Ölkəmiz İstanbulda beynəlxalq kitab sərgisində təmsil olunub

 

   Sərgi çərçivəsində “Azərbaycan xəmsəsi - türk dünyasının beş dahi söz ustadı\" adlı tədbir keçirilib

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan kitabları noyabrın 17-dən 20-dək XXXI İstanbul Beynəlxalq Kitab Sərgisində nümayiş olunub.

  

    Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin məsləhətçisi Faiq Xudanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edib.

   Sərgidə Azərbaycanın zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 24 kvadratmetr sahədə stend qurulub.

   Noyabrın 17-də sərginin açılış mərasimi olub. Mərasimdə Türkiyənin dövlət rəsmiləri, o cümlədən Avropa İttifaqına məsul dövlət naziri Egemen Bağış, qardaş ölkənin bir çox tanınmış şəxsləri, yazarlar, elm adamları və digər xarici ölkə nümayəndələri Azərbaycanın ekspozisiyası ilə tanış olublar. Çeşidli çap məhsullarımız qonaqlarda böyük maraq doğurub.

   Noyabrın 18-19-da da Azərbaycan stendi ilə maraqlanan sərgi iştirakçılarına ölkəmizin turizm imkanlarını, Qarabağ həqiqətlərini əks etdirən broşürlər paylanılıb.

   Noyabrın 20-də “Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı\" mövzusunda elmi, ədəbi-bədii konfrans keçirilib. Tədbirdə Vaqif Bəhmənli, Teymur Kərimli, Əjdər OlTürk Ədəbiyyatı Vəqfi Yönətim Kurulu başkanı Sərvət Kabaklı çıxış ediblər. Vaqif Bəhmənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə bu il yubileyləri keçirilən şair-yazıçıların Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitablarını konfrans iştirakçılarına təqdim edib.

   Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyünün ifasında səslənən Azərbaycan musiqiləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

   Noyabrın 20-də XXXI İstanbul Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi olub. Azərbaycan nümayəndə heyəti sərgiyə apardığı kitabları ölkəmizin İstanbuldakı baş konsulluğuna hədiyyə edib.

 

 

   Mədəniyyət.- 2012.- 23 noyabr.- S. 8.