“Rəssamlıq gözəgörünməz poeziyadır”

 

   70 yaşlı rəssam avtoportreti qarşısında dayanıb özü ilə söhbət edirdi:

   “Rəssamlıq sənətini özüm seçməmişəm, bu, taleyin işi idi... Əlimə ilk dəfə fırça alanda, dünyanın bütün rəngləri ruhuma hopdu, mən də rəngləri sevdim. Əlimin üstündə şəffaf bir əlin olduğunu duyanda isə “bu, mənim alın yazımdı”, - deyib yola çıxdım... Nə az, nə çox, ömrümün 50 ilini rənglər dünyasına həsr edəndən sonra deyə bilərəm ki, bir rəssam kimi sənət taleyimdən çox razıyam!”

  

   Ötən həftə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında tanınmış teatr rəssamı və portret ustası, Əməkdar rəssam Mübariz Gəncəlinin 70 illik yubileyi keçirildi. Ömrünün böyük bir hissəsini Azərbaycan incəsənətinə həsr edən rəssam bu günlərdə qəzetimizin qonağı oldu.

  

   Ömrün anları

  

   Mübariz Gəncəli (Əliyev) 1942-ci il martın 6-da Gəncədə ziyalı ailəsində anadan olub. 1949-1958-ci illərdə Gəncə şəhər 22 saylı orta məktəbində, 1958-1962-ci illərdə Gəncə Rəssamlıq Məktəbində təhsil alıb. 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində rəssamlıq sənətinin sirlərinə yiyələnib. 1968-1972-ci illərdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında icraçı rəssam, daha sonra quruluşçu rəssam vəzifələrində işləyib. 1971-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1972-1976-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. Ekstern yolla 6 illik akademiyanı 4 ilə bitirib. 1977-ci ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına baş rəssam təyin olunub.

   Rəssam doğma teatrında və başqa teatrlarda 150-yə yaxın tamaşaya bədii tərtibat verib. 1990-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. 2009-cu ildə incəsənət sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 1995-ci ildə Türkiyədə “İlin ən yaxşı rəssamı” adına layiq görülüb. 6 övladın atası, beş nəvənin babası olan Mübariz Gəncəli 2000-ci ildə Kərbəla ziyarətində olub.

  

   Yollar, sənət axtarışları və sənət

  

   Onun həyatı gözlənilməz dönüşləri, ağlagəlməz uğurları, xoş xatirələri ilə nağıla bənzəyir. Fitri istedad, bacarığı, öyrənmək həvəsi, yeniyə can atmaq istəyi ömrü boyu onu xoş sürprizlərlə qarşılaşdırıb. Rəssam yeddiillik Gəncə Rəssamlıq Məktəbini dörd ilə bitirib. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda sənətin sirlərini görkəmli sənətkar Rafiq Mehdiyevdən alıb.

   Texnikumu əla qiymətlərlə bitirəndən sonra doğma şəhərinə qayıdır. İlk dəfə Gəncə Dövlət Dram Teatrında Sabit Rəhmanın “Küləklər” əsərinə bədii tərtibat verir. Tamaşa böyük uğur qazanır. Gürcüstanın Xalq rəssamı Dmitri Tavadze əsərə baxandan sonra rəssamlıq işini yüksək qiymətləndirərək ona məsləhət görür ki, sənədlərini Tbilisi Rəssamlıq Akademiyasına versin.

   1972-ci ildə Mübariz Tbilisi Rəssamlıq Akademiyasının teatr rəssamlığı fakültəsinə daxil olur. İlk gündən sənəti dərindən duyması, qeyri-adi istedadı, bacarığı müəllimlərinin gözündən yayınmır. Gənc rəssam ekstern imtahan verərək birinci kursdan üçüncü kursa keçirilir və 6 illik ali məktəbi 4 ilə başa vuraraq yenidən doğma teatrına qayıdır. Bir-birinin ardınca onlarca tamaşaya quruluş verir.

   Yaradıcılıq eşqi ilə aşıb-daşan gənc daha böyük auditoriyaya can atır, Sumqayıta köçür. 1977-ci ildə sənət ömrünü H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlayır.

   Ötən 35 ildə teatrda 70-dən çox tamaşanın quruluşçu rəssamı olur. E.KiplinqinÖz xoşuna gəzən pişik”, S.Mrojekin “Təxribatçılar”, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, C.Cabbarlının “Aydın”, ŞekspirinHamlet” və onlarca tamaşalara verdiyi səhnə tərtibatı peşəkar teatr rəssamının uğuru kimi yadda qalır.

   1981-ci ildə Sumqayıt teatrının hazırladığı Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsəri Moskvada böyük marağa səbəb olur. Teatrın baş rəssamı Mübariz Əliyevin də işi yüksək qiymətləndirilir.

