Ədəbi
abidələr
Qədim Azərbaycan ədəbiyyatı
tarix boyu müxtəlif mərhələlərdən
keçib. Təbii ki, sovet dövründə bu ədəbiyyat
müəyyən redaktələrə, ixtisarlara, diktələrə
məruz qalıb. Ən başlıcası da odur ki, klassik ədəbiyyatın
üzərinə pərdələr çəkilsə də,
nəşrə hazırlanarkən quruluşun təzyiqi ilə
üzləşsə də, yenə də dadını,
şirəsini, mənasını itirmədi.
Məhz o klassiklərin hesabına dünya ədəbiyyatının inciləri sırasında Azərbaycan şair və ədiblərinin də öz yeri oldu. Yurdumuz müəyyən dövrlərdə basqınlara məruz qalanda talançıların apardıqları var-dövlətin içində maddi və mənəvi sərvətlərimiz də çox olub. Elə bu səbəbdən də bu gün dünyanın müxtəlif muzey və kitabxanalarında dastanlarımızın, klassik şairlərimizin əsərlərinin əlyazmalarına rast gəlinir.
Yadımdadır ki, ötən illərin birində Misirin qədim İsgəndəriyyə kitabxanasında Nizami Gəncəvinin əsərlərini görəndə necə qürur duymuşduq. Bir məsələyə təəssüflənərək ürəyimiz ağrıdı ki, Gəncədə doğulan, məqbərəsi əsrlər boyu ziyarətə çevrilən, Azərbaycan şeirinin günəşi Nizami Gəncəvi İran şairi kimi təqdim edilmişdi. Tarix boyu belə olub. Sərvətə, varidata yabançılar göz dikməkdən, mənimsəməkdən, öz adlarına çıxmaqdan heç zaman çəkinməyiblər. Amma Nizami Gəncəvinin kimliyini, millətini dəqiq bilmək üçün ən azından onun əsərlərini oxumaq lazımdır. Yaradıcılığına dərindən bələd olduqda hər misrasından «soyum türkdür» haykırtısı eşidilir. Əlbəttə, bu, başqa bir söhbətin mövzusudur.
Akademik Feyzulla Qasımzadə haqlı olaraq XIX əsri Azərbaycan ədəbiyyatı tarixində «dönüş dövrü» adlandırmışdır. Onun fikrincə, milli ədəbiyyatda demokratizm, xəlqilik və realizmin coşqun inkişafı bu dövrə bağlıdır. Başqa tədqiqatlarda, elə şəxsən özümün apardığım araşdırmalarda bir məsələni də yəqinləşdirdim ki, XIX əsrdə Azərbaycan poeziyasında yeni milli ənənənin əsası Qarabağ şairləri, xüsusilə də Şuşada yaşayıb-yaradan söz sərrafları tərəfindən qoyulub. Uzun illər bu məsələlər o qədər dürüstlüklə araşdırılmasa da, daha doğrusu, yazılmasa da, klassik ədəbiyyatı, poeziyanı dərindən bilənlər xəbərdardırlar ki, Şuşa ədəbi mühiti XIX əsrdə necə zəngin olub və burada çox görkəmli söz adamları, şairlər yetişib. Nə yaxşı ki, dövlət müstəqilliyimizin bərpasından sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycan ədəbiyyatının tarixi köklərinə də ayna tutuldu. Arxivlərdə toz basmış sənədlərin qatı açıldı, adları çoxumuza bəlli olmayan qələm əhlini tanıdıq. Ədəbiyyat tarixi ilə bağlı bir sıra kitablar işıq üzü gördü və bu dəyərli iş indi də uğurla davam edir.
Bir neçə il öncə «Nurlar» nəşriyyatında «XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya)» kitabı işıq üzü gördü. Kitabda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında qısa məlumat və yaradıcılıqlarından nümunələr verildi. 50-yə yaxın şairin poetik dünyasından seçmələr toplanmış yeni nəşrdə ilk dəfə olaraq o taylı-bu taylı bütöv Azərbaycan ərazisində yaşayıb-yaradan, öz dövrünün tanınmış şairlərinin əsərləri oxuculara təqdim edildi. Maraqlıdır ki, kitab məhz şuşalı Abdulla Canıoğlunun müxəmməsləri ilə açılır. Yenə də bu dilbər guşədən ilham alan Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Qasım bəy Zakir, Aşıq Pəri, Xurşudbanu Natəvan, Mir Möhsüm Nəvvab, Fatma xanım Kəminə, Mirzə Rəhim Fəna və başqaları haqqında söz açılır. Eləcə də o dövrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaratmış şairlərin də yaradıcılığına güzgü tutulub. Kitabın sonundakı lüğətdə isə anlaşılmaz söz və ifadələrin mənası verilib. Cənubi Azərbaycanda yaşayıb-yaradan şairlərdən Məhəmməd Xəlifə Aciz, Seyid Rza Sabir, Ziyai Ərdəbili, Xəyali Raqim Ərdəbili, Müztər Təbrizi, Mirzə Kazım Qazi, Nazim Ərdəbili, Mail Mirzə Həsən Əfşar və digərləri haqqında bilgi əldə edirik.
