Ağdaşda rəssamların yaradıcılıq emalatxanası təşkil edilib

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. Noyabrın 19-dan 23-dək Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə nazirliyin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, həmçinin rayon mədəniyyət və turizm şöbəsinin, icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

  

   Tədbirdə qeyd olunub ki, yaradıcılıq emalatxanalarının təşkili regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının artırılması, qalereya fondlarının zənginləşdirilməsi məqsədi daşıyır. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri olan tanınmış rəssamlar tərəfindən Ağdaş rayonunda yeniyetmə və gənc rəssamlar üçün ustad dərsləri keçirilib, onların əsərlərindən ibarət sərgi təşkil edilib. Ustad dərslərində Ucar, Göyçay, Ağdaş, Kürdəmir və Zərdabdan 28 uşaq, yeniyetmə və gənc rəssam iştirak edib.

   Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar - Mirzəağa Əsgərli, Emin Əsgərov, Namiq Qəhrəmanov, Ələsgər Kazımov, Fərhad İsgəndərli, Yaşar Əliyev, Ruhiyyə Rəhimova, İlahə Əliyeva və Ülkər Xaliqova tərəfindən 3 gün ərzində ustad dərsləri və məşğələlər keçirilib.

   Eyni zamanda tanınmış rəssamların iştirakı ilə Ağdaş şəhərindəki Heydər Əliyev parkında açıq hava altında təşkil olunan yaradıcılıq emalatxanasında gənc rəssamlar kətan üzərinə yağlı boya ilə müxtəlif mövzuda 30-a yaxın rəsm çəkiblər.

   Həmin əsərlər 5 gün ərzində Heydər Əliyev Mərkəzində sərgilənəcək. Bakıdan gəlmiş rəssamların 16 əsəri, eləcə də Ağdaşda təşkil edilən yaradıcılıq emalatxanasında gənclər tərəfindən çəkilən rəsmlər Ağdaş Dövlət Rəsm Qalereyasının fonduna veriləcək.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci ildən başlayaraq ölkəmizin regionlarında rəssamların yaradıcılıq emalatxanaları təşkil olunur.

   Növbəti belə tədbir noyabrın 26-dan 30-dək Mingəçevirdə təşkil olunacaq.

 

 

   Mədəniyyət.- 2012.- 23 noyabr.- S. 8.