Sənət
tariximizdən: Hüsnü Qubadov
Fərdi ifa tərzi
ilə muğam sənətinə yeni səs, nəfəs gətirən, onu zənginləşdirən, musiqi
mədəniyyəti tariximizdə özünə görə
xidmətləri olan sənətkarlarımızdan
biri də Hüsnü
Qubadovdur.
Hüsnü Qubadov 1922-ci ildə Ordubadın Disər (Başkənd) kəndində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdığı mühit onda musiqiyə həvəs yaradır. Məhz buna görə də ifaçılığa çox erkən çağlardan maraq göstərir. Ancaq müəyyən səbəblər üzündən musiqi təhsili ala bilmir. Buna baxmayaraq el şənliklərində yaxından iştirak edir. Xalq arasında hörmət qazanır və çox tez tanınır. Sonradan aktyor İbrahim Həmzəyevin yaratdığı dram dərnəyinə üzv olur. Xalq şairi Səməd Vurğunun “Vaqif” dramının tamaşasında xanəndə rolunda çıxış edir. 1958-ci ildə keçirilən respublika musiqi müsabiqəsində uğur qazanır. “Kor ərəbin mahnısı”nı ifa edir və birinci yerə layiq görülür. Həmin uğurlu çıxışdan sonra münsiflər heyətinin sədri, ölməz sənətkar Niyazi “Sənin yerin opera teatrıdır”,- deyir.
1960-cı ildə Ordubad rayonundan deputatlığa namizədliyi irəli sürülən bəstəkar Səid Rüstəmovun seçicilərlə görüşü olur. Görüşdən sonra keçirilən konsertdə Hüsnü Qubadov da oxuyur. Səid Rüstəmov onun səsinə heyran qalır və özü ilə Bakıya gətirir. Elə həmin il xanəndə Azərbaycan Dövlət Opera və Balet Teatrında işə düzəlir.
Səhnədə ilk rolu rejissor Soltan Dadaşovun ona etibar etdiyi İbn Salam (“Leyli və Məcnun”) olur. Bundan sonra opera tamaşalarında bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradır. “Əsli Kərəm”də Kərəm, “Aşıq Qərib”də Aşıq Qərib, “Şah İsmayıl”da çapqınçı kimi rolların öhdəsindən məharətlə gəlir.
O, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışdığı otuz ildə görkəmli sənətkarlardan Zeynəb Xanlarova, Bəkir Həşimov, Rübabə Muradova, Mais Salmanov, Rəsmiyyə Sadıqova, Arif Babayev, Kamil Hüseynov kimi sənətkarlarla eyni səhnəni paylaşıb. Dost və yoldaşları arasında xoş rəftarı, səmimiyyəti və xeyirxahlığı ilə seçilib. Haqqında söz düşəndə sənət dostları bu gün də onu xoş xatirələrlə yada salırlar.
Hüsnü Qubadovun ata-babası da musiqiçi olub. İfaçılıq istedadı bu
nəsildə irsən
yaşayır. Musiqi sevgisi
ondan da övladlarına keçir.
O, 1949-cu ildə ailə
qurmuşdu. İki qız, üç
oğul atası idi. 60-cı illərdə o, övladlarını
da özü ilə el şənliklərinə
aparardı. Nədənsə
sonradan övladlarını
bu yoldan çəkindirməyə çalışır...
Məlahətli
səsi ilə insanın hiss və duyğularına güclü
təsir edən Hüsnü Qubadov ömrünün 32 ilini sənətə - opera teatrına
həsr edir. Onun ifasında “Şuşa yaylağı”,
“Üç telli durna”, “Naxçıvan”, “Ceyran” və s. mahnılar da hər dəfə böyük tamaşaçı
kütləsi tərəfindən
sürəkli alqışlarla
qarşılanıb. Maraqlı
ifa tərzi ilə tamaşaçı
və dinləyici qəlbinə hakim kəsilməyi
bacarıb...
O, 1992-ci il avqustun 13-də dünyasını dəyişib.
Həmin gün övladlarına deyir ki, axşam evə bir az tez gəlin.
Özü isə səhər-səhər
Nəriman Nərimanov
parkında gəzintiyə
çıxır. Orada qəfildən
halı pisləşir.
Dostları onu evə gətirirlər. Tələsik təcili yardım çağırırlar. Həkim gəlir, ilk tibbi yardım göstərir.
Həyatın sonunun çatdığını hiss edən sənətkar astadan bir ağız
zümzümə edir.
Bir az
ara verir, sonra gözlərini əbədi yumur.
O, Naxçıvan
Muxtar Respublikasının
“Əməkdar artist” fəxri
adına layiq görülmüşdü.
Ordubad
rayon musiqi məktəbi
onun adını daşıyır. Cismən
dünyasını dəyişsə
də, əziz xatirəsi sənətsevərlərin
qəlbində yaşayır...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 30 noyabr.- S. 11.