Əlbəttə, hər bir şairin özünəməxsus şeir dünyası var. Bu kitabda böyük məhəbbətlə və ehtiramla şeirlərini bir daha oxuduğumuz Xurşudbanu Natəvanın könül pərişanlığını əks etdirən ürək nalələri bir daha bizi riqqətə gətirdi:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləmə əra dil müqəyyədi-qəm olaydı!
Bizim şair anamız! Bu gileylərin ahəngindəki etirazının nədən ibarət olduğunu anlasaq da, bütün bunlara rəğmən fikirləşirik: nə yaxşı ki Natəvan olub! Məhz onun parlaq istedadı və incə ruhu, həssas qəlbi sayəsində Azərbaycan şeirinə yeni nəfəs, yeni rəng gəlib. Bu gün də hər kəsin həsrətinin meyarına çevrilən, bərkə düşəndə zümzümə etdiyi: «Qoyubdur intizarında, neyçin gəlməz, neyçin gəlməz, Həmişə ahu-zarında neyçin gəlməz, neyçin gəlməz». Sözün də, musiqinin də müəllifləri bəllidir. Amma illərdir ki, biz onu xalq mahnısı kimi sevir və dəyərləndiririk. Çünki bir xanımın bağrından qopan, duyğularını ifadə edən, qəlbini dilə gətirən bu sözlər elə el nəğməsinə çevrilməli idi. Çünki Xan qızı Natəvan el anası idi!..
Maraqlıdır ki, topluda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 12 şeiri verilib. Bəllidir ki, böyük dramaturq yaradıcılığa şeirlə başlayıb və «Səbuhi» imzası ilə xeyli sayda poetik əsərlər yaradıb. Təbii ki, onların müəyyən hissəsi itsə də, əldə olunanlar Mirzə Fətəli Axundzadənin bir şair kimi də dolğun və mükəmməl yaradıcılığı ilə seçildiyini təsdiqləyir. Mirzə Fətəli Axundzadənin zəmanəsindən şikayətləri, müxəmməsləri, təcnisləri öz dövrünün güzgüsü kimi təqdirəlayiqdir. Xüsusilə də Qasım bəy Zakirə yazdığı mənzum məktublarda da həm dövrün müəyyən problemləri öz əksini tapıb, həm də Xan qızı Natəvana bəslədiyi ehtiram və hörmət duyulur. O, Zakirə ünvanladığı məktubların, demək olar ki, bir çoxunda Xurşudbanunu məhvəş (məhvəş - ay üzlü, ay kimi, aya bənzər deməkdir - F.X.) adlandırıb. Məsələn:
Xan qızı məhvəşdir, bilir el, aləm,
Məhvəşlər atəşdir, bizik əqli kəm;
Yüz il xidmət edə o da bir adəm,
Yenə düşən dəmdə
ona, bil, yanar.
Xudadan istərəm versin
muradın,
Yamanlığa hərgiz çəkmərəm
adın.
Yolunda zəhmətin, rənci-ziyadın,
Mən çəkdim, o etdi məni
şərmsar
(utanan, utancaq, xəcalətli -
F.X.).
Toplunun təqdirəlayiq cəhətlərindən
biri də təqdim edilən şeirlərin müəllifləri
tərəfindən yazıldığı şəkildə
çatdırılmasıdır.
