Vokal müəlliminin əməyi zərgər işinə bənzəyir”

 

   Məryəm Babayeva: “Uşağa ifaçılığı elə öyrətmək lazımdır ki, gələcəkdə onun sağlamlığında fəsadlar yaranmasın”

  

   Hər bir işə peşəkar yanaşma həm də gözəl, faydalı nəticə deməkdir. Zaman-zaman el arasında səslənən “Zər qədrini zərgər bilər”, “Çörəyi ver çörəkçiyə” kimi deyimlər də işində peşəkar olan insanları təcəssüm etdirib. Yazıya belə giriş verməyimiz təsadüfi deyil. Çünki budəfəki müsahibimizlə söhbətimizin mövzusu peşəkar vokal ifaçılığı sənətidir.

  

   Nüfuzlu müsabiqələr laureatı olan bir çox gənc ifaçılar yetişdirmiş Məryəm Babayeva 1988-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirdikdən sonra Sankt-Peterburq Konservatoriyasının professoru Viktor Yemelyanovun sinfində təhsilini davam etdirib. 2002-2008-ci illərdə Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbinin vokal sinfində müəllim işləyib. Özünün dediyi kimi, müəllim olaraq məhz bu məktəbdə çalışmasında Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və vokal kafedrasının müdiri, Xalq artisti Xuraman Qasımova ona dəstək olublar. Hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti olan Məryəm xanım xanəndəliyin sirlərini öyrənən tələbələrə ikinci ixtisas kimi kamera konsert oxunması fənnini tədris edir. Bununla yanaşı, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində gənc vokalçılar yetişdirir.

   - Məryəm xanım, əvvəlki dövrlərlə müqayisədə Azərbaycanda uşaqlar və gənclər arasında vokal sahəsinə maraq necədir?

   - Əgər ötən əsrin 70-80-ci illəri ilə müqayisə etsək, hazırda uşaq və gənclərimiz arasında bu sahəyə maraq böyükdür. Vokal ifaçılığına gələnlərin sayı ildən-ilə artır. Sadəcə olaraq bu sahədə peşəkar ifaçı kimi yetişmək istəyən yeniyetmələrə müəllimlərimiz çox həssas və peşəkar yanaşmalıdır.

   - Peşəkar və həssas yanaşma dedikdə nəyi nəzərdə tutursunuz?

   - Bilirsiniz, digər musiqi müəllimləri ilə müqayisədə vokal müəlliminin işi daha çətindir. Məsələn, piano ixtisasına gələn uşağın qarşısına hazır alət - piano qoyurlarona bu alətdə ifa etməyi öyrədirlər. Vokal müəllimi isə uşağın səs ifaçılığını (səs alətini) nizama salmalı və sonra ondan istifadə etməyi öyrətməlidir. Bunun özü çətin bir prosesdir. Çünki uşaqlarda nitq danışığı sinə səsi olur. Müəllim səsin təşkili mexanizmini nəzərə almayanda uşağı elə malik olduğu səslə öyrətməyə, oxutmağa başlayır. Lakin əvvəlcə səs qaydaya salınmalıdır. Çünki sinə səsi sinirendokrin sisteminə sıx bağlıdır. Bu baxımdan səslə, sinə registri ilə çox ehtiyatla davranmaq lazımdır. Elə öyrətmək lazımdır ki, gələcəkdə uşağın sağlamlığında müəyyən fəsadlar yaranmasın.

   - Uzun illərdir ki, bu sahədə çalışan müəllim kimi vokal sənətinə gələn gənclərə məsləhətiniz nədir?

   - Sizə bəzi misallar göstərim. Məsələn, yaxşı səs imkanları olan bir qız gözəl soprano ifaçı kimi yetişə bilərdi, amma orta registrdə sinə səsindən istifadə etməsi onu çərçivəyə salaraq səsinin inkişafına mane olub. Gələcəkdə bu qız soprano deyil, metso-soprano ola bilər. Amma oğlan uşaqlarında səs dəyişən dövr, yəni mutasiya dövrü varbu, çox ağır keçə bilər. Ola bilsin ki, mutasiyadan sonra ümumiyyətlə, o heç oxuya bilməsin. Müasir dövrdə nədənsə uşaqlar estrada janrını daha çox sevirlər. Mən bir peşəkar vokal müəllimi kimi qızların 15 yaşa qədər estrada janrında oxumalarının əleyhinəyəm. Bəzən belə bir fikirlər də səslənir ki, mutasiya dövründə oğlan uşaqları qətiyyən oxumamalıdırlar. Mən bu fikirlə də razı deyiləm. Əgər belədirsə, onda gərək oğlan uşaqları danışmasın, səslərini çıxarmasınlar. Təbii ki, bu da mümkün deyil. Əvvəla bu uşaq solfecio dərslərini davam etdirməlidir. Çünki solfecio dərslərində uşaqlar oxuyurlar. Bəzən bunları xor müsabiqələrinə dəvət edirlər. Həmin müsabiqələrdə bu uşaq oxuyur. Amma olmazmı ki, həmin dövrdə bu uşaq müəllim nəzarəti altında oxusun...

   - Məryəm xanım, sizə elə gəlmirmi ki, bu mənada vokal müəllimi həm də tibbi biliklərə malik olmalıdır? Ümumiyyətlə, mükəmməl vokal ifaçısı yetişdirmək üçün onun müəllimi daha hansı məsuliyyətləri daşıyır?

