Berlində gənc azərbaycanlı və alman rəssamlarının sərgisi

 

   Noyabrın 23-də Berlindəki “Direktorenhaus” qalereyasında “Rənglərin dialoqu: Azərbaycan-Almaniya“ adlı sərgi açılıb. Avropa Azərbaycanlıları Konqresi və “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən sərgidə gənc azərbaycanlı və alman rəssamlarının əsərləri nümayiş olunur.

   Açılışda çıxış edən AAK-ın prezidenti Samirə Patser-İsmayılova, Berlin Senatının təhsil siyasəti üzrə mətbuat xidmətinin təmsilçisi İlkin Özişık belə tədbirlərin mədəniyyətlərarası dialoqa xidmət etdiyini vurğulayıblar. “Direktorenhaus“ qalereyasının direktoru Paskal Johanssen müxtəlif mədəniyyətləri təmsil edən gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Nüsrət Süleymanov iki ölkə arasında mədəni və humanitar sahələrdə də əlaqələrin əhəmiyyətini qeyd edib. “Sönməz məşəl“ İctimai Birliyinin sədri Şəhla Nağıyeva ümidvar olduğunu bildirib ki, sərgi iki ölkənin mədəniyyət nümunələrini, tarixi yerlərinin gözəlliklərini əks etdirən rəsm əsərləri vasitəsilə xalqlarımızın bir-birinin mədəni irsi ilə tanış olmaq, mədəni əlaqələri daha da möhkəmləndirmək üçün imkanlar açacaq.

   Şəhla Qəhrəmanlı, Nərminə Vəliyeva, Simona Vestfal, Nizaket Sinanovskanın rəsmləri böyük maraqla qarşılanıb. Tamaşaçılara Azərbaycan rəssamlarının Qarabağ mövzusunda maraqlı rəsmləri təqdim olunub. Alman rəssam Peter Föller nümayiş olunan əsərləri rənglərin sehri kimi qiymətləndirib. Gənc rəssamlar əsərlərinin yaranma tarixi, mövzusu və məzmunu ilə tamaşaçıları tanış ediblər.

   Sərgi dekabrın 1-dək nümayiş etdiriləcək.

 

  

   Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 9.