* * *
Bu yaxınlarda «Nurlar» nəşriyyatında
«XIX-XX əsr Azərbaycan ədəbiyyatı (II cild)»
kitabı işıq üzü görüb. Burada həmin əsrlərin
Azərbaycan bədii nəsrindən nümunələr
verilib. Milli ədəbiyyata maarifçilik məfkurəsi gətirən
müəlliflərdən Abbasqulu ağa Bakıxanovun,
İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli
Axundzadənin, Məhəmməd Tağı Sidqinin, Cəlil
Məmmədquluzadənin, Əbdürrəhim bəy
Haqverdiyevin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Yusif Vəzir
Çəmənzəminlinin və 40-a yaxın digər ədibin
yaradıcılığından nümunələr təqdim
edilib.
Xidməti işi ilə əlaqədar
uzun illər xarici ölkələrdə yaşamış
İsmayıl bəy Qutqaşınlı Polşada olarkən
«Rəşid bəy və Səadət xanım» povestini
yazmışdır. 1845-ci ildə Mirzə Fətəli
Axundzadə povesti oxuduqdan sonra onu Azərbaycan ədəbi
ictimai fikrinin inkişaf tarixində «əlamətdar hadisə»
kimi dəyərləndirmişdir. Bu əsərin topluya daxil
edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, latın
qrafikasına keçildikdən sonra bir sıra klassik
yazıçılarımızın əsərləri hələ
də yeni əlifbada çap edilməmişdir. Bu mənada Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndələrinin
yaradıcılıqlarından seçmələri bir topluda
birləşdirmək oxucunun da köməyinə
çatır.
Mirzə Cəlilin beş hekayəsi
kitaba daxil edilib. Vaxtilə orta məktəb illərində
böyük maraqla oxuduğumuz «Qurbanəli bəy», «Poçt
qutusu», «İranda hürriyyət», «Usta Zeynal», «Quzu» bu gün də
öz aktuallığını itirməyib.
Azərbaycan ədəbiyyatının
ilk nəsr nümunələrindən sayılan «Neft və
milyonlar səltənətində» adlı povest mövzusu ilə
o zaman ədəbiyyatımızda əlamətdar hadisə
sayıldı. Çünki neft və milyonlar şəhəri
Bakıda hədsiz qazanc dalınca düşən tiplərin
miskin aqibəti bu əsərdə inandırıcı şəkildə
öz bədii ifadəsini tapmışdır. Əsərin
müəllifi Qori Müəllimlər Seminariyasının məzunu
İbrahim bəy Musabəyovdur. Povest vaxtilə məşhur
aktyor Hüseyn Ərəblinskinin diqqətini cəlb etmiş
və o, əsərin kinoya çəkilməsi
üçün təşəbbüs göstərmişdir.
Nəticədə povest ekranlaşdırılaraq 1916-cı
ildə nümayiş edilmişdir. Bununla da Azərbaycan kino sənətinin
bünövrə daşlarından birinə
çevrilmişdir.
Əvvəlki cilddə olduğu
kimi, yeni nəşrdə də Cənubi Azərbaycanda
yaşayıb-yaratmış nasirlərin
yaradıcılığına müraciət edilib. Kitabın
bu şəkildə hazırlanması
bütövlüyün, birliyin rəmzi kimi xoş təsir
bağışlayır. Toplunun sonunda şifahi xalq ədəbiyyatından
müəyyən nümunələr - nağıllar, rəvayətlər,
lətifələr, tapmacalar toplanıb. Onları oxuduqca
duyduğumuz ideya və mənalardan belə
aydınlaşır ki, bu müəllifsiz yazıların
doğulduğu dövr də elə XIX əsrə təsadüf
edə bilər. Çünki hər bir bədii sənət əsəri
öz dövrünün poetik xəritəsi deməkdir.
Kitabda diqqətçəkən məsələlərdən
biri də Xalq şairi Söhrab Tahirin nasir kimi təqdim edilməsidir.
Müəllifin burada dörd hekayəsi verilib. Hər bir nəsr
nümunəsində vətən məhəbbəti, yurddan
didərgin düşmüş soydaşlarımızın
keçirdiyi hiss və həyəcan duyulur.
Hər iki cildin tərtibçisi
Salatın Əhmədova və Teymur Əhmədovdur. Toplulara
filologiya elmləri doktorları, professor Qara Namazov və Sabir Əmirov
rəy veriblər. Cildlərə yazılan ön sözün
müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.
