Fikrət Əmirovun 90 illiyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı

 

   Noyabrın 22-də Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 90 illiyi münasibətilə hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirildi.

  

   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun zəngin yaradıcılığından danışdı. Bildirdi ki, bəstəkar Azərbaycan musiqisinin inkişafında yeni mərhələ açmış, əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur: “Fikrət Əmirovun əsərləri dünyanın müxtəlif ölkələrində səslənir, bu əsərlər sayəsində musiqimiz dünya miqyasında təbliğ olunur. Onun musiqisinə milli ruh əbədi olaraq hopub. Buna görə də əsərlərində janrından asılı olmayaraq daima millilik hiss olunur”.

   Direktor Milli Kitabxananın Fikrət Əmirovla bağlı hazırladığı elektron məlumat bazasının dahi sənətkarın yubileyinə töhfə olduğunu bildirdi.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli musiqi xadimlərinin irsinin təbliğində Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi: “İllər keçsə də, biz Fikrət Əmirovun əsərlərinin çox təravətli və müasir səsləndiyini görürük. Çünki o muğam sənətini gözəl bilirdi və yaratdığı simfonik muğamlar buna bariz nümunədir. Dünyanın qabaqcıl musiqiçiləri onun pərəstişkarları olub. O, bir çox janrlarda möhtəşəm əsərlər yazıb. Onun piano əsərləri, prelüdləri, baletləri olduqca yaddaqalandır. Bəziləri yanlış olaraqŞur”, “Kürd-Ovşarı” simfonik muğamlarını aranjiman hesab edirlər. Onlar tamamilə yeni əsərlərdir, bəstəkar onları orijinal şəkildə yenidən işləyib və yeni janrda dünyaya təqdim edib”.

   Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Əməkdar incəsənət xadimi Arif Qazıyev sənətkarın çoxşaxəli yaradıcılığından söz açdılar. Çıxışlarda Fikrət Əmirovun əsərlərinin dərin milli köklərə bağlılığı, musiqi tarixinə iki janrın-simfonik muğammuğam-poema janrlarının yaradıcısı kimi daxil olması xüsusi olaraq vurğulandı.

   Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan “Fikrət Əmirov-90” elektron məlumat bazası təqdim edildi. İştirakçılar bəstəkarın həyat və yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış oldular.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 23 noyabr.- S. 5.