Şövkət Ələkbərova
sağlığında əfsanələşmiş,
ölümündən sonra əbədiləşmiş sənətkardır
Unudulmaz sənətkar
və unudulmayan mahnılar
Noyabrın 14-də Azərbaycan
Dövlət Filarmoniyasında böyük
sənətkar, Xalq artisti
Şövkət Ələkbərovanın 90 illiyinə həsr
olunmuş təntənəli yubiley gecəsi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə
filarmoniyanın foyesində görkəmli müğənninin
həyat və yaradıcılığını əks etdirən
fotosərgi ilə tanış oldular.
Yubiley gecəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq məlahətli səsi, təkrarsız ifası ilə Azərbaycan musiqi sənətində xüsusi yeri olan Şövkət Ələkbərovanın unudulmaz sənətindən söz açdı. Nazir böyük Üzeyir bəyin sözlərini xatırlatdı: incəsənət və musiqi o zaman xalqın milli sərvəti olur ki, o xalqın böyük ifaçılıq istedadına malik şəxsiyyətləri olur. Bu mənada Şövkət Ələkbərovanın böyük şəxsiyyət olduğunu deyən Əbülfəs Qarayev müharibə illərində səngərlərdə, hospitallarda, dünyanın böyük səhnələrində Azərbaycan musiqisini layiqincə təbliğ edən müğənninin keçdiyi sənət yoluna nəzər saldı. Təravətli səsi ilə Azərbaycan mahnılarına yeni ruh verən Şövkət Ələkbərovanın bənzərsiz sənətkar olduğunu bildirdi: “O, özündən sonra çox böyük bir məktəb qoymuşdur. O məktəb bu gün də inkişaf etməkdədir və mən düşünürəm ki, bu məktəb Azərbaycan musiqisinin şöhrətini, şərəfini dünyaya yayacaqdır”.
Nazir Şövkət Ələkbərovanın sənətinə dövlət tərəfindən yüksək qiymət verildiyini bildirdi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sənətkarın 90 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edilməsini ölməz sənətkarın yaradıcılığına rəğbət kimi dəyərləndirdi.
Gecədə qeyd olundu ki, Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdu. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fəth etdiyi ən yüksək zirvədir. Şövkət xanım bütün varlığı ilə doğma xalqının milli musiqisinə, ifaçılıq mədəniyyətinə bağlı idi.
Gecədə Şövkət Ələkbərova özünəməxsus ifaçı olmaqla yanaşı, həm də böyük müəllim kimi yad edildi. “Oxu, gözəl” mahnısının tarixçəsi isə hər kəsi təsirləndirdi. Belə ki, sözləri Səməd Vurğuna, bəstəsi Səid Rüstəmova məxsus olan “Oxu, gözəl” mahnısını ilk dəfə Şövkət xanım 1956-cı ilin 12 may gecəsində Opera və Balet Teatrının səhnəsində, Səməd Vurğunun 50 illik yubiley gecəsində oxuyub.
Gecə boyu bənzərsiz ifası ilə könülləri fəth edən mərhum sənətkarın lent yazıları səsləndirildi, videoçarxlar nümayiş olundu.
Şövkət Ələkbərovanın oxuduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yubilyarın şərəfinə səsləndi. Xalq artistləri İlhamə Quliyeva, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Anar Şuşalı, Aygün Hümbətova, Təyyar Bayramov, Teyyub Aslanov, Firuzə İbadova, muğam müsabiqəsinin qalibi Güllü Muradova, gənc ifaçı Günay İmamverdiyeva Şövkət xanımın repertuarından mahnılar ifa etdilər.
Xalq artisti Əminə Yusifqızı yubiley gecəsində Şekspirin sonetlərini səsləndirdi.
Təkrarsız səsi, ölməz sənəti, yüksək səhnə mədəniyyəti ilə zaman-zaman xalqımızın ruhunu oxşayan Şövkət Ələkbərovanın 90 illik yubileyi unudulmaz anlarla yadda qaldı.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 16 noyabr.- S. 3.