Azərbaycan-UNESCO
əlaqələrinin 20 illiyi qeyd edildi
Bu il
Azərbaycanla UNESCO arasında əməkdaşlığın
qurulmasının 20 ili tamam olur. Bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycan-UNESCO əlaqələri bu gün
öz dinamik inkişaf dövrünü yaşayır. Yubiley
münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin və UNESCO üzrə Azərbaycan Milli
Komissiyasının birgə təşkilatçılığı
ilə noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində
“Azərbaycan-UNESCO mədəni əməkdaşlıq: 20 il”
mövzusunda mərasim keçirildi.
Tədbir
iştirakçıları, xarici qonaqlar öncə Fəxri
xiyabana gələrək, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etdilər. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üstünə gül dəstələri düzüldü.
Sonra mərasim iştirakçıları Şəhidlər
xiyabanında qəhrəman Vətən övladlarının
məzarlarını ziyarət etdilər, “Əbədi məşəl”
abidəsinin önünə gül dəstələri
qoydular.
* * *
"Azərbaycan-UNESCO mədəni əməkdaşlıq:
20 il\\\" tədbirinin iştirakçıları Beynəlxalq
Muğam Mərkəzində ölkəmizin mədəni
irsini əks etdirən sərgi ilə tanış oldular.
Tədbir Azərbaycan-UNESCO əlaqələrinə
həsr olunmuş video təqdimatla başlandı. Mərasimdə
UNESCO-nun milli komissiyalar və vətəndaş cəmiyyəti
şöbəsinin direktoru Genc Seit, təşkilatın Moskva
Ofisinin nümayəndəsi Alla Ampar, UNESCO üzrə
Gürcüstan, Özbəkistan, Belarus və Moldova milli
komissiyalarının nümayəndələri, Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
iştirakı edirdi.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq və tədbiri
Azərbaycan-UNESCO əlaqələrinin uğurlu
inkişafının göstəricisi kimi qiymətləndirdi:
“Son illər Azərbaycanda mədəniyyət, elm, təhsil,
incəsənət və digər humanitar sahələrdə
görülən işlər həm də UNESCO ilə fəal
əməkdaşlığın nəticəsidir. Bu gün
20 illik yolu təhlil edərək bunu qətiyyətlə demək
olar ki, Azərbaycan qurumla həqiqətən yüksək səviyyədə
əməkdaşlığa nail olub”.
“Nümayiş olunan video təqdimatda
mədəniyyətlə bağlı anları yenidən
yaşadıq”,- deyən nazir, bu layihələrin həyata
keçirilməsinin əsas təşkilatçısı və
təşəbbüskarının Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva olduğunu
vurğuladı: “Mən bütün mədəniyyət
ictimaiyyəti adından Mehriban xanım Əliyevaya minnətdarlığımızı
və təşəkkürümüzü bildirməyi
özümüzə borc bilirəm».
Nazir bildirdi ki, UNESCO və digər
beynəlxalq təşkilatlarla əməkdaşlıq zəminində
Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilməkdədir:
«Fəxr edirik ki, Bakıda gələn il keçiriləcək
növbəti Dünya Mədəniyyətlərarası Dialoq
Forumunun işində bizə beş beynəlxalq qurum dəstək
verməkdədir. Onu da qeyd etmək istərdim ki, məhz
UNESCO bizə dəstək verən təşkilatların
birincisi və ən fəalıdır. Azərbaycan
muğamı, xalça sənəti, aşıq sənəti,
İçərişəhər, Qız qalası,
Şirvanşahlar sarayı, Qobustan UNESCO-nun mədəni irs
siyahısına daxil edilib və bu iş davam edəcək.
Çünki Azərbaycan xalqının yaratdığı zəngin
incəsənət nümunələri həqiqətən bəşəriyyətin
inciləri olmağa layiqdir. Biz öz tariximiz, mədəniyyətimiz,
təhsilimizlə fəxr edirik. Böyük ədiblərimizin
yubileyini UNESCO-nun qərargahında keçiririk. Bir sözlə,
Azərbaycan mədəniyyəti UNESCO-da özünə
layiqli yer tutmuşdur”.
Azərbaycanın UNESCO üzrə
Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva
çıxışında bildirdi ki, təşkilatın əsas
fəaliyyət sütunlarından biri mədəniyyətdir və
bu illər ərzində Azərbaycan müxtəlif layihələrə
imza atıb. Mötəbər forumlara, müxtəlif
festivallara, tədbirlərə ev sahibliyi edib. UNESCO bu tədbirlərin
əksəriyyətində əsas tərəfdaş kimi
iştirak edib. Bu, əlbəttə ki, ölkəmizə olan
münasibətdir: “Azərbaycan-UNESCO əlaqələrindən
danışanda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
müstəsna xidmətlərini qeyd etməliyik. Azərbaycan
mədəni irsinin dünyaya çatdırılması bu fəaliyyətin
mühüm bir hissəsidir”.
G.Əfəndiyeva
çıxışında işğal altında olan abidələrimizdən
də söz açdı: “Ermənistanın
işğalı altında olan ərazilərimizdə minlərlə
mədəni, tarixi, dini abidələr, əlyazmalar
dağıdılıb, yandırılıb. Dünya birliyini
bu məsələdə bizə dəstək olmağa
çağırıram”.
UNESCO-nun milli komissiyalar və vətəndaş
cəmiyyəti şöbəsinin direktoru Genc Seiti də Azərbaycanın
təşkilatla əməkdaşlığını yüksək
qiymətləndirdi: «Azərbaycan beynəlxalq səviyyədə
UNESCO-ya dəstək nümayiş etdirir, konvensiyalara
qoşulur. Azərbaycanın göstərdiyi mədəni dəstək
bizim üçün çox önəmlidir. Sevinirik ki,
Prezident İlham Əliyev bu əlaqələrə dəstək
verir”.
UNESCO-nun Mərkəzi Asiya Beynəlxalq
Tədqiqatlar İnstitutunun direktoru Şahin Mustafayev, Özbəkistan,
Belarus və Moldovanın UNESCO üzrə milli
komissiyalarının nümayəndələri də
çıxışlarında Azərbaycanın qurumla əlaqələrini
yüksək qiymətləndirdilər.
Əzim Əzimzadə adına
İncəsənət Kollecinin birinci kurs tələbəsi
Ceyhun Əhmədzadə Kaqanavada (Yaponiya) keçirilən
Dünya Uşaqlarının VI İncəsənət Sərgisində
xüsusi mükafata layiq görüldüyü
üçün təltif edildi.
Sonra tədbir bəşəriyyətin
mədəni irs siyahısına daxil edilən Azərbaycan
muğamı və aşıq musiqisindən ibarət konsert
proqramı ilə davam etdi.
Mehparə
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 4.