Muzey Mərkəzində “Adsız” fotosərgi
Noyabrın 20-də Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə fotoqraf Şahin
Hüseynovun “Adsız” fərdi fotosərgisinin
açılış mərasimi keçirildi.
Tədbiri Mədəniyyət və
Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri
və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov
açaraq Şahin Hüseynovun özünəməxsus
yaradıcılıq üslubundan danışdı. Qeyd olundu
ki, foto ustası bədii fotoqrafiya ilə məşğul
olaraq maraqlı işlər ərsəyə gətirib. Onun
işlərində işıq kölgə oyunu maraqlı təqdimatda
verilir. Mədəniyyət və Turizm Nazirliyi belə gənc
istedadların fəaliyyətini hər zaman diqqət mərkəzində
saxlayır.
Tanınmış fotoqraf Rafiq Qəmbərov
bildirdi ki, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin məzunu olmuş
Ş.Hüseynov 1998-ci ildən fotoqrafiya ilə məşğuldur.
Ötən müddət ərzində onun əsərləri
bir sıra yerli və xarici ölkələrdə
keçirilmiş sərgilərdə nümayiş olunub.
Fotoqraf 2006-cı ildə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təşkil olunmuş «Mənim
Azərbaycanım» adlı ümumrespublika fotomüsabiqəsinin
qalibi olub.
Sonra fotoşəkillərə
baxış keçirildi. Sərgidə fotoqrafın 80-dən
çox əsəri nümayiş olunur. Tədbirdə həmçinin
iştirakçılara fotoqrafın əsərlərindən
ibarət kataloq təqdim edildi. Sərgi noyabrın 22-dək
davam edəcək.
Ceyhun
Mədəniyyət.-
2012.- 21 noyabr.- S. 2.