Azərbaycanşünaslığa
gözəl töhfə
Son illərdə nəşriyyat
işinin inkişafı göz qabağındadır. Bu nəşrlər
bolluğunda seçilmək çox çətindir. Yeni
işıq üzü görmüş “Quba və
qubalılar” kitabı bu baxımdan məzmun və mahiyyətinə
görə seçilir.
Filologiya elmləri namizədi Esmira
Fuadın “Gülüstani-İrəmdi Quba - Qübbə
torpağı” ön sözü və “Şahdağın
qoynuna sığınmış Quba” sərlövhəsi ilə
başlanan kitabda rayon haqqında qısa demoqrafik məlumatdan
sonra Azərbaycan Respublikası Prezidentinin Qubanın
sosial-iqtisadi inkişafı üçün
imzaladığı sərəncamlar verilib.
Ulu öndər Heydər Əliyevin
və Azərbaycan Prezidenti İlham Əliyevin Qubaya səfərlərini
əks etdirən materialları rəngli fotoşəkillər
müşayiət edir. Tarix elmləri doktoru Şahin Fazilin
“Quba tarixi” kitabından edilmiş çıxarışda
Qubanın tarixi, adının etimologiyası və müxtəlif
dövrlərdə bölgədə baş vermiş əhəmiyyətli
və mühüm siyasi hadisələr haqqında məlumat əksini
tapıb.
“Qubanın tarixi-memarlıq və təbiət
abidələri” bölməsindəki maraqlı məlumatları
rəngli fotoşəkillər daha da rövnəqləndirib.
“Tanınmış qubalılar” və “Qubalıların fəxr
etdiyi şəxsiyyətlər” bölmələri də
oxucularda dərin maraq oyadacaq. Rayon haqqında
yazılmış şeirlərdən bir qismi “Quba nəğmələri”
bölməsində yer alıb.
Azərbaycan xalqının
suverenliyi və ərazi bütövlüyü uğrunda
apardığı müharibədə qubalılar da
böyük mərdliklə vuruşublar. Bu barədə
“Qubanın şəhid övladları” bölməsində
söz açılır.
Kitabı elmi nöqteyi-nəzərdən
dəyərləndirən və qiymətli məlumatlarla zəngin
olan bölməsi isə “Quba yazılı mənbələrdə”
(biblioqrafiya) adlanır. 1587 adda ədəbiyyatı əks
etdirən biblioqrafiyada Quba və qubalılar haqqında qiymətli
məlumatlar toplanıb. Azərbaycan və rus dilində ədəbiyyat
elm sahələri üzrə bölünüb, onlara qısa
və aydın annotasiyalar yazılıb. Burada hətta Quba
haqqında məlumatların əks olunduğu səhifələr
də göstərilib. Bu, biblioqrafik göstəricinin necə
dəqiqliklə işlənməsinə sübutdur. Məlumatlardan
istifadəni asanlaşdırmaq məqsədilə müəlliflərin
və sərlövhələrin əlifba göstəriciləri
verilib. Gərgin əmək sayəsində başa gələn
600 səhifəyə yaxın olan kitab “Təhsil” nəşriyyatında
nəfis şəkildə çap olunub.
Tədqiqatçı əməyi
məsuliyyətli və çətin əməkdir. Üzərinə
tarixin tozu hopmuş kitab, qəzet, jurnal bağlamalarını
dönə-dönə vərəqləmək nə qədər
çətindirsə, oradakı məlumatları incələmək,
seçmək də o qədər böyük zəhmət tələb
edir. Bu çətin və məsuliyyətli işin öhdəsindən
bacarıqla gəlmiş “Quba və qubalılar”
kitabının tərtibçiləri dərin hörmətə
layiqdirlər.
Fazil Məmmədov,
fəlsəfə
doktoru, Əməkdar
mədəniyyət
işçisi
Mədəniyyət.-
2012.- 28 noyabr.- S. 15.