“Kino-qələm İmran

 

   Bu, maraqlı publisist, görkəmli yazıçı-ssenarist İ.Qasımovun “kadrarxası” adlarından biri idi

  

   Yazılarımın birində mən də onu “Qələm-Mixaylo”su adlandırmışam. Ədəbiyyat-mədəniyyət aləminin rəsmi-rəyasətlik sahələrində tez-tez bir stoldan digərinə doğru irəliləyib, öz istedad və təşkilatçılıq bacarığıyla təfəkkür ordularına başçılıq edən, hər iki-üç əsərindən biri lentə alınan, hər dönəm-döngədənbir yeni-yeni “sənət partlayışı törədən” bir sənətkarın “kino-qələm”, “kamera-xəyal”, “qələm-Mixaylo”su çağırılması təbii deyildimi?..

  

   Bəli, ədəbi “kontr-kəşfiyyatçı”, qurucu-quruluşçu yaradıcı idi - İmran Qasımov.

   Bu bənzətmələri qədərindən artıq, izafi sayanların nəzərinə isə çatdırım ki, hələ bunlar onun qədir-qiymətinin az-azacığı, başlanğıcıdır. Hələ bunlar görkəmli Xalq yazıçısının ədiblik əyarının “probu, onun - görklü kinossenaristin dəyərləndirilməsinin “jurnalıdır, kinosu daldadır”. Bunlar hələ bu çox dramatik dramaturqun afişasıdır - tamaşası zaldadır. Avtobioqrafiyasına Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı kimi rəsmi adlar düşmüş sənətkarın mikro-etiketləridir - makro-prioritetləri qələmindən vizuallaşan meridian lentlərdə, intellektindən formalaşan eridusion fikirlərdə, tədqiqat-təhqiqata, qələm-mikrofona möhtac arxivlərdə, cismcə sağ xatirələrdə, xislətcə “sol” təəssüratlarda, ətrafındakı badalaq istedadlı bədxahların onun ürəyinə yansıdığı “kontraktinfarktdan dolayı müqəyyəd-psixoloji “xaldabirbu yazının balaca bir qol götürdüyü yoldadır...

  

   Göz qənimətləri, qələm ritmləri

  

   Onun rəngarəng yaradıcılıq aləminə, xüsusən epik-lirik, dramatik-kinematoqrafik əsərlərinə göz gəzdirdikcə, haqqında söylənəsi sözlərin qarşısında geniş meydan açılır. Gənc yaşlarından yaratmağa başladığı izdiham-truppa təsvirləri ədəbiyyat və kinosevərlərin xəyalında “bədii xalq” timsalında, məkan-mənzərələr isə vətən-səhnə, ölkə-pavilyon kimi canlanır. Dil-üslub xüsusiyyətləri, situasiyayaratma manevrləri, ekoloji təsvir, psixoloji təfsir, eleqant monoloq və “intriqant” dialoqları ilə tanış olduqca, oxucuya elə gəlir ki, bu yazıçı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini yox, dünyanın - yüngül-yöndil çıxmasın, - hələ mövcud olmayan hansısa “detektiv universitetininqeylü-qalologiya kursunu bitirmişdir.

   Bəli, elə məhz bu sayaq elementlərə görə onun yaradıcılıq yoluna “səhnə, kino, televiziya mətnləri” adıyla yox, “göz qənimətləri, qələm ritmləri” ladıyla ayaq verdim.

   Hələ sadəcə İmran Haşım oğlu Qasımov ad-soyadlı bu fərdin bəsirət gözünün açılım anı və yaradıcı aləmə qoşulum dövrünün özüöz dramatikliyilə səciyyəvidir; əlbəttə, müharibə! Belə bir zamanda isə “ala buludlar”ı hədəfləyən epitasiyalara, intəhasız təfərrüat-bədiiliklər donoru hesab edilən “döşə getsin”lərə və bəzi dinamik təsvirlər zamanı “dayan-doldurumluqlara yer olmur. Bütün fiziki hərəkət və maddi bərəkətlərin, fikir-zikrlərin yönü döyüş “qiblə”sinə, fabulası qaçaqaç şıdırğıları (məsələn, Novruz bayramında yumurta döyüşdürənlərin “tut, vurum-al, tut!”) dinamikasına çevrilir.

   Çoxsahəli arxa cəbhənin ədəbi səngərinə belə bir əngəl zəmanədə (və cəmisi iyirmi üç yaşında) qədəm qoyan gənc İmran 1941-ci il 22 iyundan etibarən dövri mətbuatda zarisovka, oçerk, reportaj, məqalə atəşləri saçmağa başlayır. Gündüzlər müşahidə kəşfiyyatına çıxıb, gecələr alovlu publisistika ədəbiyyatına girişir. Lakin günlər, həftələr, aylar kefsiz-nəfsiz, tez-boz keçdiyindən, o da sənətin “bir kağız, bir qələm” aləmindən “sözgöz” dilinə keçməyi qərarlaşdırır. Başını qaşımağa macal tapmayan cəmiyyət üçün tiraj-tiraj yazıb, fərdi-fərdi, adda-budda oxutdurmaq işindən - yazdıqlarını lentə aldırıb kütləvi, xəlqi-ölkəvi baxdırmaq peşəsinə qədəm qoyur. İctimai məna-mahiyyətini, qələbə güdüyünü dəyişməyən qələmi vizual ritmlərlə döyünməyə başlayır. 1942-ci ildə hələ “Abşeron ritmləri”nə doğru gedən böyük yolaSovqatfilmi ilə ilk izini salır. Arada yazıb lentə aldığı bir neçə qısa və tammetrajlı filmlərdən sonra - 1945-ci ildə od-alovlardan qurtulmaqda olan vətən tamaşaçıları ilə görüşə mükəmməl ssenarisi ilə çəkilmiş “Əbədi Odlar ölkəsi” filmi ilə gəlir.

