“Nur dünyası” adlı sərginin
açılışı keçirildi
Noyabrın 16-da “Yeni Gallery” salonunda rəssam Tahirə
Abdullayevanın “Nur dünyası” adlı sərgisinin
açılışı keçirildi.
Ekspozisiyada rəssamın 33 işi
nümayiş olunur. Qurani-Kərimdən kəlmələr və
deyimlərlə zəngin rəsm əsərləri zərgər
işinə bərabər xəttatlıqla işlənilib.
Sərgi haqqında məlumat verən
müəllif bildirdi ki, bu işlər üzərində bir
ildən çox çalışıb. Rəssam bu əsərləri
işləməzdən öncə Qurani-Kərimi öyrəndiyini,
daha sonra ərəb əlifbasına, xəttatlığa yiyələndiyini
bildirdi. T.Abdullayeva rəsm əsərlərində
insanlığa dini prizmadan baxışın olduğunu
bildirdi: “Ümumilikdə bu mövzuda 43 rəsmim var. Gələcəkdə
kolleksiyamı zənginləşdirmək niyyətindəyəm”.
“Yeni Gallery”in direktoru Rafael Gülməmmədli
sərgi münasibətilə rəssamı təbrik etdi. Onun
sözlərinə görə, necə ki musiqi və ya digər
sənət növləri ilə ruhumuz qidalanır,
rahatlıq tapır, eləcə də rəsm əsərinin
böyük mənası və təsiri olmalıdır.
Sərgidə “Allahın
möhürü”, “Göz”, “Ən-Nur”, “Əl-Ahad”, “Əl-Vədud”,
“Təsbeh”, “Qurani-Kərim” və s. rəsmlər yer alıb.
Reyhan
Mədəniyyət.- 2012.- 21 noyabr.-
S. 4.