Teatr ölmür
...22 noyabr səhəri gözlərini Xalq artisti
Yaşar Nurinin ölüm xəbəri ilə açdı...
Xəbərin ağırlığı payızın əhvalına
qarışdı. Payızda dünyaya gələn sənətkar,
payızda da dünyasını dəyişdi...
...Yaşar Nuri ömrünün
son illərini ölümün gözünə baxa-baxa,
ölümlə həyat arasında
çarpışa-çarpışa, səhnəyə həsrətlə
baxa-baxa, gedəcəyini bilsə də, dünya ilə
zarafatlaşa-zarafatlaşa yaşadı. Və həyat səhnəsində
son rolunu oynadı. 50 illik səhnə həyatında bu onun
yeganə rolu idi ki, alqışı göz yaşları oldu...
Yaşar sağlığında əfsanələşən,
klassikləşən o xoşbəxt sənətkarlardan idi
ki, hamı onu əzizi, doğması qədər sevirdi. Bu
sevgini ömrü boyu zərrə-zərrə
qazanmışdı. «Yollar görüşəndə...»,
«Ömrün yolları», «Qatarda», «Evləri köndələn
yar», «Kökdən düşmüş piano», «Topal Teymur», «Səni
axtarıram», «Bağışla», «Səndən xəbərsiz»
trilogiyası, «Göz həkimi», “Ac həriflər»,
«Yarımştat» və neçə-neçə televiziya
tamaşalarındakı bənzərsiz rolları xalqın
yaddaşına, ruhuna hopmuşdu. Yaşar səhnədə
sehrbaza çevrilib ən xırda rolları belə əməlli-başlı
dirildirdi. Bu baxımdan onun hər rolu bir sənət əsəri
idi. Çünki Yaşar Azərbaycan səhnəsinə həyatın
özünü gətirmişdi. Elə buna görə də
ilk gündən son günə kimi tamaşaçı səhnədə
heç kimə inanmadığı qədər Yaşara
inandı.
Azərbaycan kinosunda da Yaşar
öz izlərini qoydu. «Yol əhvalatı», «Bəyin
oğurlanması», «Yaramaz», «Qətl günü» və s. filmlərdəki
rolları ilə milli kinomuzu zənginləşdirdi.
Ötən il
“Space” televiziyasında Yaşar
Nurinin 60 illik yubileyini qeyd edirdilər. Sonda özü danışdı:
“60 yaş əsl kişi yaşıdır.
İndi deməyə ixtiyarım çatır ki, mən xalqın tanıdığı, xalqın
sevdiyi Xalq artistiyəm. Dostlarıma sadiq,
torpağıma sadiq Xalq artistiyəm. Mən Akademik Milli Dram Teatrının kollektivinə
borcluyam. Onlar məni
yetişdiriblər, səhvlərimə
dözüblər. Təzədən dünyaya gəlsəydim,
yenə bu sənəti seçərdim.
Necə yaşamışam,
o səhvlərimlə - nöqtəsi
ilə, vergülü
ilə, nidası ilə, apostrof moddan düşüb, apostrofu ilə yenə yaşayardım. Yaşamaq istəyirəm,
həyatı həyat
kimi yaşamaq istəyirəm!”.
Nə yazıq ki, ömür vəfa etmədi... Azərbaycan teatrı böyük sənətkarlarından birini
itirdi...
Bu yerdə yazıçı-dramaturq Əli
Əmirlinin Yaşar Nuri haqqında dediyi sözlər yadıma düşür:
“Yaşar Nuri özü təkbaşına
bütöv bir teatrdır”.
Bu itki ilə barışa bilməyən həmdərdlilərim,
kim desə ki, Yaşar Nuri öldü, inanmayın, TEATR ölmür...
Təranə Vahid
Mədəniyyət.- 2012.- 23
noyabr.- S. 7.