Şəhər turizminin perspektivləri müzakirə edilib

 

   Cəfər Cəfərov: “Turizm yalnız iqtisadi deyil, eyni zamanda sosial faktor kimi qiymətləndirilir”

  

   Noyabrın 15-də İstanbulda Dünya Turizm Təşkilatının “Şəhər turizmi üzrə zirvə toplantısı: iqtisadisosial inkişafın sürətləndirilməsi” adlı beynəlxalq sammit keçirilib. Müxtəlif ölkələrdən 300-dən çox mütəxəssisin qatıldığı tədbir maraqlı mövzuları əhatə edib.

  

   Sammitdə ölkəmizi təmsil edən Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov təəssüratlarını bizimlə bölüşdü: “Sammit çərçivəsində bir neçə tədbir, o cümlədən DTT-nin assosiativ üzvlərinin daxil olduğu «Bilik şəbəkəsi» adlı təşkilatın sessiyası keçirildi. Əslində bizimbu təşkilata üzv olmaq planımız var. Tədbirdə bu niyyətimizi diqqətə çatdırdım. Yaxın günlərdə rəsmi müraciət edəcəyik. Bu təşkilatın əsas missiyası nəzəriyyə ilə praktika arasında körpü rolunu oynamaqdan ibarətdir. Yəni «Bilik şəbəkəsi» əldə olunan turizm biliklərinin inkişafı, praktik olaraq həyata keçirilməsi üçün bir generatordur. Qurum Dünya Turizm Təşkilatına və onun assosiativ üzvlərinə tədqiqatların və analizlərin təqdim olunması imkanlarını yaradır. Üzvlər arasında əlaqələrin qurulması, qabaqcıl təcrübənin paylaşılması, təkliflərin hazırlanması, ən yaxşı standartların, normaların yayılması məhz bu qurumun üzərinə düşür”.

   Rektor bildirdi ki, «Bilik şəbəkəsi»nə üzvlük Turizm İnstitutuna DTT-nin regional mərkəzinə çevrilmək imkanı verəcək. Bu isə o deməkdir ki, regionda turizmlə bağlı baş tutacaq istənilən tədbirdə ATİ-nin birbaşa iştirakı və təşkilatçılığı olacaq: «Sessiyada bu təşkilata üzvlüklə bağlı yeni strategiya müəyyən olundu. Bu da əsas etibarilə DTT-nin assosiativ üzvlərinin, o cümlədən də ATİ, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin «Bilik şəbəkəsi»nin imkanlarından daha geniş istifadə edə bilməsi ilə bağlı idi. Tədbirdə həmçinin 2012 və 2013-cü illərdə qurumun görəcəyi işlərlə bağlı məlumat verildi».

   Şəhər turizmi üzrə sammitdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay geniş məruzə ilə çıxış ediblər. C.Cəfərov qeyd etdi ki, əsas müzakirə edilən məsələ turizmin şəhərlərin inkişafında strateji rolu ilə bağlı olub. Turizm artıq yalnız iqtisadi deyil, eyni zamanda sosial faktor kimi önə çəkilir: “Ümumiyyətlə, forumda səslənən fikirlərdə səyahət və turizm sahəsində görülən işlər inqilabi əhəmiyyətli proses kimi qiymətləndirildi. Turizm mütəxəssislərinin yekdil rəyləri belədir ki, informasiya texnologiyaları, şəhərləşmə, səyahət və turizm sahəsində gedən bu proses dünyada son yüz il ərzində baş verən ən önəmli gəlişmələrdir. Turizm yalnız iqtisadi deyil, eyni zamanda, sosial faktor kimi qiymətləndirilir. Turizm davamlı inkişaf üçün vacib bir istiqamət, sülhə aparan yoldur. Çünki insanlar bir-birini tanıdıqca qarşıdurmalar da azalır. Məhz bu sahə cəmiyyətin dəyişdirilməsinə təsir edən qüvvədir».

   Həmsöhbətimiz Bakının inkişafda olan bir şəhər kimi turizm potensialını da yüksək dəyərləndirdi. Onun sözlərinə görə, Azərbaycan paytaxtı günü-gündən gözəlləşir, böyüyür və önəmli bir turizm mərkəzinə çevrilir.

   «Bəs şəhərlərin turizm potensialı konkret olaraq nə ilə ölçülür: onların qədimliyi, müasirliyi, yoxsa böyüklüyü ilə?» Cəfər Cəfərov sualımıza cavab olaraq bildirdi ki, burada yenə də əsas olan insan faktorudur: «İnsanlar başa düşməlidirlər ki, turizm onların yaşayışına müsbət təsir edə biləcək bir amildir. Konkret olaraq turist çox olacaqsa, Azərbaycanın büdcəsinə yüksək gəlir gələcək və bunun da hər kəsin dolanışığına təsiri var. İnsanların gülərüz və qonaqpərvər olması lazımdır. Onlar turistlə necə davranmağı öyrənməlidirlər. Bunun üçünvaxt lazımdır. Eyni zamanda çoxlu təlimlərin reallaşdırılmasına ehtiyac var. Bu məqsədlə Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu günlərdə Bakı və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları üçün təlimlər başlayacaq».

 

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 23 noyabr.- S. 9.