Onun fikrincə, zaman ötdükcə xalq həyatının
bədii ədəbiyyatda daha aydın, dolğun və ətraflı
təsvir olunduğu diqqət çəkir: «Qabaqcıl
dünyagörüşlü yazıçılar müasirlərinin
həyat tərzini, arzu və istəklərini, mübarizəsini
yeni bədii forma və məzmunda qələmlə təsvir
etməyə çalışırdılar. Azərbaycan ictimai-fəlsəfi
məfkurəsində yenicə formalaşmaqda olan
maarifçilik ideyaları ilkin maarifçilərin
yaradıcılığında öz əksini taparaq bədii
ədəbiyyatın inkişafına təsir göstərib».
Həqiqətən də, XIX əsrin
ikinci yarısında Azərbaycan ədəbiyyatı Mirzə
Fətəli Axundzadənin çoxcəhətli
yaradıcılığı ilə yeni inkişaf mərhələsinə
daxil oldu və ondan sonra ədəbiyyata gələn
yazıçılar maarifçilikdən demokratizmədək
ideya işığında milli nəsrin misilsiz nümunələrini
yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinə
ölməz əsərlər bəxş etdilər. Bu xəzinə
elə parlaq incilərdən zənginləşdi ki, müasir
dövrdə həmin varidatı araşdırdıqca Azərbaycan
şair və nasirlərinin necə böyük ədəbi
abidələr yaratdığının şahidi oluruq. Bəzən
də bu şahidlik, bu məftunluq ağlagəlməz dərəcədə
heyrətə çevrilir. Təzyiqlərin, basqıların,
maddi çətinliklərin hökm sürdüyü bir
dövrdə Azərbaycan ziyalıları necə böyük
ürəyə, dünyagörüşünə,
sarsılmaz əqidəyə malik olublar. Bütün
varlıqları ilə xalqı, milləti ürəkdən
sevərək onun işıqlı gələcəyini
düşünüblər. Ürəklərindən
aldıqları oddan qələmləri ilə zülmətdə
günəş kimi parlayaraq ətrafı nurlandırıblar
ki, insanların təfəkküründə bir yenilik
yaratsınlar, maariflənməyə, inkişafa, tərəqqiyə
meyl güclənsin. Bu cildlərdə toplanan ədib və
şairləri oxuduqca bir məsələnin mütləqliyini
daha da yəqin edirsən. Bu unudulmaz şəxsiyyətləri
bir məsələ daha çox birləşdirirdi - mənəvi
dəyərlərin mühafizəsi, mənəviyyat, gələcəyə
ümid, işığa can atmaq, mükəmməllik, daxili zənginlik,
elmə, maarifə məhəbbət. Əslində onların
bir çoxu azərbaycançılıq,
türkçülük, millətsevərlik ideyalarını
öz əsərlərinə ilk dəfə gətirərək
dolğun şəkildə maraqlı ştrixlərlə təsirli
qələmə alıblar.
Təəssüf ki, bu gərəkli
toplular bir sıra texniki qüsur, korrektura səhvlərindən
də xali deyil. Yaxşı deyiblər ki, Ayda ləkə tez
görünər. Məsələn, mündəricatda (II
cild) Qutqaşınlı «Qurtqaşınlı» kimi gedib. Eləcə
də hər iki cilddə bəzi şair və
yazıçıların doğum tarixləri səhv göstərilib.
Əlbəttə, bunu həmin səhvlərin gələcək
nəşrlərdə təkrarlanmaması üçün
söylədik.
Əslində bu cildlərin nəşrə
hazırlanmasında tərtibçilər çox
böyük zəhmət çəkiblər. İlk
baxışda asan görünə bilər ki, hazır
materialları bir arada düzməyə nə var? Amma xronoloji
ardıcıllığa, zamana riayət etmək, hər bir
müəllifin yaradıcılığından nümunələr
seçmək tərtibçidən səbir, diqqət, təfəkkür,
ən başlıcası da can yanğısı tələb
edir. Tərtibçilik də yaradıcılığın
bir formasıdır. Çünki hər hansı bir toplunun
uğuru məhz tərtibçinin ədəbi zövqündən,
doğru seçimindən asılıdır. Bu mənada hər
iki kitabın tərtibçiləri - Salatın Əhmədova
və Teymur Əhmədov öz işlərinin öhdəsindən
ustalıqla gəliblər.
Kitablar ali məktəblərin
filologiya fakültələrinin tələbələri
üçün nəzərdə tutulsa da, bu nəşrlərdən
ədəbiyyatsevərlər, mətbuat işçiləri və
geniş oxucu auditoriyası istifadə edə bilər.
Flora
Xəlilzadə
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 13.