Ümumhalət
sənətkarı...
Fikrət Əmirov - 90
Ümumxəlqi bir
coşğudur, xoş
ovqatdır, təlatümlü təntənədir - Fikrət
Əmirov musiqisi!
Onun sir-sifətindən, hər-hərəkətindən,
göz qırpımlarından, qaş dartımlarından,
baxışlarını bir nöqtəyə
zilləməsindən, müsahiblərini dinləmə
pozasından, xəyaladalma “doza”sından,
çıxış-nitqlər zamanı tribunalara
sinəgərmələrindən, mətbu-kitab kəlmələrindən...
də musiqi sədalanırdı. Bilsəydim
ki, oxucularımız arasında bu “janr”lı musiqini də
eşidəbilənlərin sayı lap çoxdur, sözümün
qəribliyə salınmayacağına əmin olub, daha bir
neçə leksik-simfonik mətləbə
toxunardım...
Neynim, möhtərəm oxucum, fikriniz hər birinin “sarı sim”i olan musiqi alətlərinə, ümumən musiqi dilinə getməsin, qələm - hər rənglisi olmasına baxmayaraq, əsl nəğməkarlığın, ecaz bəstəkarların təqdimi işində xeyli aciz “mizrab”dır. Bu kağız-kuğuz alətiylə min dəfə yazıb-çalsan da, Belinski demişkən, “onların bir kərə səsləndirilməsinin yerini verə bilməz”. Neyləyəsən, bunlar da gözəgörünən, əllə toxunula bilən maddi-mədəniyyət abidələrinin səs-səda, duyğu-uyğu variantlarıdır. Kərpic-kərpic hörülən maddi-mədəniyyət abidələrinin əzəmətli sütunları, ecazkar ornamentləri gözləri necə oxşayırsa, takt-takt yoğrulub, xal-xal yapılan bu füsunkar mənəvi abidələr də qulaqları, könülləri, duyğuları eləcə nuş-guşlayır.
Hər millətin ümumhalətini, duyğu-düşüncə və digər mental portretini yaradabilməkliyin özü də bir mənəvi mesenatlıqdır ki, xalq bu tip xeyriyyəçilikdən digər sosial-iqtisadi əltutmalara nisbətdə daha uzunömürlü yararlanmalar görür. Məsələn, Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov şedevrlərinin Qız qalasından, Akropoldan daha çox yaşayıb, millətinə, bəşəriyyətə daha artıq şöhrət gətirəcəyinə kimin şübhəsi ola bilər?
Bu məqamda bu dahi üçlükdən birinin üç simfonik muğamını - “Şur”, “Kürd ovşarı” və “Gülüstan Bayatı-Şiraz”ını xatırlayaq və bu yazının burdan beləsinə onların müşayiətilə davam edək.
Bu əsərlər
nə söylərlər?..
Elə sözlər, mətləblər söylərlər ki, əgər söhbət çox yazmaqdan gedirsə, “meşələr qələm, dəryalar mürəkkəb ola”, yenə yazıb qurtarmaq olmaz. Məsələnin çətinliyi az, amma saz yazmaqdadır. Bu isə, ümumbəşər fitrətli, dünya şöhrətli Fikrət Əmirov musiqisindən bəhs edərkən, mümkün deyil. Xüsusən də əcnəbi yazarların yazdıqlarına, dediklərinə nisbətdə! Hələ mən dahi sovet bəstəkarlarının - professionalların deyib-yazdıqlarını demirəm, onun “Gülüstan Bayatı-Şiraz”ı Amerikada səslənirkən bir jurnalistin yazdığı sözə baxın (!): “Bu cavan Amerika salonu qocaman Şərq xəyalatına dalmışdı...”
Bu dünyanın nəğməsiz günləri, nəqaratsız saatları, urvatsız dəqiqələri də var. Mayasında heç bir xoş not, nuş ovqat olmayan problemlərdən də xali deyil bu aləm. Onlardan bir-ikisi bu ilin fevralında çap etdirəcəyim bu yazının yubanmasına səbəb oldu. Sonra belə qərara gəldim ki, neynək, onun bu dünyadan gedişi gününə çatdıra bilmədiyim materialı bu dünyaya gəlişi tarixçəsinə daha geniş, əhatəli hazırlayaram. Və sən demə, o vaxt mənə mane olub ruhdan salan o minor səbəblərin vaxt-taxt qonşuluğunda məni tamam dirçəldəsi bir major səbəb də doğulmaqdaymış...