   - Əlbəttə, vokal müəllimi müəyyən tibbi biliklərə malik olmalıdır ki, uşağı da düzgün yönəldə bilsin. Axı səs insan orqanizminin bir hissəsidir. Səs zədələnərsə, insan öz danışıq qabiliyyətini itirərsə, fikirlərini ifadə edə bilməzsə, artıq fiziki qüsur yaranır və onu heç işə də götürməzlər. Vokal müəllimi məhz bu məsuliyyəti daşımalıdır. Məsələn, mən uşağın gələcək müğənnilik fəaliyyətini hələ bir kənara qoyuram. Gələcəkdə bu uşağın səhnə mədəniyyəti, əcnəbi dil biliyi də olmalıdır ki, bütün bunları da vokal müəllimi yönəltməlidir. Bir sözlə, o, uşağa düzgün yol göstərməli və məsuliyyət daşımalıdır.

   - Olmazmı ki, bütün bu işlər kompleks şəkildə idarə olunsun? Ümumiyyətlə, dünyada belə bir təcrübə varmı?

   - Əslində, bir sıra ölkələrdə ixtisaslaşdırılmış uşaq vokal məktəbləri, xüsusi tədris mərkəzləri fəaliyyət göstərir. Bizdə sadəcə məktəblərdə vokal şöbələri var. İstərdim ki, Azərbaycanda da belə məktəblər qurulsunora da təkcə vokal müəllimi deyil, digər peşəkarlar, məsələn, həkimlər, italyan dili müəllimləri cəlb edilsin. Belə bir mərkəzə başqa ölkələrdən də tələbələr oxumağa gələ bilər. Bütün musiqi janrlarının əsasını akademik klassik vokal təşkil edir. Bu baxımdan həmin məktəblərdə təkcə klassik janrda oxuyan uşaqlar deyil, xanəndələr, estrada janrında oxuyan uşaqlar gəlib səslərini sağlam formada işlətməyi öyrənə bilərlər. Məsələn, muğam müsabiqəsində iştirak edib laureat adı alan elə gənclər var ki, hazırda onları tanımaq olmur. 16-17 yaşlı bu gənclərin səsindən heç bir əsər-əlamət qalmayıb. Estradaxalq ifaçılığı janrında sinə səsindən istifadə olunur ki, buna ehtiyatla yanaşmaq lazımdır. Əgər istifadə edirsə, bu zaman hansısa profilaktik görməlidir. Yalnız o halda həmin uşaq gələcəkdə də bu səsdən istifadə edə bilər. Azərbaycan xalqı çox istedadlıdır. Bizim istedadlı uşaqlarımız çoxdur. Amma onların ifaçılığını peşəkar istiqamətdə inkişaf etdirmək lazımdır. İndidən onların sağlamlığını qorumaq lazımdır.

   - Məryəm xanım, yetişdirdiyiniz tələbələr neçə-neçə beynəlxalq müsabiqələrin laureatıdır. Necə hesab edirsiniz, vokal ifaçının mükəmməl yetişməsində əsas amil müəllimdir, yoxsa şagird?

   - Əlbəttə ki, müəllim. Əvvəla, səs hamıda var. Amma müğənni səsi artıq Allah vergisidir və hər kəsdə olmur. Yəni müəyyən meyarlar olmalıdır və ona əsaslanıb demək olsun ki, bunun səsi müğənni səsidir. Mən vokal müəlliminin əməyini zərgər işinə bənzədirəm. Təbiətdə çoxlu qiymətli daşlar var. Bu daşlar bir naşının əlinə düşər və onu qırıq-qırıq edər. Amma əsl sənətkar o daşdan elə bir sənət əsəri düzəldər ki, hər kəs heyran qalar. Mənim Lətifə Orucova, Aytən Məhərrəmova kimi xanəndə tələbələrim var. Bir maraqlı faktı deyim: mən Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyəndə bu təhsil ocağına “master klassaparmaq üçün bir italyan mütəxəssis gəlmişdi. Mənə dedi ki, şagirdimi ona göstərim. O zaman şagirdim 12 yaşında qız idi. Onun ifasına heyran oldudedi ki, bizdə bu yaşda uşaqlar belə ifa edə bilmirlər. Məndən olsa hər bir vokal müəlliminin sinfində belə bir şüar yazardım: «Ziyan gətirmə». Mən bunu əsassız söyləmirəm. Bu yaxınlarda Naxçıvanda yaşayan 42 yaşlı bir kişi səsini düzəltmək üçün mənə müraciət etdi. 6 ay əvvəl demək olar ki, danışa bilmirdi. İndi o insan normal danışır. O, vaxtilə səsdən düzgün istifadə etmədiyinə görə bu vəziyyətə düşüb. Demək istəyirəm ki, auditoriya qarşısında çıxış edən insan da, müəllim səsdən düzgün istifadə etməlidir. Axı səs sinir sistemi ilə əlaqədardır. Müğənninin sinir sistemi, psixologiyası qaydasında olmalıdır. İnsanın həyat problemləri var. Səs sağlam olmalıdır ki, müğənni ondan normal ifa edə bilsin. Tələbə adətən vokal müəllimini təkrarlayır. Ona görə vokal müəllimi öz üzərində işləməli, səsi hər zaman formada olmalıdır. Axı o yaşlanır bu da səsə təsir edir. Hər bir vokal müəlliminin əlində ilk növbədə silahı olmalıdır ki, bu metodikadır. Hərdən bir ifaçını dinləyirsən, üzünü görmürsən. Bəlkə 18 yaşı var. Amma elə bil ki, yaşlı səsidir. Deməli, müəllimi yaşlıdır uşaq da onun səs xüsusiyyətlərini götürüb. Bir sözlə, səsi qaydada saxlamaq üçün hər zaman üzərində işləmək lazımdır. Eyni zamanda, bu sahədə maarifləndirmə işləri aparılmalıdır.

  

 

   Söhbətləşdi: Mehparə

 

  Mədəniyyət.- 2012.- 21 noyabr.- S. 10.