Görkəmli
bəstəkar Emin Sabitoğlunun
xatirəsi yad edildi
Noyabrın 16-da
Dövlət Film Fondu
və Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının birgə təşkilatçılığı
ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı,
“Şöhrət” ordenli, professor
Emin Sabitoğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qonaqları salamlayaraq görkəmli bəstəkarın kino sənətinə verdiyi töhfələrdən danışdı. Daha sonra tədbiri aparmaq üçün söz musiqişünas, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynovaya verildi. O, bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Emin Sabitoğlu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alaraq bəstəkarlıq fəaliyyətinə başlayıb. Sonra təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləyib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün əsərlər yazıb. 700-dən artıq mahnı, 9 musiqili komediyaya, 40-a yaxın filmə musiqi bəstələyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova, Xalq şairi Vaqif Səmədoğlu, müğənni Xədicə Abbasova və başqaları çıxış edərək Emin Sabitoğlunun həyat və yaradıcılığından, yüksək insani keyfiyyətlərindən söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Mərasimdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarx təqdim edildi. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq” və digər filmlərdən sənətkarın unudulmaz musiqi parçaları səsləndi.
Sonda görkəmli bəstəkarın qızı Ceyran Mahmudova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Reyhan
Mədəniyyət.-
2012.- 21 noyabr.- S. 5.