Musiqi kəhkəşanının parlaq ulduzu
Böyük bəstəkar
Fikrət Əmirovun 90 illik yubileyi təntənəli şəkildə qeyd edildi
Azərbaycanın görkəmli bəstəkarı,
tanınmış ictimai xadim,
SSRİ Xalq artisti,
Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasından 90 il keçir. Bu münasibətlə
noyabrın 22-də sənətkarın Fəxri xiyabandakı
məzarı önündə anım mərasimi keçirildi. Dövlət rəsmiləri, mədəniyyət
və incəsənət xadimləri, Fikrət Əmirovun ailə
üzvləri məzarının üzərinə
gül-çiçək dəstələri qoyaraq
bəstəkarın xatirəsini ehtiramla yad etdilər.
Sənətkarın xatirəsinə
ehtiram
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğuladı ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun xatirəsinə dövlətimiz tərəfindən hər zaman böyük ehtiram göstərildiyini deyən nazir qeyd etdi ki, sənətkarın yubileyinin geniş şəkildə qeyd olunması bunun bariz göstəricisidir. Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov - 90” musiqi festivalının keçirilməsi də böyük bəstəkara ehtiramın nümunəsidir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli sənətkarın zəngin yaradıcılığından söz açdılar. Bəstəkarın bacısı Şəfiqə Daşdəmirova Fikrət Əmirovun xatirəsini əziz tutan insanlara, yubileylə bağlı mədəniyyət tədbirlərinin təşkilatçılarına minnətdarlığını bildirdi.
“Fikrət Əmirov - 90” musiqi festivalının
açılışı
Noyabrın 22-də Heydər Əliyev Sarayında “Fikrət Əmirov - 90” musiqi festivalının açılışı və təntənəli yubiley mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirovun çoxşaxəli və zəngin yaradıcılığından danışdı. Qeyd olundu ki, görkəmli bəstəkar müxtəlif janrlarda bəstələdiyi əsərlərlə musiqimizi dünya miqyasında tanıdıb. Onun “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” simfonik muğamları, “Azərbaycan kapriççiosu”, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqilər Azərbaycan mədəni irsinin qiymətli incilərinə çevrilərək, təkcə Azərbaycanın deyil, bəşəriyyətin musiqi mədəniyyəti xəzinəsinə daxil olub: “Onun əsərləri dünyanın ən böyük konsert salonlarında səslənib. Bu əsərlərə xas olan humanistlik, fəlsəfi dərinlik, parlaq obrazlılıq, bədii kamillik dünyanın hər yerində dinləyiciləri heyran qoymuşdur”.
Sənətkarın yetişməsində, dünya görüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin böyük rolu olduğunu deyən nazir bəstəkarın görkəmli tarzən Məşədi Cəmil Əmirovun ailəsində muğam və xalq musiqisi mühitində tərbiyə olunduğunu diqqətə çatdırdı: “Fikrət Əmirov Azərbaycan bəstəkarlarının elə nəslinə mənsubdur ki, onlar bilavasitə musiqimizin patriarxı Üzeyir Hacıbəylinin xeyir-duası ilə sənət yoluna qədəm basmış, onun ideyalarının təsiri altında formalaşmış, onun yaradıcılığından bəhrələnmiş və Üzeyir bəyin açdığı yollarla inamla irəliləyib, onun ənənələrini inkişaf etdirmişlər. Onun yaradıcılığında xalqımızın daha bir sənət korifeyi Bülbülün də böyük rolu olmuşdur. O, Bülbülü Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzədərək, onu «əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və köməkçisi» adlandırırdı. Bülbül onun diqqətini folklorşünaslığa yönəltmişdi. Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərliyi altında fəaliyyət göstərən elmi-tədqiqat musiqi kabinəsinin işində Fikrət Əmirov da iştirak etmiş, ekspedisiyalarda olmuş, xalq musiqiçilərinin ifasından muğamlarımızı və xalq mahnılarımızı nota salmışdır. Bu da onun yaradıcılığında simfonik muğamların meydana gəlməsinə zəmin yaratmışdır”.
Bəstəkarın müxtəlif dövlət mükafatlarına layiq görüldüyünü xatırladan nazir Əbülfəs Qarayev Fikrət Əmirovun adının əbədiləşdirildiyini, respublikanın mədəniyyət müəssisələrinin, küçələrin onun adını daşıdığını bildirdi: “Onun yaradıcılığına ulu öndər Heydər Əliyev tərəfindən də böyük diqqət göstərilirdi. Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən də davam etdirilir. Ötən il bəstəkarın abidəsi ucaldılması, bu il isə onun yubileyinin dövlət səviyyəsində qeyd olunması buna bariz sübutdur. Bu gün biz Heydər Əliyev Sarayının möhtəşəm səhnəsində həm bəstəkarın yubiley tədbirinə, həm də bu festivalın açılışına toplaşmışıq. Noyabrın 22-dən 30-dək davam edəcək musiqi festivalı bəstəkarın demək olar ki, bütün yaradıcılığını əhatə edir. Bir daha sizi yubiley münasibətilə təbrik edirəm. Fikrət Əmirovun xatirəsi Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulacaq”.
Sonra “Fikrət Əmirov-90” musiqi festivalının ilk konsert proqramı təqdim edildi. Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət proqram maraqla qarşılandı.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 23 noyabr.- S. 2.