Azərbaycan-Qazaxıstan
mədəniyyət əlaqələri müzakirə edilib
Noyabrın 19-da mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev Azərbaycanda keçirilən
Qazaxıstan Respublikasının Mədəniyyət Günləri
ilə bağlı ölkəmizə səfərə gəlmiş
Qazaxıstanın mədəniyyət və informasiya
naziri Darxan
Mınbayın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşdü.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycanda növbəti dəfə Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu bildirdi. Nazir iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişləndiyini, bu istiqamətdə maraqlı layihələrin həyata keçirildiyini bildirdi. Bu ilin iyununda Qazaxıstanın Astana və Almatı şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçdiyi qeyd olundu.
Keçmiş sovet respublikaları arasında iqtisadi inkişaf baxımından Azərbaycan və Qazaxıstanın ön sıralarda olduğunu deyən Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətə göstərilən dövlət qayğısı, yeni mədəniyyət ocaqları, muzey və teatrların inşası barədə məlumat verdi, iki ölkə arasında xüsusilə muzey sahəsində təcrübə mübadiləsi həyata keçirməyin vacibliyini qeyd etdi.
Gələn il Azərbaycanda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini diqqətə çatdıran nazir Qazaxıstanın nümayəndə heyətini bu tədbirə dəvət etdi.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Darxan Mınbay iki ölkənin xalqları arasında tarixi bağlardan söz açdı, tarixi irs və adət-ənənələrin, bugünkü əlaqələrimizin bizi birləşdirdiyini vurğuladı. Azərbaycanda son illər beynəlxalq əhəmiyyətli tədbirlərin həyata keçirildiyini yüksək qiymətləndirən qonaq bir dost kimi ölkəmizin uğurlarına hər zaman sevindiklərini bildirdi.
TÜRKSOY-un fəaliyyətindən də söz açan qonaq qeyd etdi ki, türk ölkələri olaraq adət-ənənələrimizi, mədəniyyətimizi qorumaqla xalqlarımızın mədəni inkişafına töhfə verməliyik. Qonaq Astananın 2012-ci ildə “Türk Dünyası mədəniyyət paytaxtı” və “MDB ölkələrinin mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində keçirilən tədbirlərdən danışdı.
Görüşdə iki ölkə
arasında mədəni əlaqələrin daha
da genişlənməsinin zəruriliyi
vurğulandı, Azərbaycanda Qazaxıstan
Respublikasının Mədəniyyət Günlərinin də
bu mərama xidmət etdiyi
bildirildi.
Mədəniyyət.-
2012.- 21 noyabr.- S. 3.