Milli mətbuatımızın banisi

 

   Həsən bəy Zərdabinin 170 illiyi Milli Kitabxanada qeyd edildi

  

   Noyabrın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. İştirakçılar əvvəlcə kitabxananın foyesində Həsən bəy Zərdabiyə həsr edilmiş kitab sərgisi ilə tanış oldular.

  

   Tədbiri açan kitabxananın direktoru Kərim Tahirov Həsən bəy Zərdabi işığına yığışan qonaqları salamladıqdan sonra sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi.

   Nazir çıxışında görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən danışdı. Bildirdi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabi əvəzsiz xidmətlər göstərib. 1875-ci il iyulun 22-də onun rəhbərliyi ilə nəşrə başlayan “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Azərbaycan həqiqətlərini ilk dəfə Azərbaycan dilində xalqa çatdıran da məhz bu qəzet oldu. Həsən bəy Zərdabi təkcə mətbuatımızın əsasını qoymadı, həm də tariximizdə yeni səhifə açdı. 1873-cü ildə peşəkar Azərbaycan teatrının yaranmasına təkan verən insanlardan biri də məhz Həsən bəy Zərdabi olub: “O, Azərbaycan mədəniyyətinə yenilik gətirən tarixi şəxsiyyətlər sırasındadır. Həsən bəy azərbaycançılıq təfəkkürünün inkişafına müvəffəq olmuş və cəmiyyətin, xalqın mədəni səviyyəsini həmişə ön sıralarda görmüşdür. Elə buna görə də Azərbaycan xalqı Zərdabinin xatirəsini həmişə uca tutmuşdur”.

   Əbülfəs Qarayev Prezident İlham Əliyevin son illərdə imzaladığı sərəncamlarla ölkəmizdə tanınmış mədəniyyət xadimlərinin, ədib və mütəfəkkirlərin yubileylərinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi və bu tarixi sənədlərin böyük əhəmiyyət daşıdığını vurğuladı. Qeyd olundu ki, xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Zərdabinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Ölkə Prezidentinin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli sərəncamı buna əyani sübutdur.

   Tədbirdə Bakı Dövlət Universitetinin professoru, mətbuat tariximizin yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynov, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxış edərək milli mətbuatımızın keçdiyi çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolundan söz açdılar.

   Çıxışlarda qeyd edildi ki, 1875-ci ildə maarifçipublisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.

   Vurğulandı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı silsilə tədbirlər keçirilibbu işlər indidavam etdirilməkdədir.

   Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Həsən bəy Zərdabi-170” adlı elektron məlumat bazası tədbir iştirakçılarına təqdim edildi.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 5.