Dünyanın nəhəng musiqi sənəti dəryasına qışov axarlı, lirik baxarlı böyük bir çay bəxş etmiş Fikrət Əmirovun doğum günü ərəfəsində Az.TV-nin “Mədəniyyət” kanalında “Azərbaycan kapriççiosu” gurlayırkən, öz tank “uğunnu”sunu darısqal otağımızın döşəməsi boyunca uğuldadan üç yaşlı nəvəm Qarabağ savaşına “hazırlıq fəaliyyəti”nə ara verib, ekrana diqqət kəsildi. Anasına təbəssüm, mənə - gah məlum, gah da məchul, atasına sual dolu baxışlarla nəzər yetirib, yekə-yekə kişilənməyə, əkə-əkə nəşələnməyə başladı. Atası: “Hə, Atilla, kapriççio!” - dedi və sonuncu yad kəlməni bir neçə kərə təkrar etdi. Efirdən eşitdiyi ecazkar sədalardan, atasının hiss-həyəcan dolu nidalarından vəcdə gəlib, daşıb-köpürən uşaq o termini belə ifadə etdi: “Köprüçço!”
Yaşı min illərlə ölçülən bu qəlb sənətinin, könül sərvətinin, üçyaşlı bir könülü də təlatümə gətirən bu növbəti Azərbaycan tilsiminin körpə dilində təsadüfən (?!) məhz bu sayaq tələffüzü məni bütün problemlər varımdan yox, “yazım-yazmayım” istixarələrimdən isə var elədi...
Məsələnin “giriş”i ki belə başladı - böyük bəstəkarın milyonlarla nəvə-nəticələrindən biriylə ilgili belə alındı - gərəkdir ki, sözün-söhbətin yönünü elə sağlığındaykən ululaşmağa başlamış ustadın uşaqlıq çağlarına sarı çevirməklə davam edək.
Böyük
uşaqlıq...
“Sevil” operasındakı “Balama qurban alçalar - balam haçan əl çalar, Balama qurban inəklər - balam nə vaxt iməklər” kimi həyat-bayatı simfoniya Fikrət Əmirovun bütün yaradıcılığının əzəl mübtədaları idi. Beləliklə, böyük Cəfər Cabbarlının bütün gələcəkdə də əl çalınası bu qələm qənimətlərinə böyük Fikrət Əmirov partitura əbədiyyəti də bəxş etdi. Hələ eyforik bir gümanla qeyd edim ki, Cəfər bu ecazkar xalq yaradıcılığı portretinə Bakıda karandaş çalarkən, yəqin Fikrət də bunları Gəncədə öz yaddaş partiturasına alırmış...
Sonu çox böyük, qüdrətli nəticələrə gedib çıxası bu əməllərin təməli 1922-ci il noyabrın 22-də qoyulmuşdu. Dövrünün məşhur sənətçilərindən olan Məşədi Cəmilin adi evində, sadə ailəsində baxışlarından od saçan, qırımından qeyri-adilik yağan bir oğlanın doğulduğu gündən başlamışdı. Orta məktəbdəki “istedadlı dəcəllik”, fəhm-fərasət bioqrafiyası bir ayrı söhbətin mövzusu olan bu oğlan 20 yaşında Gəncə Filarmoniyasının, 23-ündə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi - “sinninə natab, zehninə bab” vəzifələrə layiq görülmüşdür. Camaat ali, bəzən də orta vəzifələrə ali məktəb bitirəndən sonra irəli çəkilirkən, Fikrət əksinə - Bakı Konservatoriyasında ali təhsilə belə vəzifələrdən keçib getmişdi.
Sonralar “...bütöv bir xalqdır!” epitetilə dəyərləndirəcəyi Üzeyir Hacıbəylinin (və Boris Zeydmanın) siniflərində dərs aldığı bu məktəbi 1948-ci ildə bitirmiş tələbə Fikrət Əmirov o çağadək artıq əsl ustad nominasiyası ilə qiymətləndiriləsi əsərlər bəstələmişdi.
Üç il (1956-1959) direktoru olduğu Azərbaycan Dövlət Opera və Balet Teatrında sənətin ali sirlərini də öyrənib-öyrədən bəstəkar bundan sonra rəsmi işlərdən, sənəd vəzifələrindən uzaqlaşıb, özünü büsbütün sənət vəzifələrinə həsr edir. Öz “ucqar” Bakısında doğma, “kəndçi” notlarla əlləşən bu “periferik” gənc dünyanın böyük mərkəzlərilə vuruşa, nəhəng bəstəkarları ilə yarışa, əlləri sehr çubuqlu azman dirijorlarla döyüşə hazırlaşırdı. Amerika, Almaniya, Fransa, Rusiya kimi siyasət derjavalarında isə Stokolovski, Abendrot, Müns, Rojdestvenski kimi sənət bahadırları özlərini “Fikrət Əmirov epoxası”na, “Əmirov zəlzələsi”nə, “Şur” təlatümü”nə, “Kürd ovşarı” “arxeologiyası”na, “Gülüstan Bayatı-Şiraz” ekzotika-ekologiyası”na hazırlayırdılar.
