Dost gəlişi bayram olar

 

   Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri

  

   Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələri ilbəil inkişaf edir. Bu əlaqələrin genişlənməsinə, mədəni mübadiləyə qarşılıqlı mədəniyyət günləri də öz töhfəsini verir. Bu xüsusda dost türkdilli ölkələrlə əməkdaşlığın ayrıca yeri var.

  

   Belə tədbirlər vasitəsilə xalqlarımız bir-birinin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Noyabrın 19-20-də ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti Günləri də buna daha bariz nümunədir. Xatırladaq ki, "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında imzalanmış mədəniyyət, elmturizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" 1 mart 2004-cü il tarixli sazişə əsasən cari ilin iyununda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə qeyd olunmuşdu. Dost ölkənin mədəniyyət xadimlərinin Azərbaycana səfəri də sənət bayramına çevrildi.

  

   Qazaxıstan fotoşəkillərdə

  

   Noyabrın 19-da Dövlət Akademik OperaBalet Teatrında Azərbaycanda Qazaxıstan Respublikası Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirildi.

   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın mədəniyyət və informasiya naziri Darxan Mınbay və digər mərasim iştirakçıları əvvəlcə teatrın foyesində Qazaxıstan mədəniyyətini, tarixi abidələrini, təbii gözəlliklərini, müasir inkişafını, idman nailiyyətlərini və s. əks etdirən fotosərgi ilə tanış oldular. Tamaşaçılara təqdim olunan 120-dən çox foto Qazaxıstan haqqında dolğun təəssürat yaradırdı.

   Tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri də iştirak edirdi. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirdi ki, belə tədbirlər ölkələr arasında mədəni əlaqələri daha da gücləndirir: «Sərgi maraqlıdır və mənim çox xoşuma gəldi. Ümumiyyətlə, tədbir iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir”.

   Qazaxıstanın Azərbaycandakı səfirinin məsləhətçisi Şahmurad Oturbayev isə Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlər vasitəsilə xalqlarımızın bir-biri haqqında daha çox informasiya əldə etdiyini dedi: “Azərbaycan və qazax xalqlarının tarixi dostluq əlaqələri var. Biz bu dostluğun daha da möhkəmləndirilməsinin tərəfdarıyıq. Bu mənada belə tədbirlər mühüm əhəmiyyətə malikdir”.

  

   Əlaqələr genişlənir

  

   Sərgiyə baxışdan sonra təntənəli mərasim keçirildi. İki ölkənin nazirləri təbrik nitqi söylədilər.

   Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq Qazaxıstan Mədəniyyəti Günlərinin iki ölkə arasında əməkdaşlığa mühüm töhfə olduğunu bildirdi: “Azərbaycan və qazax xalqlarının tarixi dostluğunun kökləri əsrlərə gedib çıxır. Ümidvaram ki, xalqlarımız arasında mövcud olan mədəni körpü daim yaşayacaq və genişlənəcək, bizə maraqlı layihələr bəxş edəcək”.

   İki ölkə arasında bugünkü münasibətlərdən danışan nazir vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin rəhbərliyi ilə bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir: “İki ölkənin prezidentlərinin şəxsi dostluğu və səyləri sayəsində həmin münasibətlərə yeni təkan verilir. Bugünkü tədbir də buna misaldır. Belə tədbirlərin keçirilməsinin hər iki tərəfin xalqlarının daha da yaxınlaşması baxımından çox əhəmiyyətlidir. Bu ilin iyununda Qazaxıstanın paytaxtı Astanada və Almatı şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycan da bu gözəl ənənəyə sadiq qalaraq Qazaxıstan Mədəniyyəti Günlərinə ev sahibliyi edir. Ümid edirəm ki, tədbir iştirakçılara gözəl anlar bəxş edəcək”.

   Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Darxan Mınbay da qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin artıq ənənəyə çevrildiyini dilə gətirdi: «Mədəniyyət və incəsənətin sayəsində biz bir-birimizi daha yaxından tanıya bilərik. Əlbəttə, biz tarixən eyni köklərə malik xalqlarıq. Bizim hazırkı dövrdə çoxlu inteqrasiya imkanlarımız mövcuddur. Mədəniyyət bu mənada körpü rolunu oynayabir-birimizi daha yaxından tanımağa kömək edə bilər.

   Bu gün buraya Qazaxıstanın Avropa səhnələrində çıxış edən tanınmış sənətçiləri gəlib. Ümid edirəm ki, konsertdən böyük zövq alacaqqazax mədəniyyəti haqqında daha geniş təəssürat əldə edəcəksiniz. Sevinirəm ki, mədəniyyət xalqlarımızı bu qədər yaxınlaşdırır. Biz bundan sonra böyük məmnunluqla öz qardaşlarımızı - azərbaycanlıları Qazaxıstanda gözləyəcəyik”.

  

   Qala-konsert

  

   Sonra Qazaxıstanın incəsənət ustalarının iştirakı ilə qala-konsert təqdim edildi.

   Konserti Dinzuxra Tlendiyevanın dirijorluğu ilə Qazaxıstanın Nurqisa Tlendiyev adına “Otırar sazı” akademik folklor - etnoqrafik orkestri açdı.

   Qazaxıstanın xalq və bəstəkar mahnıları, vokal ifaları, milli rəqslər, V.Motsartın əsərləri ifa edildi. Qazaxıstanın Xalq artisti Alibey Dnişevin ifasında unudulmaz bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı zalda böyük alqışlarla qarşılandı. Bundan başqa, «Gülden» rəqs ansamblı, Qazaxıstanın milli aləti olan dombranın müşayiəti ilə ifa edilən türk melodiyaları və digər musiqi nömrələrinin də yer aldığı konsert xoş təəssürat və gözəl anlarla yadda qaldı.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2012.- 21 noyabr.- S. 8.