Səni
hər vaxt deyirlər, Qədir!..
Sənsə
deyirdin “...heç məni deməyirlər, ay sona
bülbülLƏR”
Səni
hər saat, hər gün, hər zaman deyiblər, deyirlər və
deyəcəklər, ay Qədir! Sən zalimsə, qırx
ildir, deyirsən: “Elə yar, yar deyirlər, heç məni
deməyirLƏR...” Məsələ burasındadır ki, bunu əbədən
deyəcəksən. Əbədi olaraq deyəcəksən və
yandırıb-yaxacağın gələcək nəsillərə
də “elə gələcək” ki, bu yanıqlı, bu ilahi,
bu nazənin Səsdən savay sənə könül verən
bir yar olmayıb...
Belə də
yanlış-yanıltmaclıqmı olar, ay bu xalqın ən
qədir-qiymətlilərindən olmuş Qədir?!
Oxuduğun muğamların hər məqamına, hər təsnifinə,
mahnılarının hər zənguləsinə vurulan minbir
yar olduğu halda, bu nə rəydir yaratmısan - öz
dövrünün gözəlləri barədə?..
Öz Günəşliyinlə
görünmə imkanı vermədiyin “ulduz”lar heyhat-hekayətlənməkdən
ki; “elə “Qədir-Qədir” deyirlər, heç bizi deməyirlər”,
sən şikayətlənirsən; “...heç məni deməyirLƏR”!..
Bəli, Qədir Rüstəmovun əsl-vəsl
dinləyicisi olmuş və olası hörmətli oxucum,
bayaqdan motivləşdiribən böyük hərflərlə
yazdığım şəhdi-şəkər şəkilçi-
“LƏR”!..
Məncə, Qədirin
bütün ifaları, avazi-üyültüləri, zəngulələri
böyük hərflərlə yazılmalı,
yazılmadığı təqdirdə, bunu oxucu özü
öz xəyalında böyüdüb oxumalıdır.
Yuxarıda seçkinləşdirdiyim “LƏR” isə özgə
bir aləm, ayrıca bir mövzu! Axı mən orada
(yuxarıda) Qədirin “əsl-vəsl dinləyicisi” ifadələrini
də xüsusi vurğulamışam. Bu qəbil dinləyici-oxucular
isə Qədirin həmin cəm şəkilçisini necə
füsunkar sənətkarlıqla
vurğuladığının fərqində olmamış
olmazlar. “Dər-yada gə-mim qaldı, so-na bül-bül-LƏR...”
Mahnı xalq mahnısıdır və
deməli, mətni də xalqındır. Əlyazmalarda, nəşrlərdə
- oxuculardan tutmuş ifaçılara qədər - hamı
üçün sıradanbir misra. Sonuncu şəkilçiyədək
mütaliə və ifası hər kəs üçün
suiçimi kimi bir şey. Amma siz onun “LƏR”ini ayrıcana
xatırlayın. Bir də, bir də, bir də səsləndirin
qulaqlarınızda, övürüb-çevirin qəlbinizdə,
keçirin zövq xəlbirinizdən, sənət ələyinizdən.
Gözləriniz önünə gətirib
vizuallaşdırın və görün, təkcə bu
şəkilçi içində neçə və necə
şəkillər var! Burada - ikinci misradakı “LƏR” də
daxil - üçüncüdəki bədii
“qarğış”a (“Gülün yarpıza dönsün”ə)
ayaq var. Dinləyicini ayıqlama-duyuqlama cəhdi-cəh-cəhi
var. Ayıq-duyuqlanmışlarçünsə, kitab-kitab
xitablar var. İndi, ayrıca bir əsər təsiri
bağışlayan bu “LƏR”lərin
“vurğunvurmuşluğundan” ayılar-ayılmaz, “Elə yar,
yar deyirlər” xiffətinə düşüb, “heç məni
deməyirLƏR...” təəssüfündən çıx
görüm, dinləyici (-oxucu) həmkarım!..
