İstedadlı və
yaradıcı gənclərin II Respublika
toplantısı
Forumun kino, teatr, ədəbiyyat istiqamətləri üzrə plenar iclası maraqlı müzakirələrlə yadda qaldı
Xəbər verdiyimiz kimi, Bakıda Gənclər
və İdman Nazirliyinin
təşkilatçılığı, Mədəniyyət
və Turizm, Təhsil nazirliklərinin və
Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə
istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı keçirilir.
Noyabrın 28-də “JW Marriott Absheron” hotelində forumun kino, teatr, ədəbiyyat
istiqamətləri üzrə plenar
iclası oldu.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azərinin moderatoluğu ilə keçirilən iclasda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid, tanınmış aktyor və teleaparıcı Murad Dadaşov mövzu ilə bağlı çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Mədəniyyətin təbliğində gənclərə böyük etimad göstərilir
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yaradıcı gənclərin respublika toplantısının əhəmiyyətini qeyd etdi. Ölkəmizdə mədəniyyət və incəsənətin bütün sahələrinin inkişafına dövlət qayğısı göstərildiyini vurğulayan nazir müavini bu xüsusda gənclərə də geniş meydan verildiyini dedi: “Biz müstəqilliyimizin 20 ili ərzində təxminən 70-ə qədər ölkədə mədəniyyət günləri, mədəniyyət həftələri və buna bərabər tədbirlər keçirmişik. Bu tədbirlərdə gənclər də fəal iştirak edirlər. Onlara böyük etimad göstərilir”.
Teatr sənətinin inkişafından danışan Ədalət Vəliyev dövlət tərəfindən bu sahəyə böyük qayğı göstərildiyini bildirdi: “Bu baxımdan Azərbaycan dünyanın bir çox ölkələrinə nümunə ola bilər. Son 5 ildə teatr sənəti ilə bağlı iki mühüm sənəd imzalanıb. Onlardan biri - “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatr sənətinin on illik inkişaf proqramını əhatə edir. İcrası davam edən proqram indiyədək bizə nə verdi? Bu proqrama əsasən teatrların maddi-texniki bazaları gücləndirildi. Beynəlxalq teatr festivalları təşkil olundu. Ali məktəbi təzəcə bitirmiş gənclər dövlət sifarişi ilə tamaşalar hazırlamağa başladılar. Gənclərimiz teatr tariximizdə ilk dəfə olaraq xarici ölkələrə ixtisas kurslarına cəlb olundular. 35-ə qədər gəncimiz işıqçı, dekorator və s. peşələr üzrə xarici ölkələrə, MDB məkanında inkişaf etmiş teatrlarda ixtisaslarını artırdılar”.
Azərbaycan teatrları tamaşaçı problemi yaşamır
Nazir müavini teatra gələnlərin sayı ilə bağlı suallara aydınlıq gətirdi: “Burada müəyyən fikirlər səsləndi ki, teatrlara gediş-gəliş azdır. Amma mən əminliklə deyə bilərəm ki, Azərbaycan teatrları bu gün artıq tamaşaçı problemi yaşamır. Hər kəs istədiyi vaxtda, zamanda evində internet vasitəsilə teatr tamaşası üçün bilet sifariş edə bilir. Bu gün tamaşaçılar teatrlara həvəslə gedir. SSRİ dövründə teatrlarda tamaşaçı zalının dolma planı 60 faiz götürülürdü. Azərbaycan teatrlarında isə bu göstərici, orta statistik rəqəmlərlə ifadə etsək, 70-80 faiz təşkil edir. Bu 500 nəfərlik zalda 400 tamaşaçı deməkdir. Hətta bu gün özünün stasionar binası olmayan Şuşa və İrəvan Dövlət Azərbaycan Teatrları belə qastrollar, səyyar tamaşalar nümayişi ilə nümunəvi fəaliyyət göstərirlər. Gənclərin teatrlara marağı var. Sadəcə, onları daha da həvəsləndirmək, təbliğat işlərini daha da genişləndirmək lazımdır.
Burada gənclər tərəfindən təkliflər səsləndirildi. Biz bütövlükdə Azərbaycan gəncliyinin layihələrinə dəstək göstərməyə hazırıq”.
Nazir müavini Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin sualına cavab olaraq bildirdi ki, təhsil ocağının bütün tələbələri nazirlik sistemində olan bütün teatrlara tələbə bileti ilə pulsuz giriş imkanına malikdirlər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkədə əhalinin böyük bir hissəsini gənclərin təşkil etdiyini, onların böyük yaradıcı potensialı olduğunu bildirdi: “Gənclərimiz çox yaxşı bir dövrdə yaşayırlar. Bizim vaxtımızda gənclərə bu qədər imkanlar yaradılmırdı. Mən gənclərlə mütəmadi təmasdayam. Bu gün gənc rejissorlara, gənc aktyorlara teatrlarda geniş imkanlar yaradılır. 2000-ci ildən etibarən ildən-ilə tamaşaların da, tamaşaçıların da sayı artır. Düşünürəm ki, bütün sahələrdə gənclikdən yararlanmaq lazımdır”.
