Aşıqlar
ordusunun sərkərdəsi
İsfəndiyar Rüstəmov - 75
Azərbaycan
aşıq sənətinin inkişafında böyük xidmətləri
olan İsfəndiyar Rüstəmov 60 ildir yorulmadan
sazın-sözün keşiyində dayanıb
Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan aşıq sənətinin
tanınmış nümayəndəsi, Gədəbəy
Aşıqlar Ansamblının yaradıcısı İsfəndiyar
Rüstəmovun 75 illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsi keçirildi.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ustad aşığı yubileyi
münasibətilə təbrik etdi, aşıq sənətinin
təbliği və inkişafına dövlətin göstərdiyi
diqqət və qayğıdan danışdı. Bu sahədə
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
müstəsna rolu olduğunu vurğuladı.
Aşıq sənətinin zəngin
tarixindən söz açan nazir əski dövrlərdən
günümüzəcən yol gələn, ustadlardan ustadlara
əmanət edilən sənətin bu gün yalnız Azərbaycana
deyil, bütün bəşəriyyətə məxsus
olduğunu bildirdi. 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilən aşıq sənətimiz
dünyanın böyük konsert salonlarında səslənir:
“Eləcə də ölkəmizin böyük mədəniyyət
ocaqlarında aşıq sənəti ilə bağlı
mötəbər tədbirlərin keçirilməsi ənənəyə
çevrilib. Təkcə son bir ayda Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı
ilə Bakıda və bölgələrdə bir sıra
yaddaqalan tədbirlər keçirilib. Bu günlərdə
Dövlət Mahnı Teatrında ustad aşıq Mirzə
Bilalın 140 illik yubileyini qeyd etdik. Bu gün isə XX əsrin
ikinci yarısından bu yana Azərbaycan aşıq sənətinin
inkişafında danılmaz xidmətləri olan ustad sənətkarlarımızdan
biri - Əməkdar mədəniyyət işçisi,
Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun
75 illik yubileyini qeyd edirik”.
Aşıq İsfəndiyarın
keçdiyi həyat yolundan danışan nazir bildirdi ki, ustad
75 illik ömrünün 60 ilini aşıq sənətinin
inkişafına həsr edib. Sənətdə ilk nailiyyətini
1958-ci ildə Bakıda keçirilən festivalda qazanaraq
birinci dərəcəli diploma layiq görülən
aşığın uğurları sonradan bir-birini əvəz
edib.
Saz-söz sənətinə
mühüm töhfələr verən İsfəndiyar
Rüstəmov gənc aşıqların yetişməsində
böyük xidmətlər göstərib. Sənətkarın
Gədəbəy rayonunda yaratdığı Aşıqlar
Ansamblı bütün Azərbaycanda məşhurlaşıb.
Bu kollektivin 1972-ci ildə Aşıq Ələsgərin
Moskvada keçirilən 150 illik yubileyindəki
çıxışı bu gün də
xatırlanmaqdadır.
El məhəbbəti qazanan
Aşıq İsfəndiyarın xidmətləri dövlətimiz
tərəfindən də yüksək qiymətləndirilib.
O, 1991-ci ildə “Azərbaycanın Əməkdar mədəniyyət
işçisi” fəxri adına, 2007-ci ildə isə Prezident
təqaüdünə layiq görülüb: “Saz-söz sənəti
ilə bağlı elə bir tədbir olmaz ki, orada
Aşıq İsfəndiyar iştirak etməsin, onun dəyərli
məsləhətlərinə və tövsiyələrinə
ehtiyac duyulmasın”, - deyən nazir ustadı 75 illik yubileyi
münasibətilə bir daha təbrik etdi.
Gecədə çıxış
edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq
şairi Zəlimxan Yaqub aşıq sənətinə göstərilən
diqqət və qayğıya görə dövlətimizə
təşəkkürünü bildirdi.
Gədəbəy
aşıqlarının yetişməsində Göyçə
aşıq məktəbinin mühüm rolu olduğunu deyən
Zəlimxan Yaqub Gədəbəy aşıqlarının
ön cərgəsində “75 yaşında cavan ustad”
Aşıq İsfəndiyarın dayandığını
bildirdi: “60 ilə yaxındır ki, Aşıq İsfəndiyarın
adı hörmətlə çəkilir. Çünki
Aşıq İsfəndiyar zəhməti ilə,
aşıqlara olan məhəbbəti ilə, sevgisi ilə
böyükdür”.
Professor Məhərrəm
Qasımlı ustadın yubileyini sazın-sözün təntənəsi
kimi qiymətləndirdi: “Aşıq İsfəndiyarın
bugünkü yubileyi onun halal haqqıdır. Onun gur səsi
illər boyu xalqı, elimizi-obamızı qəhrəmanlığa
səsləyib. Onun səsindəki o duruluq, saflıq,
halallıq eyni ovqatı bizlərə aşılayıb. Bu mənada
Aşıq İsfəndiyar öz məlahətli, şaqraq səsi
ilə Azərbaycan mədəniyyətinə misilsiz töhfələr
verən sənətkardır”.
Qeyd olundu ki, nadir istedad sahibi
Aşıq İsfəndiyarın sinəsində çox
böyük saz-söz yatırımı var. 70-dən
çox saz havasının kamil ifaçısı, 30-dan
yuxarı dastanı sinəsində gəzdirən ustadın
heç kimə bənzəməyən bir başqa keyfiyyəti
də var: onun yetişdirdiyi aşıqların siyahısı
hər hansı bir aşıqda indiyə kimi müşahidə
olunmayıb. Aşıq İsfəndiyar bir aşıqlar
ordusu ərsəyə gətirib və uzun illərdir ki,
özü də o ordunun başında dayanır.
Gecədə professor Qəzənfər
Paşayev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov
yubilyarın zəngin yaradıcılığından söz
açdılar. Gədəbəy Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal Musayev icra
başçısı Ramiz Yediyarovun təbrik məktubunu
yubilyara çatdırdı.
Gecədə İsfəndiyar
Rüstəmovun yetirmələri və sənət
dostları bənzərsiz ifaları ilə ustada öz təbriklərini
çatdırdılar.
Sonda sənətkar dövlət tərəfindən
ona göstərilən diqqət və qayğıya görə
ölkə başçısına, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirdi, bundan sonra da aşıq sənətinin inkişafı
üçün əlindən gələni əsirgəməyəcəyini
vurğuladı.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 5.