   Tək elə bu istedadlı gəncin əbədi odlar bölgəsində yox, bütün sovetlər ölkəsində insanlar hər gün, hər saat, hər yerdə nəyəsə doğru gedib-gəlir, əlləşib-vuruşur, yaşayıb-yaradırdılar. İstəklərində, missiya-görəvlərində, əməli işlərində, mənəvi içlərində arzu rəngarənglikləri, peşə müxtəliflikləri olan bu milyonların ən ümumi və ən tələskən gözləntiləri isə eyni idi:

  

   Qələbə!

  

   Qələbənin özü isə o milyonlardan çox şey umur, çox şey gözləyirdi; bizim kənddə daha çox pambıq yığılmasından tutmuş, sizin şəhərdə daha artıq neft çıxarılmasına, nənələrin isti əlcək-corab toxuyub soyuq orduya, qızların alovlu “üçkünc”lər yazıb sevgisiz cəbhələrə göndərmələrinə, hamımızın uzaq sahillərdəki bir oğlumuzun alman zabitlərilə dolu bir kinoteatr binasına qoyduğu partlayıcının nə vaxt işə düşəcəyinə bəslədiyimiz həyəcan-marağa qədər - hər şey!

   Bütün bunlar isə bəyan olunmalıydı. Dörd il sərasər vəsvəsə-səksəkə içində yaşamış ölkəyə, siyasət-rəyasət dokladlarından doymuş əhaliyə sənətin ən əyani, “incəsənətin ən canlı sahəsilə” əyan edilməliydi. Gecələr işığı sönülü, qapı-pəncərəsi örtülü, aynası tutulu, qaş-qabağı qıfıllı arxa cəbhəçilər üçün ssenarilər yazılmalı, filmlər çəkilməliydi.

   İmran Qasımov da bu atəşsiz cəbhənin barmaqsayı sənət komandirlərindən biri kimi çalışır, yığmahesabı əsgərlərindən biri olaraq vuruşur, müşahidələrini qələm-kağıza alır, kinolentlərə çəkdirirdi.

   Müasirləri söyləyirdilər ki, İmran Qasımovun hər iki-üç kəlməsindən, beş-üç xatirat-təəssüratından biri əsl vizual element, nəticə etibarilə bitkin bir kino-lent idi. Bunu onun zəngin filmoqrafiyası da təsdiq edir. Adlıqları, mövzuları, məram-məqamları öz avtoportretini andıran filmoqrafiyası!

   O, ssenariləri əsasında çəkilmiş, lakin zamanın ictimai-siyasi baxışlarıyla əlaqədar obyektiv-subyektiv münasibətlər tünlüyü içərisində gömülmüş bir çox filmlərindən fərqli - ünlü sənətkar Həsən Seyidbəyli ilə yazdığı “Uzaq sahillərdə” şedevrinə doğru çox böyük sürət, haqq-halal bir surətlə gəlirdi. Onlar bu əsərlə “İnsanın taleyi” (M.Şoloxov) qarşısına mükəmməl bir Azərbaycan filmi, sinəsini atəşə sipər edib pulemyotu susduran Matrosovların qabağına fenomenal Azərbaycan balası çıxarmış oldular. Bu sənədli-publisistik, ədəbi-bədii faktura kinematoqrafçılarımıza qeyri-adi bir ekran əsəri yaratmaq üçün əsrarəngiz dəstavuz vermiş oldu. Buradakı faktoloji təsvirlərin, situasiyaların, dialoqlardakı dinamik-psixoloji nüansların yaradıcı qrup qarşısında açdığı üfüqlər hər kadrda, hər məqamda hiss olunur. Xüsusən də hadisələrin daxili polifoniyası ilə ecazkar dərəcədə səsləşən musiqi! Dahi Qara Qarayevin artillerik notları böyük Qələbə uğruna qoşulan bu söz və şəkil duallığını triumfallaşdırmışdır!

   ...Atalar sözü və zərb-məsəllərimiz sırasına qoşulan sənətkar kəlamlarından söhbət açılanda, əsasən, “nakam” məhəbbət və tacir-tüccar məsələlərindən bəhs edən “O olmasın, bu olsun” abidəsi yada düşür (“Heç hənanın yeridir?”, “Dəyərəm min cavana” və s.). Amma bizim qəhrəmanlıq sifətimizi əks etdirən “Uzaq sahillərdə” də gündəlik leksikonmenyumuzu zənginləşdirən sözlər az deyil: “Doqquzun yarısında!”, “Qoy bir özümə gəlim”, “O, qardaşlıq dininə inanır, ata!”, “İki Mixaylo asmışıq, üçünü güllələmişik”, “Həmin dalğa, həmin koordinat” və sair...

   Amma bütün bu yazdıqlarım İmran Qasımov yaradıcılığındakı sərlövhə yazılarının həcmi qədər ola, ya olmaya...

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 10.