“Ömrün qönçə
çağında” və “Çəkilməyən film”
Yazıçı-publisist
Şirməmməd Nəzərlinin yeni kitabları təqdim
edildi
Noyabrın
23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin
üzvü, yazıçı-publisist Şirməmməd Nəzərlinin
yaradıcılığına həsr olunmuş tədbir
keçirildi.
“Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-nin dəstəyi, Mətbuat
Şurasının təşkilatçılığı ilə
gerçəkləşən tədbirdə
iştirakçılar əvvəlcə Ş.Nəzərlinin
“İşıq gücü” mövzusunda fotosərgisi ilə
tanış oldular. Sonra müəllifin “Ömrün
qönçə çağında” və “Çəkilməyən
film” kitablarının təqdimatı keçirildi.
Tədbirdə
çıxış edən Mətbuat Şurasının sədri
Əflatun Amaşov yazıçı-publisistin
yaradıcılıq yolundan danışdı, indiyədək
8 kitabının işıq üzü
gördüyünü vurğuladı, təqdim olunan kitablar
barədə fikirlərini bildirdi. Qeyd olundu ki, Ş.Nəzərli
1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Müxtəlif
mətbuat orqanlarında çalışıb, roman, povest,
hekayə, ssenari, publisistik yazıların müəllifidir.
“Akkord” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva, Əfqanıstan Veteranları İctimai Birliyi sədrinin birinci müavini Əbülfəz Hüseynov, Yazıçılar Birliyinin nümayəndəsi Ədalət Əsgəroğlu, Fotoqraflar Birliyinin təmsilçisi Rauf Umud, “Xalq qəzeti”nin redaktor müavini Tahir Aydınoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları çıxış edərək müəllifin fotosərgisi və yeni kitabları barədə fikirlərini bölüşdülər.
Bildirildi ki, “İşıq gücü” Ş.Nəzərlinin sayca 4-cü fərdi fotosərgisidir. “Ömrün qönçə çağında” kitabında 1979-1989-cu illərdə Sovet İttifaqının Əfqanıstanda apardığı müharibədə həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklər və həmin müharibəyə həsr edilmiş araşdırma materiallar yer alıb. Müəllif Sovet İttifaqının Əfqanıstan siyasətinin təhlilini verir, mülahizələrini konkret fakt və rəqəmlərlə təqdim edir. On illik Əfqanıstan müharibəsində nahaq qurbana çevrilmiş Azərbaycan vətəndaşlarının taleyinə həsr edilmiş oçerklər həm də o dövrün sosial-siyasi ab-havasını əks etdirir.
“Çəkilməyən film” romanı isə bir kinorejissorun həyatını əks etdirir. Əsərin qəhrəmanı cinayətkarlıqdan mənəvi saflığa doğru ömür yolu keçir. Müəllif xalqımızın həyat və məişətindən hiss olunmadan silinməkdə olan əxlaq normalarını, etik qaydaları, yüksək dini-mənəvi dəyərləri bacarıqla təsvir edir.
Ceyhun
Mədəniyyət.- 2012.- 28
noyabr.- S. 10.