Mədəniyyət Moskvada
Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə
Fətəli Axundzadənin abidəsi ucaldılıb
Moskvada
Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə
Fətəli Axundzadənin abidəsi ucaldılıb.
M.İ.Rudomino
adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasının atriumunda Azərbaycanın görkəmli
yazıçısı, filosofu və humanisti Mirzə Fətəli
Axundzadənin abidəsinin açılış mərasimi
olub. Layihə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və
M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat
Kitabxanası ilə birlikdə həyata keçirilib.
Abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun şagirdi Zaur Rzayevdir.
Təntənəli mərasimi kitabxananın baş direktoru Yekaterina Geniyeva açıb. O, Moskvada M.F.Axundzadənin abidəsinin
qoyulmasını iki xalqın mədəni həyatında əhəmiyyətli
hadisə adlandırıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki,
bu gün iki ölkənin mədəniyyət və
qarşılıqlı münasibətlər
tarixində əlamətdar
hadisədir, "belə
ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız
və mədəniyyətlərimiz
arasında dostluğun
təməlini qoymuş
bir insanın abidəsi açılır". O, razılıq
hissi ilə deyib ki, qədirbilən
nəsillər M.F.Axundzadə
kimi görkəmli şəxsiyyətləri unutmurlar.
Səfir
dahi azərbaycanlının
abidəsinin dünyanın
mədəni paytaxtlarından
birində ucaldılmasının
əhəmiyyətini xüsusilə
qeyd edib.
Abidənin müəllifi Zaur Rzayev deyib ki,
dahi M.F.Axundzadənin obrazı üzərində
işləyərkən onun
məsləhətçisi, xalq rəssamı Tahir Salahov olub.
Rusiyanın tanınmış şairi
və Rusiya Federasiyası İctimai Palatasının üzvü
Andrey Dementyev qeyd edib ki,
M.F.Axundzadə Azərbaycanla
Rusiya arasında, Azərbaycanla dünya arasında böyük körpüdür. O, öz yaradıcılığı ilə
Rusiya-Azərbaycan mədəni
əlaqələrini məhz
iki xalqın mənafeyinə uyğun formatda təcəssüm etdirir, buna görə
də qarşılıqlı
mədəni mübadilədə
böyük əlaqələndirici
körpü rolunu oynayıb. O deyib: "Azərbaycan öz görkəmli adamlarının,
yazıçılarının, mədəniyyət və
elm xadimlərinin xatirəsini
son dərəcə əziz
tutur və bu, çox yaxşıdır".
Sonra tədbir kitabxananın Dəyirmi salonunda M.F.Axundzadənin "İnsan zəkası - ilahi ərməğan..." adlı seçilmiş əsərlərinin təqdimatı ilə davam edib. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, kitabın tərtibçiləri - tarix elmləri doktoru, kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin direktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərli rus və Azərbaycan dillərində nəşr olunmuş seçilmiş əsərlər üzərində apardıqları işdən danışıblar. Qeyd edilib ki, ilk dəfə olaraq iki dildə hazırlanmış bu nadir nəşrin müqəddiməsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. Çıxış edən alimlər və dilçilər M.F.Axundzadənin şəxsiyyət və yaradıcılığı barədə fikir mübadiləsi ediblər.
Sonda Moskva Dövlət Linqvistika Universitetinin tələbələri M.F.Axundzadənin "Şərq poeması"ndan parçalar səsləndiriblər.
Tədbirdə Moskvanın elmi və mədəni elitasının nümayəndələri iştirak ediblər.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 27 noyabr.- 15.