki, konfransa təqdim olunan məruzələrin bir hissəsi bilavasitə folklor, xalq oyunları, meydan tamaşaları ilə bağlı olsa da, Nizami Gəncəvi, Xaqani Şirvani, Əmir Xosrov Dəhləvi, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin əsərlərində bu mövzunun əks etdirilməsi ilə əlaqədar maraqlı tədqiqatlar da var. Bununla yanaşı, çağdaş pantomim teatrında xalq teatrı təsirləri, müasir dövrdə milli oyun və xalq tamaşalarının təbliği üsullarını tədqiq edən məruzələr də maraq doğurur.
Plenar iclasda “Farsdilli şeirdə oyun adlarının poetik funksiyaları - şahmat və nərd”, “Nizami sənətində xalq oyunlarının poetik əksi” və digər mövzularda məruzələr dinlənildi.
Sonra konfrans işini iki bölmə iclasında davam etdirdi.
Qeyd edək ki, konfransa təqdim olunan materiallar “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Tədbirdə kitabın təqdimatı da keçirildi. İştirakçılar muzeyin ekspozisiyası ilə də tanış oldular.
Ceyhun
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 4.