Lənkəranda turizm-informasiya mərkəzi fəaliyyətə başlayıb

 

   Bəxtiyar Qılıncov: “Gələcəkdə bu mərkəzlərin hər bir rayonda açılması nəzərdə tutulur

  

   Azərbaycanın daha bir bölgəsində turizm-informasiya mərkəzi açılıb.

 

 Bakı Turizm-İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun bildirdiyinə görə, Lənkəranda işə başlayan mərkəz cənub bölgəsinə gələn turistləri reklam-çap məhsulları ilə təmin edəcək: «Beləliklə, artıq Azərbaycanın 7 bölgəsində turizm-informasiya mərkəzləri fəaliyyət göstərir. Bildiyiniz kimi, bu qurumların əsas fəaliyyəti Bakıya və bölgələrə səfər edən turistləri məlumatlandırmaqdan ibarətdir. Turistlər səfər zamanı informasiya köşklərinə böyük maraq göstərirlər. Əməkdaşlarımız onlara müraciət edən insanlara bölgənin istirahət mərkəzləri, hotelləri, tarixi-mədəni abidələri və s. haqda məlumatlar verirlər. Hələlik turizm-informasiya mərkəzləri regionlar üzrə fəaliyyət göstərirlər. Əsasən də Azərbaycanın turizm potensialı böyük olan bölgələrdə onların işi vacibdir. Amma gələcəkdə bu mərkəzlərin hər bir rayonda açılması nəzərdə tutulur”.

   Direktor müavini bildirdi ki, Bakıda bir neçə yerdə turizm-informasiya köşkü quraşdırılıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 2 informasiya köşkü 2004-cü ildən fəaliyyət göstərir: “Bu il ölkəmizdə keçirilən «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar hava limanındakı köşklərin sayı 4-ə çatdırıldı. Bundan əlavə, müsabiqə zamanı paytaxtdakı beynəlxalq avtovağzalda, dəmiryolu vağzalı və dəniz limanında da köşklər yaradılmışdı. Hazırda aeroportdakı köşklərimiz işini davam etdirir. Çünki ölkəmizə daha çox turist məhz hava limanı vasitəsilə daxil olur və burada informasiya köşklərinin fəaliyyətinə daima ehtiyac var”.

   Həmsöhbətimiz onu da qeyd etdi ki, turizm-informasiya mərkəzləri Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm-İnformasiya Mərkəzi tərəfindən ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları ilə təmin olunur. Bundan əlavə, hər bir bölgədə yerləşən informasiya mərkəzi həmin ərazinin turizm imkanlarına dair broşürlər, kitabçalar, turist xəritəsi, hotellər, istirahət mərkəzləri haqqında məlumatların yer aldığı çap məhsullarını özü hazırlayır.

  

 

    Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 9.