Azərbaycan ziyalılığının əlifbası

 

   Böyük yazıçı-mütəfəkkirin 200 illiyinə həsr olunmuş biblioqrafiyanın təqdimatı

  

   Noyabrın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli ədib, mütəfəkkir yazıçı, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş biblioqrafik topluelektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

  

   Kitabxananın direktoru Kərim Tahirov ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq böyük dramaturqun yubileyinin geniş şəkildə qeyd edildiyini, yubileylə bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Mirzə Fətəli Axundzadə - 200. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının hazırlandığını bildirdi. Biblioqrafik kitab “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görüb. Biblioqrafiyada Mirzə Fətəlinin ədəbi irsinionun haqqında yazılanları özündə əks etdirən, ədibin Azərbaycanda və 17 xarici ölkədə çap olunan əsərləri, dramaturq haqqında olan bütün materiallar xronoloji ardıcıllıqla göstərilib. Azərbaycan, rusingilis dillərində hazırlanan elektron məlumat bazası isə Axundzadə irsini bütün dünyada təbliğ etmək üçün nəzərdə tutulan zəngin topludur.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli Mirzə Fətəli Axundzadəni Azərbaycan ziyalılığının əlifbası adlandırdı. 2012-ci ilin Azərbaycan mədəniyyəti, ədəbiyyatı üçün yubileylər ili olduğunu vurğulayan şöbə müdiri bildirdi ki, mütəfəkkir yazıçının 200 illiyi təkcə ölkəmizdə deyil, bütün türk dünyasında qeyd olunur: “Bir aydan sonra yola salacağımız 2012-ci ili “Ədəbiyyat ilikimi də adlandırmaq olar. Çünki bir çox ədiblərimizin - N.Gəncəvi, M.Ə.Sabir, H.Cavid, M.S.Ordubadi, X.R.Ulutürk və başqalarının yubileyləri məhz bu ildə qeyd olundu. M.F.Axundzadənin 200 illik yubileyi bütün respublikamızda, onun hüdudlarından kənarda, türk dünyasında qeyd edilir. 2012-ci il TÜRKSOY təşkilatı tərəfindən “M.F.Axundzadə ilielan olunub”.

   Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiyanın görkəmli ədibin yubileyinə töhfə olduğunu vurğulayan V.Bəhmənli bu işdə zəhməti keçənlərə təşəkkürünü çatdırdı. O, müasir Azərbaycan fəlsəfi düşüncəsinin banisi olan Axundzadə irsinin öyrənilib gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğuladı.

   Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru, “Mirzə Fətəli Axundzadə - 200. Biblioqrafiya” kitabına “Ön sözyazan Arif Əmrahoğlu, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və başqaları biblioqrafiyanın və elektron məlumat bazasının M.F.Axundzadə irsinin araşdırılmasında əhəmiyyətindən danışdılar.

   “Mirzə Fətəli Axundzadə - 200” elektron məlumat bazası da maraqla qarşılandı. Tədbir iştirakçıları dramaturqun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 4.