Bu xalvar-xalvar “var”lar, kitab-kitab səs xitabları sahibinə -
Beş-on kəlməlik söz xitabı
Görəsən, bülbüllərin də başçısı
olurmu? Varsa, ona bir-iki sözüm
var:
Yenə qonub yan budağa, yana-yana nə sızlarsan, nə bozlarsan, ana bülbül?! Təbii “bəh-bəh” ansamblınızdan
uçub gedən bir ismi-insandan yanamı, ana bülbül, sona bülbül? O “solo-bülbül”süzlükdənmi
ötrü “fəsli-gül”ü
gözləmədən, birnəfəsə
- “dil qəfəsə
qoymadan” ötürsüz?
Artıq
bir ilə yaxındır “Qənirsiz
Qədir”siz qalmısız.
Xiffətdənmi - avazda “xaric”
vurub gah-gahlanır, sədada “məxaric” edib ah-ahlanırsız?
“Cıdır düzü”ndəki son festivalı
da yad edirsənmi
barı, bülbül?.. O günlərdən bəri oralara gedə bilməməyimizdən
yana bizləri
də öz ismi-şərifinə qoşmaqda
haqqı olan “xarı-bülbül”! Tez-tez də
“problem”atikcəsinə “nədən?”
- deyə çalıb-oxuduğumuz “hər
yerin əlvandır, köksün altı sarı bülbül”!..
İnnən belə “sona bülbüllər” yox, “yana bülbüllər”mi,
təbiətin dahi bəstəkarı, cəmiyyətin
ruhi nəğməkarı!?
Daha - “Qoyma özgə budağa qona bülbüllər, Tək
sənə yaraşır
“Sona bülbüllər”mi,
onun çağdaşı
olmuş şair (rəhmətlik Hafiz Baxış)?!
Dil-dil ağılarmı, ipək
nənələr? Ürəklərdə sel-sel başsağlığılarmı,
əlli milyonluq soydaşlarım?
Ayrıca bir canlı səs-sənət məktəbinin
bizdən ayrılıb
getməsindən yana, yana-yana “can-can!”mı, Azərbaycan?!
Daha Qarabağ dərdinə bir igid ömürlük
səbirdən sonra, adına “son mənzil” deyilən qəbirmi, Qədir?!.
Bir qənirsiz Səs getdi -
Səssiz-səmirsiz əbədiyyətə...
Bu gəlimli-gedimli,
səsli-küylü dünyadan
o birinə - əbədi
qalımlı, sirli-sükunətli
dünyaya bir Səs verdik. Ölümlü dünyaya
ölümsüz Səs!
Şəxsiyyət vəsiqəsində yetmiş yeddi yaşa çatan bu Şəxsin ifası, sənət vəsiqəsində altmış
yeddi ilə yetən bu Səsin
tərzi, dədə-babalıq
rəmzi qədimdən-qədim,
ləzizliyi şirindən-şirin,
həzinliyi dərindən-dərin.
Alovlu bəmləri oddan odluca, zilləri
ucadan-uca, sal-salğarı
qocadan qoca!
Bu Şəxsin
özü də təkrarsız doğulmuşdu,
Səsi də!
Bu Şəxsin
özü bir az qılıqsız
olsa da, Səsi ecaz yapışıqlı idi.
Bu Şəxsin
özü Ağdamlı
idi, Səsi bütöv Azərbaycanlı,
tamam Turanlı, bütün cahanlı.
Öncə sənnənəm, ay Şəxs! Niyə bir elə qəribə
idin, bütün məclislərdə qərib
idin? Axşamların şəri qarışmamış
kefsizləyən, səhərlərin
gözü açılmamış
qürub idin? Nədən bu ömür karvanına bu sayaq sarbanlıq
etdin, ey avazi-bəzirgan?!.
İndi sən bir az gözlə, ay Şəxs, bu yannan çox səbirsiz bir Səs yaman “aman-aman”la səsləyir məni!
Buyur, ay Səs, qulağım səndə - “darı-dən”də!
Ləzzətindən taqətim yox
anlamağa - kəhər-köhlən
kişnəmələrinə, nər dəvə bozlamalarına, nalə-zəngulələrinə
güldən-vergüldən bir çiləkən ver.
Qoy görək axı, bu yaşda
- anasından ayrı düşmüş çağa
kimi nə çağlayıb-çatdıyırsan?
Qatarından ayrılmış
durna cürənə
qaqqaşaqlayır, yaz
leysanı tökəsi
şimşəklərə timsal şaqqaşaqlayır,
yurddanuzaq dəfn ediləsi sonnəfəs qəriblər sayağı
fəqanlayırsan?..
