Əməkdar
artist Məmmədağa Dadaşovun 100 illik yubileyi qeyd edildi
Noyabrın 20-də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
Dövlət Gənc Tamaşaçılar Teatrında
görkəmli sənətkar, Əməkdar artist Məmmədağa
Dadaşovun 100 illik yubileyinə həsr edilmiş gecə
keçirildi. Tədbirdə teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov çıxış edərək Məmmədağa
Dadaşovun həyat və yaradıcılığı barədə
danışdı. Aktyorun çəkildiyi filmlərdən və
televiziya tamaşalarından kadrlar nümayiş olundu.
Mərasimdə qeyd edildi ki, Məmmədağa
Ağakərim oğlu Dadaşov 1912-ci il aprelin 12-də
Bakıda doğulmuşdur. Məktəb illərində 40
nömrəli pioner dəstəsinin dram dərnəyinin
üzvü olmuş, səhnəyə isə ilk dəfə
14 yaşında çıxmışdır. Dövlət Gənc
Tamaşaçılar Teatrı da həmin dərnəyin
bazasında yaradılmış və truppanın ilk
aktyorlarından biri də məhz M.Dadaşov olmuşdur. O,
ömrünün sonunadək bu teatrdan ayrılmamış,
komediya, faciə, nağıl-tamaşalarda bir-birindən fərqli
amplualarda, müxtəlif xarakterli 200-dən artıq obraz
yaratmışdır. 1957-ci ildə Əməkdar artist
adına layiq görülmüşdür. Sənətkar
1996-cı ildə vəfat etmişdir.
Yubiley gecəsində Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa
Nemətov, xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov, Əməkdar
artist Cəfər Namiq Kamal və başqaları aktyorla
bağlı xatirələrini bölüşdülər.
Onun yüksək yumor hissinə sahib olmasından, bu
yumorlarının indiyədək yaddaşlarda qalmasından
söhbət açdılar. Yasin Qarayev görkəmli aktyorun
illər əvvəl ona hədiyyə etdiyi şəxsi
ordenini teatrın gənc rejissoru Nicat Kazımova
bağışlayaraq dedi: “Məmmədağa müəllimin
hələ gənc yaşlarımda mənə
bağışladığı bu orden sənətimdə
uğurlar gətirdi. İndi isə mən onu nəsildən-nəslə
ötsün deyə sənə bağışlayıram və
arzu edirəm ki, sən də onu özündən sonra gələn
gənc nəslə təqdim edəsən. Çünki
teatrımızın yaradıcılarından biri olan Məmmədağa
müəllimin nəfəsi hər zaman bu binanın
divarlarında hiss olunur”.
Tədbirdə o da bildirildi ki,
M.Dadaşovun əski əlifba ilə yazılmış arxivi
vardır və onu mədəni ictimaiyyətə təqdim etmək
lazımdır. Çünki həmin arxiv Azərbaycan
teatrının tarixidir. M.Dadaşov çox təvazökar
insan olmuş, özü haqqında heç vaxt
yazmamışdır. Onun bütün yazıları Azərbaycan
teatrının tarixindən bəhs edir. Eyni zamanda, təəssüflə
bildirildi ki, indiyədək sənətkarın əlyazmaları
heç yerdə dərc olunmamışdır. Yubiley gecəsində
həmçinin aktyorun indiyədək efirdə getməmiş
müsahibəsinin lent yazısından fraqmentlər
nümayiş etdirildi.
Tanınmış müğənni
Təranə Mahmudova, Əməkdar artist Gülyaz Məmmədova,
Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz
Mustafayeva, xanəndə Firuz Səxavət, “Cəngi” rəqs
ansamblı, “Təbəssüm” uşaq rəqs qrupu,
Dadaşovlar nəslinin nümayəndələri Həcər
Ağayeva və Tahir Eynullayevin ifaları tədbir
iştirakçılarına xoş anlar bəxş etdi. Sonda
aktyorun qızı, Əməkdar artist Kübra Dadaşova
yubiley gecəsinin təşkilində əməyi olan hər
kəsə minnətdarlığını bildirdi.
L.Azəri
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 6.