Yaşayan nur - əbədi təbəssüm

 

   Bəşəriyyətin dilində bir söz var ki, ondan zədəli, təsirli, ən əzazil tiranları belə diksindirən kəlmə yoxdur. Zaman-zaman bu kəlməni yumşaltmağa, idiomatikləşdirməyə çox çalışıblar. Ancaq “üstündə Əzrail tükü olanbu anlayışın xofunu azaltmağa kimsənin gücü yetməyib. Deməli, hökm Tanrınındır!!!

  

   Ömrünbudaq sındıran” vədəsi

  

   2012-ci il noyabrın 22-də mədəniyyət tariximizin HƏMİŞƏ YAŞAR NUR-u Tanrının rizası ilə haqq dünyasına qovuşdu. Payızın bar-bəhərinin bu hadisə ilə qətiyyən əlaqəsi yoxdur. Yaşar Nuri sənətinin “budaq sındıran” illəri olsa da, ömrünün nə xəzan, nə də qış çağı idi...

   Səhnə bir çuxur, o da dumduru suya bənzəyirdi. Su axıb çuxurunu tapmağına sevinmək əvəzinə, çuxur suya qovuşmağından fövqəladə məmnunluq hissi yaşayırdı. “Su qaba girib içməli olmuşdu” (“Bəyin oğurlanması”). Bu məmnuniyyət bir-iki il sürməmişdi. Nə az, nə çox, tam bir millətin mövcudiyyət sonsuzluğu qədər ömür qazanmışdı.

   Vaxtilə Məmməd Araz yaradıcılıq prinsipini ifadə edərkən “Ölə-ölə yazmıram, Yaza-yaza ölürəm!” - demişdi. Yaşar Nuri də səhnədə, çəkiliş meydançalarında yaratdığı obrazların dünyasını, psixoloji sarsıntılarını, təlatümlərini özü də yaşadı, xalqına da yaşatdı. “Batan bir günəşin, solan yarpağın, quruyan çeşmənin, sönən ocağın dərdini-qəmini qəlbə salmadan” (B.Vahabzadə), çoxumuzun dərdinə ortaq olmadan necə sənət qoya bilərdi ortaya?! Yaxud da xalqını sənət bəzminə, həzzinə dəvət edə bilərdimi?!

   Yaşar Nurinin sənət taleyi yollarda yazılırdı: gah maşın yolu, gah dəmir yolu, gah da hava yolu. “Ömrün yolları”, “Qatarda”, “Yollar görüşəndə”, “Əzablı yollar”... Məgər incə sənətin yolunda əzab, həyəcan olmurmu?! Başına gəlməyən “” qalmamışdı. O, müxtəlif zaman və məkanlarda “Musiqili xaşa qonaq olmuş, “Kökdən düşmüş pianonun harayına getmiş, “Dəli yığıncağı”ına düşmüş, “Quşu uçan budaqlar”ın nisgilini yaşamış, “Qətl günü” və “Bəyin oğurlanması”nın “şahid”inə çevrilmişdi. Ancaq bütün bu “məşəqqət”lərə baxmayaraq, sənətsevərlərə, xalqına “Subaylarınızdan görəsiniz!” - deyə xeyir-dua da verməyə macal tapmışdı.

  

   Nəsillərə çatacaq sənət yükü

  

   ...Teatr aləminin çoxəsrlik ənənəsinə görə tamaşalar haqqında nümayişdən öncə afişalarda, mətbuat səhifələrində qısa da olsa, məlumat verilir. Ancaq noyabrın 22-də, payızın ümidlərinin tükəndiyi bir vaxtda qəfildən göstəriləcək tamaşa üçün heç bir sənət adamı məşq etməmişdi. Səhnədə isə tək o vardı - Yaşar Nuri... Mədəniyyətimizin həmişə YAŞAR sənətkarı 61 illik ömrünün 50 ilində dəvə karvanlarının apara biləcəyi, gələcək nəsillərə, yüzilliklərə çatacaq qədər böyük “sənət yükü” toplamışdı... Bəlkə də ənənəvi teatr mövsümünə “yubanmağın” bədəli üçün bu qədər hazırlaşmışdı.

   Bu dəfə Yaşar Nuri səhnədə tək idi. Tamaşaçıların, pərəstişkarlarının sayı-hesabı yox idi. 50 illik sənət imtahanın nəticələri təntənəli şəkildə elan olunacaqdı... Sənətsevərlərə ötəri qaşqabaq, əbədi təbəssüm bəxş edən sənətkara yenə alqış!.. Vaxtilə Elçinlə Gülnarın fərqli-fərqli ünvanlarda ağlatdığı adamlar birlikdə ağlamaq üçün indi nəhəng bir “məbəd”ə yığışmışdı...

  

   Həyat adlı səhnə bitdi...

  

   Ədəbiyyat səhnəmizin böyük sənətkarı Mirzə Ələkbər Sabir ömrünün sonlarında tənqidçi Hacı İbrahim Qasımovla söhbətində demişdi ki, ətimi və qanımı xalqımın yolunda qoydum. Ömür vəfa etsəydi, sümüklərimi də bu yolda qoyardım. Yaşar Nuribu amallarla yaşadığını isbatladı. Yaşadığı talelərin iztirabı, bəlası onun daüzü qarə ciyəri”ndə zühur oldu. Yaşar Nuri “qız cehizi kimi bitməyən” sənət amallarının arxasınca baxdı, baxdı, Tanrının verdiyi nadir istedadın qarşısında edəcəklərindən yana təsəlli ala bilmədi.

   İstedadlı şair Rahil Tahirlinin yazdığı kimi,

  

   Həyat adlı səhnə bitdi,

   Araya pərdə düşdü...

  

   Gözü yaşlı adamların bir nigarançılığı da vardı. Yaşar Nuri sənət əmanətini kimə etibar edirdi?! Ancaq təsəllimiz ondadır ki, görkəmli sənətkarın ustad dərslərinin hamısı ciddi qorunur. Dərslərdə şəxsən iştirak etməsə də, on illər öncə dediyi “mühazirə”lərin bir hərfinə (kadrına) də dəyilməyib... Rəbbimiz yeni “səhnə” həyatında yardımçısı olsun!..

  

   Fariz Yunisli

 

   Mədəniyyət.- 2012.- 30 noyabr.- S. 11.