...Hə, indi sözüm sahibinə - Şəxs əfəndimə, sənin
bütün qüdrətinə
qadir Qədirin özünə dairdir.
Səni xatırlayanda adamın
qulaqlarına bulaqların,
çeşmələrin, şəlalələrin,
çayların, bütün
xoş hay-haraylı olayların səs-sədaları
gəlir, ay Şəxs!
Gözlərimiz önündə
yurdun bütün ormanlarının, dağlarının,
bağlarının, meşələrinin
mənzərələri cilvələnir.
Bu təbiət adları
bir vaxt mənə çox əsər etmiş əsərlərdən birini
(“Kür qırağının
meşələri”ni),
onun baş qəhrəmanı Qədiri
və bütün sözü-söhbəti, təsvir
edildiyi maneraları ilə “sallana-sallana gələn” xanımlara bənzəyən Salatının
onu necə səsləməsini xatırlatdı.
Bu zövcə onu daim incidən, kolxoz sədrinin papağını idarənin
pəncərəsindən çölə
tolazlayan, haqq sözü üzə deyən, sovet ip-sapına yatmayan və nəhayət, tutulub, bu tənha
qadını başsız
qoyan ərinə etdiyi müraciət çox musiqili səslənir: “Qədir,
ay Qədir...”
“Səslənir”
dedim,
o Səs yenə səsləndi mənə.
Buyur görək, ay yeri-göyü
lərzəyə gətirən
Səs! Dəniz kimi fırtınalayıb,
səhrasayaq tufanlayan Səs!
Necə?! Mümkündürmü, bu cür gur işıqlı Səs mayakı olan bir gəmi
dəryada qala?
Bu kəsərdə səda
kərəntisinin biçənəyində
biçilməmiş zəmi
ola? Lap elə
belə olsa da, elə səslənmə,
Qədir, ay Qədir! Yoxsa, bu mahnıya
qulaq asa-asa adam dəli
olar, sonra da zəli olub
yapışar ruhunun yaxasından ki, məni də apar! Bu ruhun sahibi də ki, - iraq-iraq - oradakı qoşa məkanın bədində
deyil ha, özünə
yoldaş axtarsın; milyonlarla alxışçı,
xeyir-duaçı, rəhmətoxuyan
təltifləriylə cənnətdə
bərqərardır, yəqin...
Bəs bu Səs Şəxs haqda daha nə? Bu darmacalda ondan
nələri, nəmənələri
xatırlayıb, bu ayna qəlblini, “Qovğa” ləqəbli, “dayna” ləhcəli, qızıl külçəlini
yaxından tanımayanlara
xatırlatmalı? Ondan
müsahibə almağı
bacaran jurnalistlərin
özlərini Qarsın
qalasını alana tay tutmalarınımı? Toylarda
ona verdikləri sifarişin ifasına nail olan cayılların öz qələbələrinə
hayıl-mayıl olmalarınımı?
Onun üzünə “sən böyük sənətkarsan”
deyib, heç vaxt təsdiqlədə bilməyənlərin düşkün
vəziyyətə düşmələrinimi?
“Yordunuz” məni, ay tapa bilmədiyim sözlər!
Əlacım bir haşiyə
çıxımına qalıb.
...Deyir, bir gecə küçədə
bir SSRİ Xalq artistimizi tutub əl-qolunu bağlayır,
ciblərini soyur, “daha nəyin var, ver!” deyirlər.
“Mən xanəndəyəm”
cavabını eşidirkən
“onda oxu!” deyə əmr edirlər. O isə:
“Əlim-qolum bağlıdır,
necə oxuyum?” sözlərindən savay heç nə ifa edə bilmir.
Daha birisini tutub deyirlər oxu, deyir mikrofonsuz necə oxuyum? Sonra, Qədir, ay Qədir, səni tutub ciblərini axtarır, axtarır, axtarır və deyirlər: “Ə, bu zalım oğlunda səsdən başqa heç nə yoxuymuş ki!..”
Tale səni əbədilik etdi, hey Səs!
Allah sənə
rəhmət eləsin,
ay Şəxs!..
Tahir Əhmədalılar
Mədəniyyət.-
2012.- 21 noyabr.- S. 11.