Türk kinosunun Sultanı

 

   Türkan Şoray sənət sirlərini Bakıda azərbaycanlı gənclərlə bölüşdü

  

   Əfsanəvilik üçün Tanrı ona iki böyük bəxşiş verdi - gözəllik və istedad, duyan qəlb. Əvvəl gözəlliyinə heyran olub, sonra peşəkarlığına təəccüblənirsən. Niyə? Çünki gözəlliklə istedadı simada görmək sadə məsələ deyil.

  

   Türkan Şorayın ekranda yaratdığı qəhrəmanlarda bu ikilik müxtəlif olub - gözəllik və yüngül həyat tərzi də, gözəllik və məzlumluq da, gözəllik və talesizlik də, gözəllik və eşq də, gözəllik və məğrurluq da... Ən əsası odur ki, onun qəhrəmanları həyatidir, inandırıcıdır, o bu qadınları, görüb, tanıyıb, hiss edib, sonra canlandırıb. “Arım, balım, pətəyim”, «Acı həyat», «Sultan», «Vəsiqəli yarım», «Sərvi boylum, al yazmalım», «Eşq köhnə bir yalan», «Tatlı Nigar» filmlərinin qəhrəmanları yalnız bir hekayət qadınlarıdır. Tale küləyinin romantikləşdirdiyi qadınlar. O, 200-dən artıq filmə çəkilib. Dörd filmə özü quruluş verib.

   Türkan Şoray 1947-ci ildə anadan olub. 1960-cı ildə teatr rejissoru "Pesenfilm" kinostudiyasının sahibi Nevzet Pesen İstanbulun küçələrinin birində təsadüfən onunla rastlaşır. Yeniyetmə qızın gözəlliyinə valeh olan rejissor Türkanın filmə çəkilməsinə razılıq almaq üçün valideynlərinə müraciət edir. Onun kinoda ilk işi uğurlu alınır. Tezliklə Türkan Şorayın çəkildiyi "Məhəbbətdən qaçmaq olmaz" filmi ekranlara çıxır. Bir neçə aydan sonra isə o, rejissor Şəmsi Ezonukun "Nadinc uşaq" filmində baş rola çəkilir. Bundan sonra 14 yaşlı Türkan digər rejissorlardan da dəvətlər almağa başlayır. 1961-ci ildə səkkiz, 1962-ci ildə isə artıq on bir filmdə müxtəlif rollar oynayır. Qısa zamanda populyarlıq qazanaraq sənət zirvəsinə ucalır.

   Aktrisanın qəhrəmanlarının ümumi, oxşar tale yaşamaları aydın görünürdü. Onlar əsas etibarilə zavallı türk qadınlarıdır. Amma eyni zamanda sosial ədalətsizliyə qarşı öz qızğın etirazlarını bildirirlər. Türkan Şorayın çəkildiyi filmlərin süjetləri bir-birinə çox oxşayır. Aktrisa yerli beynəlxalq festivallarda 30-a yaxın mükafat alıb. Onu Türkiyədəsinemanın sultanı”, xaricdə isəŞərqin Elizabet Teyloruadlandırırlar.

   Noyabrın 26-da Bakıda işə başlayan İstedadlı Yaradıcı Gənclərin II Respublika Toplantısının mötəbər qonaqları arasında yer alan ünlü aktrisa ilə görüşmək, sənət barədə fikirlərini onun öz dilindən eşitmək imkanı yarandı. Abşeron Marriott” hotelində azərbaycanlı yaradıcı gənclərlə görüşən Türkan Şoray sənət təcrübəsinin bəzi məqamlarını, aktyorluq, rejissorluq barədə mülahizələrini onlarla bölüşdü. Dinləyicilər əksər etibarilə ali məktəblərin yaradıcılıq fakültələrinin tələbələri idi.

   «Mən xüsusi aktyorluq dərsləri almamışam. Bu sahədə öyrəndiklərimi görüb-götürdüklərimdən, ustad-şagird münasibətlərindən əldə etmişəm. Amma mən obrazını yaratdığım qadınları öyrənməyə cəhd etdim, onların həyatını, məişətini, vərdişlərini hiss etdiklərini bilməyə çalışdım”.

   1978-ci ildə azərbaycanlı rejissor Əjdər İbrahimovun quruluş verdiyi məşhurMəhəbbətim mənim, kədərim mənimfilmində baş rolu oynamış aktrisa uyğun ssenari olarsa Azərbaycan filminə çəkilə biləcəyini dedi. Çəkdiyi filmlərdən, onların süjetindən danışdı.

   Aktrisa kinoda yaratdığı qəhrəmanlarından danışarkən «qadına qarşı zorakılıq» söhbət mövzusu oldu. Onun bu məsələyə münasibəti birbaşa rasional oldu: «Hər şey təhsillə bağlıdır. İnsan təhsil aldıqca, savad qazandıqca cəmiyyətdə bu problemlər azalır. Bununla mübarizə aparmağın yeganə yolu təhsildir. Qadınlar öz hüquqlarını bilməli kimsənin onlara zorakılıq etməsi ilə razılaşmamalıdırlar. Onlar bir insan olaraq bütün seçimləri azadlıqları haqq edir».

   Dinləyicilərin suallarını cavablandırarkən Türkan Şoray öz xatirələr kitabından sitatlar oxudu. Sonda iştirakçılarla xatirə şəkli çəkdirdi.

  

 

   Aliyə

 

  Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 6.