Gəncə və Lənkəran rəssamlıq məktəblərinin sərgisi

 

   Noyabrın 29-da «LN Art» İncəsənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəblərinin müəllim və şagirdlərinin rəsm və dekorativ sənət işlərindən ibarət sərgi açıldı.

  

   Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev tədbiri açaraq sərgi barədə məlumat verdi.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycanda xüsusi istedada malik uşaqların estetik tərbiyəsi, yaradıcılıq potensialının inkişafı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva istedadlı uşaqlarımıza hər zaman qayğı göstərirlər: «İstedadlı uşaqlar xüsusi Prezident təqaüdünə layiq görülürlər, adları Azərbaycanın “Qızıl kitabı”na yazılır. Ölkəmizdə fəaliyyət göstərən orta təhsil məktəbləri, rəssamlıq və musiqi məktəbləri təmir olunur, ən müasir texnologiyalarla təmin edilir. Hazırda respublikamızda 238 musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Onların arasında Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəbləri xüsusi yer tutur. Bu məktəblərin yetirmələri müxtəlif sərgilərdə, beynəlxalq müsabiqələrdə yüksək yer tuturlar. Bu günburada onların əl işləri nümayiş olunur. Rəsmlərə baxanda onların nə qədər peşəkarlıqla ərsəyə gətirildiyi diqqəti cəlb edir. Mən hər iki məktəbin şagirdlərini təbrik edirəm və onlara yaradıcılıq uğurları arzulayıram».

   Nazir müavini bildirdi ki, ötən sərgilərdə olduğu kimi, bu sərgidə də nümayiş olunan rəsm və dekorativ sənət işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kataloq şəklində çap olunaraq sərgi iştirakçılarına paylanacaq.

   Sonra Sevda Məmmədəliyeva Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəblərinin rəhbərlərinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanlarını təqdim etdi.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, sərgi yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, təsviri və dekorativ sənət sahəsində bacarıqlı gənclərin üzə çıxarılması və bu sahəyə marağın artırılması məqsədilə təşkil edilib.

   Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Adil Əsədli sərgidə təhsil ocağının müəllim və şagirdləri tərəfindən hazırlanmış 80-ə yaxın dekorativ və tətbiqi sənət nümunəsinin nümayiş etdirildiyini söylədi. Onun sözlərinə görə, bu il Lənkəran rəssamlıq məktəbinin 30 illik yubileyi qeyd olunur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən belə bir sərgi təşkil olunub.

   Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov isə sərgidə 40 şagirdin və 7 müəllimin 64 əsərinin nümayiş olunduğunu diqqətə çatdırdı. Direktor qeyd etdi ki, uşaqların incəsənətə çox böyük marağı var. Onun sözlərinə görə, hazırda məktəbin 30 məzunu Bakı, Sankt-Peterburq, Xarkov və digər şəhərlərdə rəssamlıq məktəblərində təhsil alır.

   Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada ümumilikdə 150-dən çox rəsm və dekorativ sənət işi nümayiş olunur. Sərgi noyabrın 30-da yekunlaşacaq.

  

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 30 noyabr.- S. 8.