Qazaxıstanın turizm təmsilçiləri ölkəmizə səfər ediblər

 

   Bakı və regionlarla tanışlıq onlarda xoş təəssürat yaradıb

  

   Noyabrın 16-dan 21-dək Qazaxıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdə olub.

  

   Bu barədə qəzetimizə məlumat verən «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, infoturun təşkili ilə bağlı bu ilin aprelində Qazaxıstanda keçirilən beynəlxalq turizm sərgisində razılıq əldə olunmuşdu: “Həmin sərgidə Azərbaycandan bizimlə bərabər, «Çinar Naftalan» sanatoriyası da təmsil olunurdu. Qazaxıstanlı tərəfdaşlarla əldə etdiyimiz anlaşmaya əsasən tibb işçiləri və turoperatorlardan ibarət qrupun ölkəmizə infotura gəlməsini qərara aldıq”.

   Səfər Qazaxıstanın Azərbaycandakı səfirliyi və «AirAstana» hava yolları şirkətinin dəstəyi ilə reallaşdırılıb. Proqram çərçivəsində iştirakçılar 2 gün Bakıda qalıblar, qonaqların tarixi məkanlara, o cümlədən İçərişəhər, Atəşgah, Yanardağ, Ramana qalalarına gəzintiləri təşkil edilib. İnfotur iştirakçıları «Jumeirah Bilgah Beach», «Hilton Bakı», «Abşeron Marriott» və digər 5 ulduzlu mehmanxanalarla tanış olublar.

   Sonra qazaxıstanlı qonaqlar Naftalana yola düşüblər. «Çinar Naftalan» sanatoriyasında qalan infotur iştirakçıları buradakı müalicə üsulları, xidmət səviyyəsindən razılıq ediblər. Hətta qonaqlardan 3 nəfər səfərdən sonra 14 günlük paket alaraq sanatoriyada müalicə olunmaq qərarına gəliblər.

   R.Quliyevin sözlərinə görə, sonrakı günlərdə tur Gəncə, Yevlax, Mingəçevirdən keçməklə Şəkidə davam edib: «Qonaqlara Şəkinin sənətkarları, mətbəxi, təbii məkanları haqqında məlumat verdik. Şəki paxlavası, onun hazırlanma qaydası xüsusi marağa səbəb oldu. Noyabrın 20-də qonaqlar Bakıda, “Gülüstan” sarayında Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin qurulmasının 20 illiyi ilə əlaqədar təşkil olunmuş ziyafətə də qatıldılar”.

   Həmsöhbətimiz bildirdi ki, hazırda Azərbaycan Qazaxıstan vətəndaşları üçün çox cəlbedici bir turizm məkanıdır: «Statistik məlumatlara əsasən, ölkəmizə müalicə turizmi məqsədilə gələnlərin 20 faizini qazaxıstanlı turistlər təşkil edir”. R.Quliyev Mədəniyyət və Turizm Nazirliyinə infotur iştirakçılarını zəruri reklam-çap məhsulları ilə təmin etdiyinə görə təşəkkürünü bildirdi.

   Qazaxıstanın “De Ville Tourneturizm şirkətinin direktoru Yuliya Butakova qəzetimizə açıqlamasında səfərdən məmnun qaldıqlarını bildirdiqeyd etdi ki, Bakı və Azərbaycanın regionları öz təbii gözəllikləri, turizm-istirahət mərkəzləri və hotelləri ilə infotur iştirakçılarında xoş təəssürat yaradıb. O, səfərin gələcək əlaqələr baxımdan əhəmiyyətini qeyd etdi: «Azərbaycan turistlər üçün çox maraqlı məkandır. Bu həm təbiətsevərlər, həm də müalicə və mədəni turizm həvəskarları üçün önəmlidir. Belə infoturların təşkili ölkələrimiz arasında turizm əlaqələrinin getdikcə dərinləşməsinə yardım edir. İnanıram ki, əməkdaşlığımız 2013-cü ildə də uğurla davam edəcək».

 

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 9.