“Ovod” Lənkəran səhnəsində
Tural Mustafayev: “Uğurlu iş böyük
yaradıcı mübahisələrdən yaranır”
Bölgə teatrlarında
yaradıcılıq ab-havası necədir? Aktyorlar,
rejissorlar hansı əsər üzərində
işləyir? N.Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrının baş
rejissoru Tural Mustafayevlə
bu barədə söhbət etdik.
Qeyd edək ki, gənc rejissor müxtəlif vaxtlarda Bakı və Sumqayıt teatrlarında «Çevrilmə» (F.Kafka), «Şah» (Ə.Haqverdiyev), «Rəhm» (M.Füzuli), «Qızıl xoruz» (A.Puşkin) kimi tamaşalara uğurlu quruluşlar verib. Bu səhnə əsərləri özünəməxsus üslubu, fərqli yanaşma və yozumları ilə teatr ictimaiyyətində müzakirələrə səbəb oldu.
Həmsöhbətimdən əvvəlcə özü haqqında qısa məlumat verməsini xahiş etdim.
- 1980-ci ildə anadan olmuşam. Necə deyərlər, gözümü teatrda açmışam. Anam Almaz Mustafayeva Gənc Tamaşaçılar Teatrında işləyib. Atam Vaqif Mustafayev də rəssam idi. O, Moskvada Vyaçeslav Zaytsevin kursunu bitirmişdi. Filmlərdə, tamaşalarda rəssam işləmişdi. Əlbəttə, teatr adamının ailəsində doğulmağın da mənfi və müsbət tərəfləri var. Bir dəfə aktyor tanışımla bu barədə söhbət edirdik. O mənə dedi ki, valideynləri teatrda çalışan uşaqlar bu sənət ocağını ilk dəfə görən adamın keçirdiyi heyranlıq hissini keçirə bilmirlər. Çünki onun üçün teatr gündəlik və adi bir məkandır. İnsan gərək bu sənətə, teatra heyran olub gəlsin. Mən onunla razılaşmadım. Zənnimcə, ailəsi teatrla bağlı olan bu uşaqlar genetik olaraq teatra heyran olurlar, bu sevgi onların qanında olur.
- Qardaşınız Mustafa da rəssamdır və teatrda birgə işləriniz olub. Sumqayıt teatrında hazırladığınız «Şah» tamaşasında maraqlı dekorlar yaratmışdı. Ailədən biri ilə yaradıcı sahədə çalışmaq necədir?
- Deyim ki, bizim yaradıcılqla bağlı çox mübahisələrimiz olur. Amma bu işimizin xeyrinə olur. Ümumiyyətlə, uğurlu iş böyük yaradıcı mübahisələrdən yaranır.
- Sizcə, tamaşada rəssam rejissor fikrinə tabedirmi?
- Adətən
belədir. Əlbəttə, hər şey
rejissor ideyasından başlayır. Hətta yaxşı
olar ki, bu mübahisələrdə
bəstəkar da iştirak etsin. İşi başlayanda onlarla başlamaq lazımdır.
- Lənkəran
Dövlət Dram Teatrında
baş rejissor işləyirsiniz. Gənc rejissor
üçün paytaxtın
teatr mühitindən bölgəyə gəlmək
çətin olmadı
ki?
- Buraya gəlməzdən öncə
teatrla bağlı layihə ilə əlaqədar bir müddət Polşada oldum, təcrübə keçdim. Bakıya qayıdandan az
sonra Lənkəran teatrına göndərildim.
Əlbəttə, paytaxt və
əyalət arasında
fərq var. Paytaxtda həyat qaynayır, bölgədə isə ritm dəyişir. Yaradıcılıq baxımından da
fərqlər var. Paytaxtda
aktyorların inkişaf
üçün imkanları
daha genişdir. Amma mən işimdən, buradakı yaradıcı heyətdən razıyam.
Biri var ki, sən
boş bir məkana gəlirsən və öz istədiyini etməyə başlayırsan, hansısa
bir truppanı formalaşdırırsan. Bir də
var ki, sənin
gəldiyin teatrın formalaşmış ənənəsi,
müəyyən qayda-qanunu
var. Bunları pozmaq cəhdi teatr üçün pis nəticələr verə
bilər. Düşüncə
fərqi ola
bilər. Əsas odur ki, kollektivdə sənətə
heyranlıq olsun.
Sən aktyora onun indiyədək
çalışmadığı maraqlı bir ideya, metod təklif
edirsən və o, ilk
mərhələdə səni
tam anlamasa belə işə qoşulur.
Hiss edir ki, bu, nə isə
başqa bir yoldur, başqa bir tərzdir.
- Hazırda Lilian Voyniçin məşhur «Ovod» əsərini tamaşaya hazırlayırsınız. Bundan öncə
Lənkəran teatrında
hansı tamaşaya quruluş vermisiniz?
- Uşaqlar üçün «Qış
nağılı» adlı
tamaşa hazırlamışam.
Bu tamaşa mənim üçün sınaq kimi bir iş
idi.
- “Ovod”un məşqləri necə gedir? Bu əsərin sizə
görə nə kimi məziyyətləri var?
- Sosiumda baş verən bütün hadisələrin
içində əsas
olan ata-oğul münasibətləridir. Münasibətlərdəki problemin mənşəyi
isə eqoizmdir. Yəni mən “eqo”mdan keçə bilmərəm,
amma səndən keçərəm. Bu sadə münasibətlər
deyil.
- Əsəri teatr üçün kim işləyib?
Əsas qəhrəmanları
kim oynayır?
- Bu işi mən özüm etmişəm. Qəhrəmanlara gəlincə, Montanelli
rolunu Qabil Quliyev və Təvəkkül Əliyev
məşq edir.
Ovodu Sücəddin Mirzəyev və Səyyad Əliyev oynayacaq. Cemma obrazını isə Gülər Kərimova və Aynur Əliyeva
ilə işləyirik.
Tamaşada nələr etdiyimi
danışmayacağam. İnşallah gəlib baxarsınız.
Tamaşanı dekabrda təqdim
etməyi nəzərdə
tuturuq.
- Teatrın repertuarı barədə nə deyə bilərsiniz? Gələcək planlarda nələr
var?
- Teatrımızın
repertuarında klassik əsərlər var. Klassika
vacibdir. Eduardo de Filipponun
«Kabuslar»ına müraciət etməyi düşünürəm. Hesab edirəm
ki, monumental əsərlərdənsə
bir qədər kompakt əsərlərə
üstünlük verməliyik.
Aliyə
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 6.