Kino sahəsində islahatlar davam edir
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino sahəsində aparılan islahatlardan da danışdı: “Artıq bir neçə aydır ki, Nizami Kino Mərkəzi fəaliyyət göstərir. Onun bir zalında davamlı olaraq Azərbaycan filmləri nümayiş olunur. İkinci bir zal dünya kino ulduzlarının retro filmlərini təqdim edir. Yaxın gələcəkdə bu istiqamətdə də yeniliklər olacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yenidənqurma işləri görüləcək. Kino eyni zamanda pul qazandıran biznesdir. İş adamlarımız bu sahəyə maraq göstərməlidirlər. Bu gün 51 rayonda 150-dək mədəniyyət sarayı var. Onların imkanları var ki, filmlərimizi də nümayiş etdirsinlər. Bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qurumun fəaliyyətində gənclərlə işə böyük önəm verildiyini bildirdi: “İttifaq gənclər arasında kinossenari müsabiqəsi elan edib. Bütün səylərimizi kinonun gəncləşməsi və dünya miqyasına çıxması üçün səfərbər etmişik”.
Gənclər özlərini təsdiq etməlidirlər
Yazıçılar Birliyinin katibi Rəşad Məcid Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən “Gənc Ədiblər Məktəbi” layihəsindən söz açdı: “Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin bu layihəsi çox uğurlu oldu. İstedadlı gənclər tanınmış ədiblərin iştirakı ilə ustad dərslərində, məşğələlərdə iştirak etdilər. Bu məktəbin 50-ə yaxın məzunu diplom aldı. Yaradıcı adamlar, gənclər üçün potensialını üzə çıxarmaq heç vaxt bugünkü kimi asan olmayıb. Bu şərait, eyni zamanda, geniş rəqabət imkanı yaradır. İstənilən gəncin əsərlərini çap etdirmək üçün çox münbit şərait var. Gəncin özünü təsdiq etməsi isə istedadla, öz üzərində çalışması ilə bağlıdır. Yaradıcı insanlar daima axtarışdadırlar. Belə toplantılar gənclərin bir-birilərini tanımasına kömək edir. Tanışlıq yaranır, əməkdaşlıq qurulur, ortaya gözəl bir mədəni, ədəbi layihə çıxır”.
Mədəniyyətin təbliğində medianın rolu
Toplantıda mədəniyyətin
təbliğində kütləvi informasiya
vasitələrinin rolundan da
ətraflı bəhs edildi. Mədəniyyət
və İncəsənət Universitetinin
prorektoru Rafiq
Sadıqov televiziyaların bu istiqamətdə
fəaliyyətinin qənaətbəxş
olmadığını vurğuladı: “Vaxtilə Azərbaycan
televiziyalarında yeni tamaşaların
müzakirəsi keçirilərdi. Onlar teatr sənətinin inkişafında
böyük rol oynamaq imkanına malik olsalar da,
buna can
atmırlar. Daha çox şou
proqramlar təqdim edirlər. Amma yaxşı ki, “Mədəniyyət” və
“525-ci qəzet” kimi mətbu orqanlarımız
var. Mən xüsusi olaraq bu iki
qəzetin adını
ona görə çəkdim ki, həmin nəşrlərin
hər nömrəsində
incəsənətin müxtəlif
növlərinə aid maraqlı
yazılar təqdim olunur ki, biz abunə xətrinə yox, böyük həvəslə bu qəzetləri alırıq”.
Tanınmış
teleaparıcı və
prodüser Murad Dadaşov gəncləri mətbu orqanlar, televiziyalar, o cümlədən
“Mədəniyyət” telekanalı
ilə fəal əməkdaşlığa çağırdı:
“Düşünürəm ki, gənclər mədəniyyət sahəsində
hər hansı ideya, maraqlı layihə təqdim etsələr, bu maraqla qarşılanar. Çünki hər bir kanal yeni nəfəs,
yeni düşüncə
axtarışındadır. Kinoteatrlarla bağlı bir məqamı da vurğulamaq istərdim ki, bu gün
bu mədəniyyət
ocaqları dünyada əsasən ailə-istirahət
mərkəzləri kimi
fəaliyyət göstərirlər.
Azərbaycanlı sahibkarlar da
bu işə maraqlı olmalıdırlar.
Gənclərlə bağlı isə
deyə bilərəm
ki, yaradıcı insanların öz istedadını nümayiş
etdirmək üçün
indi geniş imkanlar var. Düşünürəm
ki, bu ictimai
müzakirələr də
çox faydalı olacaq. Mədəniyyət sahəsində çalışan
gənclər daha fəal olmalıdırlar.
Biz prodüserlər, özəl şirkətlər
istedadlı gənclərin
yeni ideyalarını gerçəkləşdirməyə hər zaman dəstək verməyə
hazırıq”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 30 noyabr.- S. 6.