Mədəniyyət və Turizm Nazirliyində Küveyt nümayəndə heyəti ilə görüş keçirilib

 

Noyabrın 27-dən dekabrın 2-dək Azərbaycanda keçirilən Küveyt Dövlətinin Mədəniyyət Günləri ilə əlaqədar Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. “Mərkəz”in APA-ya istinadən verdiyi xəbərə görə, bu gün Mədəniyyət və Turizm Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, nazirlik olaraq ölkədə mədəniyyət və incəsənətin müxtəlif sahələri - teatr, kinematoqrafiya, kitab, poliqrafiya, musiqi, turizm və digər sahələr üzrə mühüm işlər görülür: “Azərbaycanda mədəniyyət prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gündəlik şəxsi diqqət və qayğısı ilə əhatə olunub. Bundan əlavə, ölkə mədəniyyətinin inkişafına müxtəlif beynəlxalq təşkilatlar da böyük maraq göstərir. İnanırıq ki, Azərbaycan Küveytlə də mədəniyyətin bir çox istiqamətləri üzrə birgə layihələr həyata keçirərək əməkdaşlıq edə bilər. Ölkədə Küveyt Mədəniyyət Günlərinin keçirilməsi də bu əməkdaşlığa daha da geniş töhfələr verəcək”.

Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn əl-Yuhan isə Azərbaycanla Küveyt arasında uzunmüddətli mədəni əlaqələrin mövcud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində onlar ölkənin müxtəlif fəaliyyət istiqamətləri ilə tanış olacaq. Qonaq əlavə edib ki, mədəniyyət günlərinin sonunda ikitərəfli sazişin imzalanması da mədəni əməkdaşlığın sonrakı inkişafına əlavə stimul yaradacaq.

Qeyd edək ki, dekabr ayının 2-dək davam edəcək Küveyt Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd əs-Sabahın ölkəmizin Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş “Məni günəşə apar” adlı şeirlər kitabının təqdimatı, həmçinin iki ölkə rəssamları, yazıçıları və şairləri musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub

 

 

Mərkəz.-2012.-30 noyabr.-S.-14.