   Millət vəkili, professor Nizami Cəfərov rəssamın yaradıcılığı barədə belə deyir: “Mübariz Gəncəli kifayət qədər mükəmməl sənət məktəbi keçmiş rəssamdır. Uzun illər Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş rəssam kimi səmərəli fəaliyyət göstərib. Onun yaradıcılığının böyük bir hissəsini görkəmli adamların portretləri təşkil edir. Mən Mübariz Gəncəlini həm rəssam-sənətkar, həm də dost-insan kimi yüksək qiymətləndirir, ona bundan sonra da hələ neçə illər yaradıcılıq uğurları arzulayıram!”

  

   Portret - kətan üzərində insan

  

   Mübariz Gəncəlinin yaradıcılığı təkcə teatr rəssamlığı ilə bitmir. O, gənc yaşlarından fırçasını rəssamlığın bütün janrlarında sınayaraq kamil sənət nümunələri yaradıb. Tarixi hadisələr, təbii gözəlliklər, insanonun daxili aləmi rəssamın sevimli mövzularıdır. Yüzdən artıq mənzərə əsəri yaratsa da, rəssamın yaradıcılığında portret janrı xüsusi yer tutur.

   1993-cü ildə ümummilli lider Heydər Əliyevə həsr etdiyi böyük həcmli “Qayıdış” əsəri, “Atatürk”, “Turqut Özal: türkün dünyası” portretləri, “Şəhidlər”, “Qanlı Yanvar” əsərləri əsl sənət nümunələri kimi dəyərləndirilir. Rəssamın böyük ustalıqla yaratdığı portretlər sırasında Çingiz Aytmatovun, Məmməd Arazın, Elçinin, Anarın, Nəbi Xəzrinin, Şəhriyarın portretləri bitkin kompozisiyası ilə yadda qalır.

   Rəssamın fırçasının ərsəyə gətirdiyi İran İslam Respublikasının yaradıcısı imam Ayəttula Xomeyninin portreti 2004-cü ildə bu ölkədə “Ayətulla Xomeyni” medalına layiq görülüb.

   Akademik Teymur Bünyadov yazır: “Onun rəngkarlıq əsərləri arasında natürmortlara, təbiət mənzərələrinə də çox rast gəlinir, amma bu sahədə onun portretləri daha cəlbedicidir. Şübhəsiz portret üçün zahiri oxşarlıq əsas cəhətdir. Amma Mübariz bunlarla kifayətlənmir. Öz qəhrəmanlarının daxili aləminə - ürəklərinə, düşüncələrinə səyahət edir. Bəzən bir portret rəssamın rəsmində dilə gəlib bir adamın tərcümeyi-halını, ömür yolunu danışır”.

   Sənətkarın “Arif Məlikov”, “Məhəbbətin göz yaşları”, “Tofiq Bayram”, “Avtoportret”, “Düşüncələr” və onlarca əsəri bitkin kompozisiyası, fəlsəfi yükü ilə diqqəti cəlb edir.

   Mübariz Gəncəlinin “Port” əsəri Riqanın, “Leuratablosu Yurmalanın, “Çiçəklənən Azərbaycan” kompozisiyası Xarkovun incəsənət muzeylərinin daimi eksponatlarına çevrilib.

   Rəssamın Gəncədə, Bakıda, Riqada, Moskvada, Tbilisidə, Soçidə, Ankarada sərgisi keçirilmiş, əsərləri böyük marağa səbəb olmuşdur.

   Xalq artisti Şəfiqə Eyvazova rəssam barədə belə deyir: “Əməkdar rəssam Mübariz Əliyevin - Gəncəlinin sənəti məni həmişə valeh edir. Onun rəsm əsərləri xalqımızın mənəvi sərvətidir. Onun sənətinin daha da genişlənib çiçəklənməsini diləyirəm”.

   Mübariz Gəncəli öyrəndiklərini və bildiklərini istedadlı gənclərə öyrətməkdən zövq alan sənətkardır. O, bir müddət vaxtilə təhsil aldığı Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləmiş, teatr rəssamlarının yetişdirilməsində yaxından iştirak etmişdir.

   Rəssamın sənət dünyası ilə yaxından tanış olan şair-jurnalist Qüdrət Muğanlı yazır:

   Mübariz Gəncəlinin rəssam taleyi ilə tanış olarkən həmişə Xalq şairi Rəsul Rzanın “Rənglər ömrümüzdən keçir isti, sərin küləklər kimi” misralarını xatırlayıram. Bu isti, sərin küləklər Mübarizin ilhamını sönməyə qoymur. Mübariz kətan üzərində dünya yaradır”.

   Ömrünün yarım əsrdən çoxunu sənətə həsr edən Mübariz Gəncəli bu gün də rənglər dünyasında yeni-yeni əsərlər yaradır. Söhbətimiz zamanı yaradıcılığına göstərdikləri yüksək qayğı və diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

   Dahi rus şairi Aleksandr Puşkin rəssamlığı gözəgörünməz poeziya adlandırırdı. Bizlər gözəgörünməz poeziyanın qarşısında o zaman heyrətlənirik ki, baxıb görə bilmədiklərimizi görürük. Buna görə rəssamlara minnətdarıq.

 

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 12.