Azərbaycanın təbii gözəllikləri Londonda sərgilənir

 

   Bu fotolar məni bir daha Azərbaycana səfər etməyə həvəsləndirdi”

  

   Noyabrın 20-də London şəhərindəki “La Galleria Pall Mallda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilən “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinin yekununa həsr olunmuş sərgi açılıb.

  

    Fotoqraf Asim Talıbın 1985-ci ildə Kəlbəcər rayonunda çəkdiyi “Ağsaqqallarfotosu müsabiqənin qalibi seçilib. İkinci yerə “Bibiheybət məscidi” fotosuna görə Etibar Cəfərov, üçüncü yerə isə “Alovlar və iynə” fotoşəklinə görə Fuad Babayev layiq görülüblər.

   Sərgidə bütövlükdə Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, memarlığı və təbiətindən bəhs edən 100 fotoşəkil nümayiş olunur. Bu işlər Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən olan həvəskar və peşəkar fotoqrafların “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinə təqdim etdikləri 750 fotoşəkil arasından seçilib.

   Sərginin açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət layihələri üzrə məsləhətçisi Səbinə Rakçeyeva bildirib ki, bu müsabiqədə fotoqrafların Azərbaycan haqqında təəssüratlarını ifadə etmək üçün yaradıcılıq sərbəstliyi təmin edilib: “İnanırıq ki, nümayiş olunan fotoşəkillər indiyədək Azərbaycanı görməyən britaniyalılara ilham verəcək”.

   Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərgini əlamətdar hadisə kimi qiymətləndirib: “Sərgi ölkəmizin Londonda və eləcə də bütün Avropada tanıdılmasına xidmət edir. Ümid edirəm ki, sərginin ziyarətçiləri Azərbaycanın təbiət mənzərələrini unutmayacaqlar. Təqdim olunan fotolar bir incəsənət nümunəsidir və bu yolla ölkəni tanıtmaq gözəl ideyadır”.

   Mərasimdə münsiflər heyətinin üzvü, görkəmli fotoqraf Henry Dallal bu gözəl şəkillər vasitəsilə Azərbaycanı kəşf etməkdən böyük zövq aldıqlarını deyib: “Bu fotolar məni bir daha Azərbaycana səfər etməyə, ölkənin gözəlliyini və insanlarını nümayiş etdirmək üçün daha çox fotoşəkillər çəkməyə həvəsləndirdi”.

   Sərgi dekabrın 1-dək ziyarətçilər üçün açıq olacaq. Londondan sonra fotolar Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Brüssel, Paris və Berlində də sərgilənəcək.

 

 

  Mədəniyyət.- 2012.- 23 noyabr.- S. 9.