Adları qeyd olunan dahiyanə simfonik-muğam triosu ilə bu janrın bünövrəsini qoymuş dahi bəstəkar hələ vur-tut otuz bir yaşında ikən yazdığı “Sevil” operası ilə milli lirik-psixoloji opera və “Azərbaycan - konsert” janrlarının banisi idi. 1953-cü ildə Opera və Balet Teatrında tamaşaya qoyulan “Sevil” bütöv bir onilliyin hadisəsi olmaqla bərabər, sonrakı dövrlərin də dilindən düşməyən sənət nümunəsi kimi qiymətləndirilməkdədir.
Ölməz sənətkarın həmin əsərlərilə son iri işlərindən olan “Min bir gecə”, “Nəsimi” baletləri məsafəsi arasında onlarca nümunələr var ki, hər biri haqda saatlarla danışmaq, səhifələrlə yazmaq olar. “Nizami” simfoniyasını, “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan süitası”nı, “Azərbaycan qravürləri”ni ürəkdolusu, zövq doyusuyla, xatırladınızmı? “Gözün aydın”, “Ürəkçalanlar” kimi duzlu-məzəli komedik musiqilərini yad edib, təbəssümləndinizmi? Özünəməxsus sənət, sənətkar dəst-xəttilə yazdığı instrumental, kamera-vokal əsərlərini - “Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm - gülsən”, “Reyhan”, “De görüm, neyləmişəm”, “Toy” kimi romans və mahnılarını, neçə-neçə pyes-prelüdlərini, dram-tamaşalarına, kinofilmlərə (“Səhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyildim”) yazdığı lirik, dinamik, dramatik musiqiləri anıb, özünüzü “Nəğmə üfüqləri” qoynunda sandınızmı?..
Onun söz, publisistika, kitab yaradıcılığından xəbərdar olanlar da az deyil, məncə. Sözün zərif çalarları, üslubu, deyim tərzi, təsvir, dil obrazlılığı da musiqisi kimi aydın, dərin, maraqlı, mənalı məqalələrini, kitablarını deyirəm. Birinin də adı:
“Musiqi
düşüncələri”
O düşüncələr bir qəlbin duyğu-duyurmalarından çox, bir xalqın zəngin sənət monoloquna bənzəyir. O düşüncələr oxucu gözləri önündə bənzərsiz folklorumuzdakı “sazla deyilənlər”in sözlə ifadəsi kimi canlanır. Bitkin fəsillər, yetkin sərlövhələrlə müşayiət olunan o düşüncələr “sənət və sənətkar”, “mədəniyyət və əbədiyyət”, “uzaqgörənlik və qədirbilənlik”, “əzmkarlıq və təvazökarlıq” kimi fəlsəfi sinonimlərin böyük sənətin mənəvi məbədi qarşısında qoşa and, əngin səma-fəzasında qoşa qanad olması zərurətini vurğulayıb, doğrulayır. O düşüncələr bizim xalq üçün o qədər də tanış olmayan böyük bəşəri musiqi janrlarının adca “yad”, dadca doğma olması frazalarını, böyük musiqiçi isimlərimizin mükəmməl obrazlarını yaradır...
Böyük sənətkar musiqi dilində bir qədər çətin anlanan fikirləri bu və digər kitablarında, məqalələrində, müsahibələrində əsl söz ustadı kimi açır. Onun telekanallarda ara-sıra nümayiş etdirilən kadrlardakı xoş duyğular doğuran hərəkətləri, baxışları, heç kəsə bənzəməyən jestləri, Qurban Pirimov, Bəhram Mənsurov kimi “canlı yaradıcılığa” bənzəyən ustadlarla təmaslarının özü də bioqrafik simfoniya təsiri bağışlamırmı?
...Bu qədər bənzədib-bənzəyən, canlandırıb-canlanan, yaradıb-yaranan müəllifin özü haqda heç nə yazmaması isə, təkrarsız musiqilərilə matımızı-qutumuzu qurudan, sevgilərimizi “əsir”, zövqlərimizi fəth edən bu fatehi gözlərimizdə daha da ucaltmırmı? Və onun iki dəfə - iyirmi yeddi və əlli səkkiz yaşlarında təltif edildiyi SSRİ Dövlət mükafatı laureatı, qırx üç yaşında layiq görüldüyü SSRİ Xalq artisti kimi adlardan da çox ucada durduğuna və bu sənətkarın dünya durduqca duracağına dəlalət etmirmi?
...Elə suallar var ki, onları cavablandırmazlar, sadəcə, xəyalən ya təsdiqləyər, ya təkzibləyərlər...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 21 noyabr.- S. 7.